adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

QARABAĞDA ŞƏHİD OLAN TALIŞLARIN RUHUNA

AQİL ABBAS
298337 | 2016-04-28 20:14

Son zamanlar ortaya bir talış söhbətiatıblar, xüsusilə sosial şəbəkələrdə. Geniş müzakirələr gedir. Xaricdə yerləşən,hansısa dövlətlər tərəfindən maliyyələşən səhifələr bu məsələni daha geniş fırladır, xalqları üzbəüzqoymağa çalışırlar.

Ermənistan lap canıyanan çıxıb. Talışca bir televiziya açıb, bir radio açıbvə Azərbaycanın əleyhinə, Azərbaycançılıqəleyhinə geniş bir təbliğat aparır. Yuxaqulağısulayanlar da tapıblar. Söyüşlər,təhqirlər… Bir sözlə, ilana ağ verənlər kef eləyir. Azərbaycan türküylə, talışıyla,ləzgisiylə, kürdüylə, yəhudisiylə, rusuyla, tatıyla, avarıyla, inqiloyuyla bir çələngdi.Bu çələngdə hər xalqın öz ətri var. Və Azərbaycanınmüstəqiliyində, inkişafında da hər xalqın öz qatqısı var. Və bu çələngi dağıtmağa indiyədək kimsənin gücü çatmayıb, indən belə də çatmayacaq.

Bir ara ləzgiləri ayağa qaldırmaq istədilər, «SADVAL» yaratdılar və arxalarında böyük güclər olsa da aldıra bilmədilər. Ləzgi xalqı o separatçıların arxasınca getmədi, Ulu Öndərin ardınca getdi.

Əlikram Hümbətov xarici güclərin dəstəyiilə Talış-Muğan Respublikası yaratdı, amma yenə aldıra bilmədilər. Talış xalqı Əlikramınardınca getmədi, Ulu Öndərin ardınca getdi.

Həm də ona görə aldıra bilmədilər ki, dini bir, adət-ənənəsi bir , tarixi,mədəniyyəti bir olan və bir-birinə qaynayıb-qarışmış, min bir yerdən qohumluq əlaqələri olan xalqları üz-üzə qoymaq mümkün deyil.

Arada bir kürd söhbəti də salmaq itstədilər, o da alınmadı. Alınmaz da.

1918-ci ildə Azərbaycan müstəqillik qazananda bu müstəqillik uğrunda bu xalqlarbir yerdə mübarizə aparmışdı. Və imperiyaorduları erməni kölələri ilə bərabər Azərbaycanda soyqırım törədəndə baxmamışdıbu türkdü, talışdı, ləzgidi, yəhudidi, kürddü, tatdı.

20 Yanvarda da imperiya tanklarının qarşısına bu xalqlar birgə çıxmışdılar, özü dəəliyalın.

Çünki Vətən bölünmür. Bu Vətən həm türkündü, həm talışındı, həm ləzginindi, həm yəhudinindi, həm tatındı…

Qarabağ savaşındadöyüşənlərin və şəhid olanların 80 faizikönüllü idi. Ailələrini, evlərini-eşiklərini, övladlarını atıb öz ciblərinin puluna aldıqlarısilahlarla Qarabağa gəlib bu Vətən naminə erməni işğalçıları ilə vuruşurdular: kürdü ilə, talışıilə, ləzgisi ilə, yəhudisi ilə, rusu ilə.

Onları heç kəsməcbur göndərməmişdi, yuxarıda qeyd etdiyimikimi, könüllü idi hamısı. Bu Vətənin qeyrətini, namusunu, gələcəyini, hər qarıştorpağını qorumaq üçün gəlmişdilər.

Üstündən keçib,heç bəlkə də sirr deyil, həmin müharibədə demək olar ki, bütün telsizlərdə işləyənlərhamısı talışıydı. Həm kəşfiyyatçılar, həmhərbi hissələr, həm batalyonlar bir-biriylə talış dilində əlaqə saxlayırdılar. Çünkiermənilər Azərbaycan dilini bilirdilər vəbizim danışıqlarımızı telsizlərdə dinləyirdilər.

İndi həmin otalışları, Qarabağda son damla qanına qədər vuruşan talışları, bu torpaqlar uğrundasaysız-hesabsız şəhidlər verən talışları bu dövlətin, Azərbaycanın əleyhinə qaldırmaqmı olar?!

Təbii ki, ortada yuxaqulağı sulayanlarvar. Saxta profillərlə türkləri,türkçülüyü təhqir edənlər və saxta profillərlətalışları təhqir eləyən türklər. Bunlar dabarmaq sayı, uzaqbaşı onların üstünə ayaq barmaqlarını da gəl.

Mənim «Dolu»romanımda, həm də «Dolu» filmində nə heç bir obrazın adı var, hamısı rəmzidi, nə də heç bir rayonunadı çəkilir.

Yalnız bir Lənkəran adı var. Niyə məhz Lənkəran?

Romanda bunageniş yer versəm də, filmdə bircə yerdə qeydolunur ki, Lənkərandan 25 nəfər könüllü gəlib və silahları da var, düzdü, ammaazdı. Yəni silahsız, əli yalın gəliblər Qarabağda savaşmağa –baltayla, dəhrəylə. Necə ki savaş başlayandaelə çoxları baltayla, yabayla, dəhrəylə savaşırdı.

Niyə məhz Lənkəran?O da bir simvoldu, cənub bölgəsinin paytaxtıdıLənkəran. Həm də müharibədə şahidi olduğum bir hadisəyə görə yazdım bunu.

Lənkərandan18 yaşlı bir uşaq bəlkə də evdən qaçıb gəlmişdi Ağdamda vuruşmağa. Qeyrətlə də vuruşurdu,sonra şəhid oldu. Batalyon komandiri Hacı Əkbər Rüstəmovun qucağında can verdi.«Dolu»dakı Pələng kimi! Adətən başqa bölgələrdən olan şəhidləri valideynləriya özləri gəlib aparırdı, ya da döyüşçü yoldaşları aparıb öz el-obalarındadəfn edirdilər.

Həmin lənkəranlıgəncin (çox təəssüf ki, adını unutmuşam.Atası və ya qohum-əqrəbası bu yazını oxuyursa, mənimlə əlaqə saxlasaydılar sevinərdim)

atası gəldi Ağdama. Amma oğlunun nəşini Lənkərana aparmadı. Dedi, şəhid şəhid düşdüyü torpaqda, qanı tökülən torpaqda dəfn olunmalıdır. Və o gənci Ağdam Şəhidlər Xiyabanındadəfn etdilər. Sözgəlişi, Ağdamda üç Şəhidlər Xiyabanı vardı. Və sonra o qeyrət dağarcığıolan gəncin atası Lənkərana dönmədi. Dedi oğlumun silahını verin mənə və qoşuldu oğlu yaşlı gənclərə, girdi oğlunun şəhid olduğu səngərə.Bax, məhz bu mənə Lənkəranın adını yazdırdı romana, çəkdirtdi filmə.

İndi o talışbalasının ruhundan qorxun. Qarabağda şəhid olan yüzlərlə talış oğullarının ruhundanqorxun. Onların ruhu talışları Azərbaycan xalqının üstünə qaldırmaq istəyənləri boğar!


TƏQVİM / ARXİV