adalet.az header logo
  • Bakı 18°C

YADDAŞDA OLANLARIN İŞIĞI

4815 | 2016-04-23 10:50

"Yada düşdü" ədəbi-bədii, nostalji jurnalı ilk dəfə - 2011-ci ildə işıq üzü görəndə "Dərgi öz nəşri ilə ədəbi mühitimizə bir rəng qatsın, boşluqları doldura bilsin"- deyə qələm sahibləri və oxucular arzuladılar. Artıq ilk sayının işıq üzü gördüyü tarixdən 5 il keçir... Jurnalın bu günki informasiya bolluğunda, çoxsaylı qəzet və jurnallar sırasında, elektron medianın ənənəvi mətbuatı sıxışdırdığı bir vaxtda öz yeri, öz yolu, öz siması və mövqeyi var. Qısa bir zamanda "Yada düşdü" oxucular arasında ədəbi-ictimai populyarlıq qazana bildi. Azərbaycan ədəbi mühitində xüsusi yer tutan, ədəbiyyatımızın inkişafına layiqli töhfələr bəxş edən, öz bənzərsiz üslubunu qoruyan və sayılıb-seçilən nəşrə çevrildi. Hər sayı ədəbi hadisə kimi səsləşən dərginin əsas mövzusu nostalji olduğundan jurnalın səhifələrində xatirələr bir-biri ilə dil tapdı, hər xatirə yaddaşımızı vərəqlədi, bizi keçmişə boylandırdı. Ölməz söz-sənət sahiblərinin ruhu dolaşdı jurnalın səhifələrində. Tez bir zamanda "Yada düşdü" bir redaksiyanın divarları arasından çıxaraq hamının gözlədiyi, izlədiyi, istədiyi bir jurnala döndü, Azərbaycanımızın hər bölgəsinin sevimli ədəbi orqanı olmağı bacardı. Hər yanda oxundu, sevildi... Dərgi sözü qorumağı bacaran ziyalıları öz ətrafına yığa bilməklə həmçinin dəyərli oxucu ordusunun qəlbinə yol tapdı.
Bu gün "Yada düşdü" el-el, oba-oba gəzir, oxucular tərəfindən maraqla qarşılanır. İnsanlar təkcə bu jurnalı oxuyub fikir dünyalarını zənginləşdirmirlər, həmçinin dərgi onlara düşüncələrini öz dəyərli oxucuları ilə bölüşməyə imkan verir. Jurnal həm çağdaş, həm də tarixləşən ədəbi aləmin nümayəndələrini yada salır, onların yaradıcılığına meydan açır.
Jurnalın bənzərsiz üslubunun sirri nədədir? Dərgini vərəqlədikcə bu suala cavab tapmaq çətin deyil.
Xüsusən ötən əsrin ikinci yarısında yaşayıb-yaratmış ədiblərimizin xatirələri və düşüncələri, onlarla bağlı nostaljilər oxucu auditoriyası tərəfindən çox maraqla qarşılanır. Əsil söz çələngindən toxunan jurnalda orijinal əsərlər də diqqətimizi çəkməkdədir.
Dərginin "Ölməzlər", "Unutsaq unudularıq", "Olanlardan, keçənlərdən", "Qəlbimizə yazılan şeirlər", "Yazıçı ömrünün rəngləri", "Ədəbiyyat tarixinin cəfakeşləri", "Uzaq illərin işığı", "Yaddaşımızda yaşayanlar", "Dəryadan damlalar", "Ürəyimi sizə açıram"g kimi rubrikaları altında dolğun məzmunlu yazılar, görkəmli tarixi şəxsiyyətlər, ustad sənətkarlar haqqında müxtəlif janrlı məqalələr dərc edilir. Jurnalda yalnız məşhurların - dövlət başçılarının, qəhrəmanların, sənətkarların, tarixi şəxsiyyətlərin deyil, eyni zamanda, sadə insanların həyatı, ömür yolu barədə müxtəlif həcmli yazıların yer alması da oxucular tərəfindən maraqla izlənilir. Mənəvi xəzinəmizi qorumaqla jurnal kollektivi oxucuları daim klassiklərimizi öyrənməyə, oxumağa və təbliğ etməyə çağırır.
Bu gün də "Yada düşdü" özünün maraqlı və məzmunlu məqalələri ilə tarixi yaddaşımızı zənginləşdirir, təzələyirg Keçmişə güzgü tutmaq, səhifələrindəki xatirələr bolluğu, nostalji hisslər, arzular, poeziya, nəsr nümunələri, rəngarəng məqalələrlə dərgi həm də klassikləri bir daha yada salmaqla əvəzsiz üslubunu sərgilyir.
Dərginin nəşr olunmuş saylarının hər birində diqqəti cəlb edən, oxucu zövqünü oxşayan yazılar istənilən qədərdir.
Bu gün abunəçisi olduğum mətbu orqanlar içərisində "Yada düşdü" nün mənim üçün xüsusi yeri var. İlk sayından maraqla oxuduğum jurnal bu gün də öz səhifələrində maraqlı məqalələrə, poeziyaya, kiçik hekayəyə, xatirələrə... yer verərək həm çağdaş ədəbi aləmdə baş verən yeniliklərlə bizi tanış edir, həm də söz karvanına qoşub keçmişə aparır. Jurnalda yer alan yazılar öz bədii keyfiyyəti, ədəbi səviyyəsi ilə diqqəti çəkməkdədir. "Yada düşdü" əsas etibarı ilə ədəbi, ictimai mühitimizin dünəninə güzgü tutur. Amma dərgidə çağdaş dövrün tanınmış (və eləcə də az tanınan) simalarının həyat və fəaliyyətinə həsr olunmuş yazılar da yer almaqdadır.
Sevindirici haldır ki, dərginin rəhbərliyi və kollektivi təkcə ən yaxşı nostalji hisslər oyadan ədəbi materiallar axtarışında deyillər, həm də jurnalın hər yeni sayını xüsusi təqdimatla nəşr etmək barədə düşünürlər. Tələbkar oxucu üçün bundan gözəl nə ola bilər? Bu mənada "Yada düşdü"nün məqsədi, məramı çox xoş, ürəkaçandır.
Bu gün "Yada düşdü"nün öz oxucuları, öz auditoriyası var. Hazırkı informasiya, qəzet və jurnal bolluğunda yaddaşımızı vərəqləyən, ruhumuzu zənginləşdirən məqalələr oxuyuruqsa, demək "Yada düşdü" milli yaddaşımıza, milli ruhumuza xidmət edir, milli-mənəvi dəyərlərimizin qoruyucusuna çevrilir.
Jurnalın zövqümüzü oxşayan uğurlarına, peşəkar səviyyədə və yüksək zövqlə nəşrinə görə onun təsisçisi, sözə söykənən, sözlə nəfəs alan Nəzakət Məmmədovaya və tanınmış yazıçımız Nahid Hacızadəyə minnətdarlıq edirəm!
"Yada düşdü"nün 2 illik yubileyi ilə bağlı redaksiyanıza ünvanladığım təbrik məktubunda "İstedadı, vətəndaşlıq qeyrəti və təəssübü ilə cəmiyyətə töhfə verib yadda qalanlara səhifələrində yer ayırması hər zaman onun mətbuat aləmində nüfuzunu yüksəldəcək"- deyə yazmışdım. Yenə də dərginin auditoriya arasında oxunaqlııq qazanmasından fərəhlənərək "Niyyət təmiz olanda mətləblərə gedən yolun işığı da bəyaz olur. Bəyaz işığın axarında yada düşənləri axtara-axtara siz özünüzü tapdınız.
Həyatda özünü taparaq elə həyatın öz möhürü ilə varlığını təsdiq edənlərə eşq olsun!" deyirəm.
Sizə ədəbi aləmdə yeni-yeni uğurlara imza atmağı arzulayır, yaddaşlara yazılan səhifələrin bol olmasını diləyirəm. Gün o gün olsun ki, jurnalın hər sayının sorağı düşmən işğalından azad ediləcək yurd yerlərimizdən gəlsin!
Ad gününüz mübarək!
***

Fikrət Qoca
Xalq şairi, Yazıçılar Birliyinin 1-ci katibi

TƏQVİM / ARXİV