ANA SƏHİFƏ / YAZARLAR

4 gün və sonra - Hidayət Elvüsal

Hidayət Elvüsal

51780    |   2016-04-26 15:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Ordusunun aprelin ilk 4 günündə yazdığı tarix yeni, daha yeni bir dövrün başlanğıcı oldu. Rus ordusunun gücü ilə işğal etdiyi torpaqlarda meydan sulayan ermənilər həqiqətlə, reallıqla üz-üzə gəldilər. Məğlub oldular və ordumuzun qarşısında nə qədər zəif, cılız olduqlarını anladılar. Azərbaycan xalqının qələbə əzmi bütün dünyanı silkələdi.

Bütün bunlar öz yerində. Hamı hər şeyi gördü, bildi, şahid oldu. Məqsədimiz bəzi xırda görünən məsələlərə sadəcə olaraq boylanmaqdır.

Elə həmin günlərdə TV-lərin birində gənc bir həmkarımız bəstəkarları, şairləri "yıxıb-sürüdü”. Məhz həmin gün yeni, patriotik mahnılar, şeirlər, az qala simfonik əsərlər, süitalar istədi. Belə nümunələr yoxmuş kimi efirdən hər kəsi danladıqca, danladı.

Qardaşım, 4 gündən əvvəl kifayət qədər musiqi nümunələri, şeirlər yazılıb. Xəbərin yoxdu? Mütləq həmin günlər simfonik əsərlər tələb edirsənsə, səbrli ol. Həmin günlərin simfoniyasını Azərbaycan əsgəri, Azərbaycan xalqı coşqu ilə, ilhamla yazdı. Eşitmədin?!

O ki qaldı yeni əsərlərə, burada haqlısan. Mütləq yazılacaq. O qələbə günlərinin təəssüratı öz işini görüb. Yeni musiqilər, şeirlər eşidib, oxuyacağıq. Amma səviyyəsiz, şou qınamalarında haqlı deyilsən. Elə sənin o odlu-alovlu çıxışından az sonra həmin TV-də səviyyəsiz proqramlar ardarda düzüldü. Şoular baş alıb getdi. Yəni, qardaşım, SÖZ xatirinə söz deməyək. Nöqtəni, ya nida işarəsini qoyursunuz, çox keçmədən məlum olur ki, sual altındasınız, boğazdan yuxarı danışmaq, vətənpərvərlik deyil.

Başqa bir TV-də xanım əfəndi xəbər oxuyur: "Əsgərlərimiz Lələdağ” deyilən təpəni və Talış kəndi yaxınlığındakı yüksəkliyi ƏLƏ KEÇİRİBLƏR (?).

Yox! Bizim əsgərlərimiz o yüksəklikləri ƏLƏ KEÇİRMƏYİBLƏR, ay xanım, AZAD EDİBLƏR!!! "Ələ keçirmək” işğal ifadəsidir. Ermənilər bizim torpaqları ƏLƏ KEÇİRİBLƏR, biz isə o torpaqları AZAD ETMİŞİK!

Bir-iki kəlmə də Aqil Abbas haqqında demək istəyirik. Son vaxtlar ona qarşı haqlı və haqsız hücumların sayı artıb. Aqillə barışdığımız və barışladığımız onlarla, yüzlərlə məsələ var. Bəzən az qala qırğına çıxırıq. Amma onun bir çıxışının mətnindən pamidoru, sobanı çıxarıb hallandırmaq ədalətli deyil - bu mənim fikrimdir və hər kəsin mövqeyinə də hörmətlə yanaşıram. Aqil Abbas ideal bir insan deyil, tənqid olunası cəhətləri də mövcuddur. Amma…

Amma Aqil Abbasın Vətən, torpaq sevgisini şübhə altına almaq riyakarlıqdır. Tanıyanlar, ən çox da döyüşən oğullar Aqili həmişə öz yanlarında görüblər, gedin soruşun. Bu adam az qala 25 ildir ki, canını, həyatını bu yolda qurban verib. Səngərdə yatıb, güllə yağışına düşüb, ailəsinin-uşağının boğazından kəsib, əsgərlərimizə yardım edib, bunu heç kəs dana bilməz.

O ki qaldı kimlərsə aprel 4 günlüyündə guya Aqilin qorqub gizlənməsini, döyüş zonasına sonradan getdiyini iddia etməsinə, uydurmadır, yalan danışırlar. Həmin günlər döyüşə gedəsi tankı öpən Aqili görüblərmi? Yox! Onlar orada deyildilər. Bəs, Aqilin həmin o tankçılara verdiyi mükafatdan necə, xəbərləri varmı? Əlbəttə, yox!

Aqil Abbas anasından qalan müqəddəs bir yadigarı o əsgərlərə mükafat olaraq verdi. Solmaz xanımın (məzarı nurla dolsun) üzüyünü deyirəm. Bəlkə də yeri deyil, amma deməsəm olmur, o üzük çox qiymətli, çox müqəddəs olduğu qədər də…

Yox, deməyim, indi də bunu yüz yerə yozacaqlar. Üzüyün məhz kimə çatacağı isə həmin tankın şəxsi heyətinin öhdəsində idi. Öz aralarında kimi layiq bilsələr, üzük ona çatacaqdı və çatdı!

Möhtəşəm qələbələr fonunda sözümüzü, özümüzü itirməməliyik. İrəlidə bizi daha böyük uğurlar gözləyir. Xırdalıqları, dedi-qoduları bir tərəfə tullamalıyıq. Hamımız öz işimizdə əsgər olmalıyıq.

Qələbəni ƏSGƏR olan XALQ qazanır!

P.S. Məhz həmin ərəfədə Aqil Abbasın ad günü idi. Onu həm doğum günü, həm də QƏLƏBƏ münasibəti ilə bir daha təbrik edirik.





İmza:

YAZARIN ARXİVİ

2018-02-17 : Şeytan
2018-01-25 : Pəhləvanlar
2016-08-20 : "CENTLMENLƏR"
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK