adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

TORPAQ, HARAN AĞRIYIR?..

3667 | 2016-04-23 10:55
Dolaşıq fikirlərin içərisində kələfin ucunu axtarmaq o qədər də asan deyil. Elə bil ki, qaranlıqda qara pişik axtarırsan və yaxud da lilli suda iynə. Gəl tap görüm, necə tapırsan. Mən də bax bu dolaşıq fikirlərin hardan qaynaqlandığını bilə-bilə beləcə ipucu axtarıram. Bu heç də işsizliyin əlaməti deyil. Belə götürəndə özümə görə işim var, iş otağım var, yazmağa kağız-qələmim də. Amma...
Amma bütün bunların içərisində nə isə çatmır. Bax elə o çatmayan da mənim dolaşıq fikirlərimin həm səbəbi, həm də ipucudu. Ona görə də qərarsız olmuşam. Axtarıram və bilirəm ki, tapana qədər də axtaracam. Çünki damarımda bir az tərslik də var, israr da var. Axtardığımı tapmayana qədər sakitləşən deyiləm. Ona görə də var-gəl edirəm. Tez-tez pəncərədən Yasamal qəbiristanlığına baxıram və o qəbiristanlıqdan səhər-səhər eşitdiyim bir kövrək, amma son dərəcədə hüznlü səs ürəyimi üzü aşağı çəkib aparır. Hiss edirəm ki, o səsin sahibi dəhşətli dərəcədə yanıqlıdı... dəhşətli dərəcədə ağır bir itkini göz yaşlarına bələyir, ovutmaq istəyir özünü. Bilmirəm ovudacaq yoxsa yox, amma bir onu dəqiq bilirəm ki, "torpağın üzü soyuqdu" deyiblər. Mütləq o səsin sahibi də acısını, göz yaşını get-gedə üz-gözündən, geydiyi qara paltardan içinə köçürəcək, ürəyinə axıdacaq. Necə ki, mənim anam Qarabağda, Tuğda, Xocalıda itirdiklərinin acısını, ağrısını daha yanaqlarında gəzdirmir. Ürəyində laylalarını çalır onların...
Deyəsən tapdım ipucunu. Tapdım ki, məni haldan-hala salan, mənim rahatlığımı əlimdən alan neçə gün öncə oxuduğum bir bənd şeirdi, ilişib qalıb yaddaşımda... ilişib qalıb canımda... tıxanıb boğazıma. Və mən onun təsirindən, onun təzyiqindən xilas ola bilmirəm. Çünki o bir bəndlik şeirin yozulacaq qədər alt qatları var. Və mən də o qatlara endikcə həm torpağa yaxınlaşıram, həm Qarabağa yaxınlaşıram, həm də torpağın, Qarabağın qarşısında gücsüzlüyümdən kiçilirəm. Çünki bu şeirdə müəllif deyir:

Oxşadım sözlə, ağıyla,
Dincələ yarası Torpağın.
İniltisi ürək deşir,
Ağrıyır harası torpağın?

Bəli, bizim bir varlıq olaraq duymaq, dərk etmək qabiliyyətimiz var. Hissiyyatımız ağrılarımızın qapısını, pəncərəsini bizə göstərir, nişan verir. Hiss edirik ki, dişimiz ağrıyır... duyuruq ki, əlimiz-qolumuz ağrıyır... anlayırıq ki, belimiz, boynumuz, başımız və daha haralarımız sızıldayır... dərk edirik ki, ürəyimiz sancır... Və başlayırıq onu ovmağa, onu müalicə etməyə, onu sarımağa. Bəs torpağın harası ağrıyır? Onu görə bilirikmi? Onu duya bilirikmi? Onun ağrısını canımıza köçürə bilirikmi? Yoxsa torpaq ağrıdığını demir? Axı torpaq ağrıdığını hiss etdirmir. Axı torpağın dili-ağzı yoxdu qışqıra, hay-haray sala ki, ağrıyıram. Bəs onda hardan bilirik ki, torpaq ağrıyır?..
İçimdəki səs, canımdakı göynərti, gözlərimdən uzanıb gedən yol, yaddaşımda hər gün təzələnən xatirələr, pərən düşən yuxular, dünənim, uşaqlığım, daddığım su, udduğum hava... Bir sözlə, mənim ola-ola məndən alınan hər şey torpağın ağrıdığını söyləyir... torpağın iniltisinə çevrilir, torpağın səsi olur, hayqırtısı olur. Və mən bunu eşidirəm, bunu duyuram, bunu yaşayıram. Amma neyləyim ki, torpağın ağrısı, torpağın yarası elə torpağın özü boydadı. Təkbaşına onu qaldıra bilmirəm, onu sarıya bilmirəm. Amma bilirəm. Bilirsiniz nəyi?..
Hə, mən yaxşı bilirəm. Bu ağrının, o yaranın dərmanı Qələbədi, Şəhid qanıdı, dalğalanan Bayraqdı. Yəqin siz də buna inanırsınız. Ona görə də bax mənim yaddaşıma ilişib qalan "ağrıyır harası torpağın" misrasının alt qatında bir gerçək durur, bir dərman dayanır. O da Qələbədi... O da həmin o torpağın gözlədiyi üçrəngli bayraqdı... O da mənim ona qarışacağım cismimdi... Deməli, torpağın ağrıması gerçək olduğu kimi, müalicəsi də bəllidi, gerçəkdi. Və həmin o yaddaşıma ilişmiş bir bənd şeirin müəllifi Sona Vəliyevanın söylədiyi kimi, sözlə, ağıyla oxşamaq müalicə deyil. Sadəcə, müalicə edənlərin özünə təsəllisidi. Amma artıq təsəllinin qəfəsi sınıb. Və o sınmış qəfəsdən üzü həmin o yaralı torpağa tərəf əlində üçrəngli bayraq bir ordu gedir. Qisas almaq, xilas etmək, haqsızlığı haqqın ayağına gətirmək və bir də öz yarasını müalicə etmək istəyən ordu. Və mən də özümdən asılı olmadan yaddaşıma ilişmiş həmin o şeirin təsiri ilə yazdığım bir bayatını öz-özümə pıçıldayıram:

Qançır yarası ağrıyır,
Dağsız aranı ağrıyır.
Qorxuram soruşmağa
Daha harası ağrıyır-
Torpağın?..

Hə, bu sualın cavabını hər kəsin öz ixtiyarına buraxıram. Amma mən o ağrıyan torpağın mütləq sağalacağına, mütləq ayağa duracağına son günlər daha çox inanıram. Bəlkə də pafoslu səslənəcək. Amma sovet dönəmindən yadımda qalıb. O vaxtlar bizə "aprel günəşi"ndən danışırdılar, "aprel günəşi"ni sevdirirdilər. O ideyanın müəllifləri deyəsən tələsiblərmiş. Sən demə, həqiqətən aprel günəşi, aprel ümidi var imiş. Sadəcə o, aprelin 1-dən 2-nə keçən gecəyə təsadüf edirmiş...

TƏQVİM / ARXİV