adalet.az header logo
  • Bakı 12°C
26 Aprel 2016 17:38
7600
MƏMLƏKƏT
A- A+

Beynəxalq İnformasiya və Tədqiqatlar İnstitutu bəyanat yaydı

Ermənistan ordusunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində həyata keçirdiyi təxribatla bağlı

BƏYANAT

Artıq iki onillikdən də çoxdur ki, ölkəmizin ərazi bütövlüyü işğalçı Ermənistan dövləti tərəfindən pozulub, torpaqlarımızın 20% - i işğal olunub. Bu günə kimi ermənilər dəfələrlə atəşkəsi pozub, dinc sakinlərimizi və hərbi qulluqçularımızı şəhid ediblər. Son günlər intensivləşən atəşkəsin pozulması halları işğalçı rejimin Azərbaycan ordusunun gücü, xalqımızın iradəsi qarşısında ciddi qorxu içində olduğunun bariz göstəricisidir. İşğalçı və kriminal ünsürlərdən meydana gələn Ermənistan iqtidarı bütün mövcud vasitələrdən və riçarxlardan istifadə edərək hər vəchlə atəşkəsi pozur və çıxılmaz vəziyyətdə olduğunu ört-basdır etməyə çalışır.

Geosiyasi maraqlar üzərində hadisələrə ikili standartlarla yanaşan əksər beynəlxalq qurumların bu gün fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz. Elə bu fəaliyyətsizlik ucbatındandır ki, işğalçı Ermenistan rejiimi BMT və digər beynəlxalq qurumlar tərəfindən qəbul olunan qərarlara qətiyyən məhəl qoymur, tez – tez silahlı qüvvələrin təmas xəttində təxribatlar törədirlər.

Aprelin 25 – dən 26 – na keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya ve tanklardan atəşə tutması faktının özü belə onun bariz göstəricisidir ki, işğalçı Ermənistan rejimi Azərbaycan dövlətinin məsələnin sülh yolu ilə həll olunması ilə bağlı atdığı bütün addımlara məhəl belə qoymur və heç qoymaq niyyətində də deyil.

Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu olaraq hesab edirik ki, bütün bu təxribatların və işğalçılıq əməllərinin məsuliyyəti birmənalı şəkildə Azərbaycan Respublikasının 20 % torpaqlarının 25 ilə yaxındır işğal altında olmasının və 1 milyondan çox insanımızın qaçqın şəraitində yaşamasının, minlərlə dinc əhalimizin qətlə yetirilməsinin baiskarlarından olmuş Ermənistanın bugünkü cinayətkar siyasi rəhbərliyinin və onların göstərişi ilə təmas xəttində növbəti təxribatçılıq əməllərini törədən Ermənistan silahlı qüvvələrinin üzərinə düşür. Regionda sülhün, əminamanlığın və sabitliyin tərəfdarı olanlar bunu bir mənalı şəkildə bilməlidirlər ki, bölgədə sülhün təmin olunması yalnız ermənilərin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etdikləri vaxt mümkün ola bilər. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman barışmayacaqdır!

Ermənistanın hazırki siyasi rəhbərliyinin beynəlxalq hüquqa, BMT-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması və münaqişənin həll olunması ilə bağlı qətnamələrinə, münaqişənin sülh yolu ilə həll edilməsinə cəlb edilmiş dövlətlərin cağırışlarına məhəl qoymayaraq açıq şəkildə beynəlxalq sülhü təhdid edən hərəkətlərini ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsinin özü Ermənistanda hakimiyyəti zor gücünə zəbt etmiş cinayətkar Serj Sarkisyan siyasi rejiminin nəinki bölgə üçün, eləcə də dünya üçün təhlükə olmasının daha bir sübutudur.

Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu Ermənistan ordusunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində həyata keçirdiyi təxribat əməllərini qətiyyətlə pisləyir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması yönündə ölkə prezidentinin siyasi kursunu dəstəklədiyini bildirir.