adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Aprel 2016 13:55
15276
DÜNYA
A- A+

Tarixin 30 illik canlı fotosu - Çernobıl

Texnologiyanın insana sərt üzünü döndərib geriyə dönüşü olmayan peşmanlığa uğratdığı ən dəhşətli nümunənin – Çernobıl qəzasının 30 yaşı tamam olur. Necə deyərlər, bir igidin ömrü qədər olan tarixin eybəcər üzü hələ bu gün də minlərlə insanın həyatını qaraltmaqdadır. Keçmiş SSRİ-nin hər bir nöqtəsində yaşayan "çernobılçılar” XX əsrin qiyamətini çətin ki unudalar.


Qəzanın tarixi


1986-cı il 26 aprel tarixində Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında güclü nüvə partlayışı baş verdi. Stansiya partlayandan sonra yaranmış radioaktiv bulud təkcə SSRİ-də qərar tutmayıb, Şərqi Avropaya da doğru hərəkət etmişdi. Nəticədə isə "ölüm bulud"u çoxsaylı insan dənizini radioaktiv şüalanmaya məruz qoydu.

Hadisə zamanı 10000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yarandı. Amma ABŞ və Avropa təşkilatlarının hesablamalarına görə bu rəqəmlər həddən artıq azaldılıb, əslində ölənlərin sayı yüz minə qədər olub. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.



Hadisənin baş vermə səbəbi


Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda növbəti yoxlama işləri aparılırdı. Məqsəd elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək idi. Bu olduqca təhlükəli bir sınaq idi. Lakin əvvəllər də belə bir sınağa əl atılmışdı və ortaya hər hansı bir problem çıxmamışdı. Nəhayət, texniki personal nəzərdə tutulanları həyata keçirməyə başladı. Elektrik cərəyanı dövrədən çıxarıldı, 26 aprel saat 01.00-da turbinlərə gedən soyuducu su tədricən azalmağa başladı. 01.23-də operator aztəzyiqli reaktoru bağlamaq istədi. Amma artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və olduqca cüzi bir təsir bağışlayan nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxardı. Bu isə, öz növbəsində, reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlarla müşayiət olundu. Partlayışlar reaktorun xarici aləmlə əlaqəsinə imkan verməyən və onu əhatə edən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksan etdi. Bir andaca dəhşətli buxar və şüalanma, toz qatı onlarla kilometr məsafəni bürüdü. Partlayışla eyni zamanda yanğın da başladı. Yanğını onlarla kilometr məsafədən seyr etmək mümkün idi. İlk anda nələrin baş verdiyini heç kim anlaya bilmədi. Çünki bu, atom elektrik stansiyaları tarixində bu günə kimi rast gəlinməmiş bir qəza idi və onunla necə mübarizə aparılacağını heç kim bilmirdi. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə dərhal vertolyotlar çağırıldı. 9 gün ara vermədən onlarla vertolyot partlayış baş verən 4-cü blokun üzərinə qum, çınqıl və digər maddələr tökdülər. Qısa müddətdə 4-cü blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəldi. Amma yenə də təhlükəli şüalanma davam etməkdə idi. Partlayış baş verən ilk anlardan isə heç bir sərhəd tanımayan radioaktiv şüalanma minlərlə kilometr məsafəni öz təsiri altına aldı və ətrafı radioaktiv tullantılarla çirkləndirdi. Radioaktiv şüalanma hətta hadisə yerindən minlərlə kilometr uzaqlarda olan İsveçdə belə, öz təsirini büruzə vermişdi. Qəzanın aradan qaldırılmasına SSRİ-nin hər yerindən on minlərlə "könüllü" cəlb edilmişdi və onlara bu işin təhlükəli olmadığı barədə dönə-dönə izahat verirdilər. Bu da qəzanın aradan qaldırılmasında iştirak edən yüzlərlə adamın ilk günlərdən güclü şüalanmaya məruz qalmasına yol açdı. SSRİ-də hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdılar. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Bu məsələni nəzarətdə saxlamaq isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına tapşırılmışdı. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar arasında kütləvi şəkildə müxtəlif xəstəliklərin yayılması əhalini təşvişə salmışdı. Nəhayət, əhalinin müəyyən hissəsi xarici radiostansiyaların vasitəsi ilə Çernobıl faciəsinin dəhşətlərindən xəbərdar oldular. May ayının 7-də artıq bütün SSRİ əhalisi Çernobılda dünyanı dəhşətə gətirən bir qəzanın baş verməsindən xəbər tuta bilmişdi. Əhali Ukraynada baş verən hadisələrin gizlədilməsi ilə bağlı açıq narazılığını bildirməyə və qeyri-rəsmi şəkildə dövləti ittiham etməyə başlamışdı. Ukraynada xalqın ayağa qalxa biləcəyindən ehtiyat edən Qorbaçov, nəhayət ki, iki həftədən sonra əsl həqiqətləri, üstüörtülü şəkildə olsa da, etiraf etməyə məcbur oldu. 

Onun bu etirafından sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərin evləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu.


Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edildi. Onlardan 7000-dən çox azərbaycanlı olub. Hazırda onlardan 3500 nəfərdən çoxu dünyasını dəyişib. Rəsmi məlumatlara görə, qəzanın ləğvində iştirak edən minlərlə sovet insanının 15 mini bir neçə ildən sonra dünyasını dəyişdi. Qeyri-rəsmi məlumatlara görə, qəzanın aradan qaldırılmasında iştirak edən təxminən 95-100 min adam məruz qaldığı şüalanma nəticəsində öldü. Xilasetmə işlərində çalışan təxminən 500-550 min adam isə ağır xəstəliyə tutuldu. Onların bir hissəsi artıq dünyasını dəyişib, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqda davam etməkdədir. Bu insanlar əslində ömürlük əzab çəkməyə məruz qoyulan faciə qurbanlarına çevriliblər. Qeyd edək ki, qəza zonasında xilasetmə işlərində çalışan 650 min adamdan başqa, fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. Bu gün şüalanmaya məruz qalan insanlardan dünyaya gələn uşaqlar içərisində xərçəng və müxtəlif xəstəliklər tüğyan etməkdədir. Onların çoxunu labüd ölüm gözləyir və bu, yüz illər boyu zəncirvari şəkildə öz təsirini göstərəcək.

Çernobıl qəzası və qəzadan sonrakı şəhərin mənzərəsi illərdir dünyanın marağındadır. Bəli, məhz maraq insanı ən qorxunc səfərlərə belə sürükləyir. Bütünlüklə boşaldılmış, və "ruhlar şəhəri” adlandırılan bu şəhəri görmək istəyən xeyli insan var, maraq isə ildən-ilə artmaqdadır. Bir vaxtlar kütləvi ölümə yol açmış, ölkəyə maddi ziyan vurmuş bu qəza indi Ukraynaya əməlli-başlı gəlir gətirir, təbii ki turistlərin sayəsində… İnsanları bura çəkən şəhərin təkcə boz görüntüsü deyil, tarixin donub qalmış şəklidir. Burda hər şey 30 il öncəki kimi qalıb. Sovet ideologiyasını tərənnüm edən şüarlar, tikililər, abidələr, hətta dəcəl uşaqların vaxtilə divarlara çəkdiyi rəsmlər belə turistlərdə "zaman maşını”nda səyahət etmək təəssüratı yaradır. 2010-cu ildən etibarən ərazi rəsmən turistlər üçün açıq elan edilib. Turların təşkili ilə onlarla yerli və xarici şirkətlər məşğul olur. Rəsmi məlumata görə, "donmuş zaman”ı görmək istəyənlərin sayı əvvəllər ildə 2-3 min nəfər idisə, 2015-ci ildə onların sayı 15 mini keçib. Turistlərin əksəriyyəti bir zamanlar qapalı SSRİ-ni görmək istəyən əcnəbilərdir.

Turun qiyməti orada qalacağın müddətdən asılıdır. Qiymət təxminən 28 dollardan, 720 dollara qədər dəyişir. Ən uzun səyahət müddəti 5 gündür. Əlbəttə ki, Ukraynalıların özləri üçün ucuz başa gəlir – 380 dollar. Əcnəbilər isə buna görə 720 dollarından keçməli olurlar. Qəzanın ildönümü günündə isə ümumiyyətlə bilet tapmaq çətin olur və qiymətlər ikiqat bahalaşır.  

Ən dəhşətlisi isə, turistləri hələ də ərazidə dolaşan şüalanmanın qorxutmamasıdır. Bu səfərdən sonra orqanizminə nə fəsadlar yaşadacığını bilə-bilə tarixin canlı fotosunu görmək istəyi güc gəlir. Demək, insan həqiqətən də gözüçıxmış qardaşından dərs almaq istəmir.   


Şəfiqə ŞƏFA