adalet.az header logo
  • Bakı 21°C

Balaca Minadan böyük qələbələr gözləyin

ETİBAR CƏBRAYILOĞLU
48721 | 2016-04-23 10:35
Balaca Mina idmanda ilk böyük qələbəsini qazanmaq üçün çox gözləmədi. 5 yaşında fəxri kürsünün yüksək pilləsinə qalxmağı bacardı. Qəzetlər, xəbər saytları Mina Abbasovanın Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Beynəlxalq "Bahar kuboku-2016"nın qalibi olması xəbərinə geniş yer verdilər, şəkillərini yaydılar.
Minanın valideynlərini yaxşı tanıyıram, anası, istedadlı yazıçı-jurnalist Əzizə Lalayeva haqqında bir neçə dəfə yazı da yazmışam. Bir neçə ildən sonra Minanın da müsahibim olacağını heç düşünməmişdim.
Ailənin xidməti işlə bağlı Macarıstanda yaşadığını bildiyimdən Minaya verəcəyim sualları elektron poçt vasitəsi ilə göndərməyə hazırlaşarkən mobil telefonuma gələn zəng planları dəyişdi. Məlum oldu ki, Əzizə xanım övladları ilə birgə bir neçə günlüyə Bakıya gəlib. Burada olduğu müddətdə babası və nənəsi ilə daha çox vaxt keçirən Mina Budapeştə qayıtmazdan öncə suallarıma cavab verməyə razı oldu. Müsahibə boyu 5 yaşlı qəhrəmanım öz uşaq şıltaqlıqlarından qalmadığından Əzizə xanım tez-tez söhbətə qoşulurdu.

- Əzizə xanım, balaca Minanı oxucularımıza tanıtmaqda bizə yardımçı ola bilərsinizmi?
- Mina 2010-cu il mayın 29-da Bakıda anadan olub. 3 yaşı olanda gördük ki, bədii gimnastikaya həvəsi var, kurslara yazdırmaq istədik, amma götürmədilər.
- Niyə?
- Çünki Bakıda 5 yaşından yuxarı uşaqları qəbul edirdilər. Sonra elə alındı ki, xidməti işlə bağlı Macarıstana köçdük. Budapeştdə maraqlananda bizə dedilər ki, burada uşaqları 3 yaşından da götürürlər. RUS RG Sport klubuna müraciət etdik və Minanın bacarığını bəyəndilər. Cəmi 1 aydan sonra Minanın məşqlərdəki perfomansını görüb yuxarı qrupa keçirdilər, növbəti ayda isə Mina daha yuxarı qrupa keçməyi bacardı və onu yarışa buraxdılar. Onunla eyni qrupda məşğul olan uşaqlar bu nəticəni 2 ilə qazanırlar, amma Mina cəmi 6 aya buna nail ola bildi.
- Bir az da Minanın qalib gəldiyi turnirdən danışaq...
- Macarıstan paytaxtında təşkil edilən bədii gimnastika üzrə Beynəlxalq "Bahar kuboku" artıq ənənəvi xarakter alıb. Bu il sayca üçüncü dəfə keçirilən turnirə Almaniya, Türkiyə, Rusiya, İtaliya, İsrail, Çexiya, Slovakiya, Bosniya-Hersoqovina, Polşa, Bolqarıstan, İsveçrə, Ukrayna, Moldova, Qazaxıstan gimnastları da daxil olmaqla 17 ölkədən idmançılar qatılmışdı. 2001-2011-ci il təvəllüdlü gimnastların yarışında Mina birinci olmağı bacardı.
- 5 yaşlı azərbaycanlı qızın qalib olması necə qarşılandı?
- Qızım bayaq dediyim kimi, yerli RUS RG Sport klubunu təmsil etdiyindən macar idmançısı kimi təqdim olunurdu. Amma onun əslən azərbaycanlı olduğunu biləndə əməlli-başlı təəccübləndilər. Yarışa qatılan gimnastlar və məşqçilər, tamaşaçılar elə bilmişdilər ki, Mina ya almandı, ya da rus... Qızım özü də, biz də çox istəyirik ki, yarışlarda Azərbaycan idmançısı kimi çıxış etsin, qalib gələndə himnimiz səslənsin, üçrəngli bayrağımız dalğalansın. Arzumuzun reallaşacağına əminik.
Bayaqdan bəri kompüterdə müxtəlif oyunlar oynayan, musiqilərə qulaq asan, özü haqqında danışılanlara fikir verməyən balaca Minanı söhbətə qoşmaq istəyirəm.
- Mina, yarışda qazandığın kuboku və medalı göstər görüm...
- Evdədir.
- Hansı evdə, Budapeştdəki evdə, yoxsa Bakıdakı?
- Budapeştdə.
Əzizə xanım əlavə edir:
- Çox istəyirdi ki, kuboku və medalı gətirib babasına, nənəsinə göstərsin, amma son anda evdə saxlamağı qərara aldıq. Onsuz da babası nəvələrini görmək üçün tez-tez Budapeştə gəlir.
- Mina, məşqçilərinin sözünə qulaq asırsan?
- Yox.
- Niyə?
- ....
Əzizə xanım deyir ki, elə ilk günlərdən Minanın məşqçilərlə rahat ünsiyyət qurmağı və onların tapşırıqlarına ciddi əməl etməsi valideynlər üçün də gözlənilməz olub:
- Bütün şıltaqlıqlarına rəğmən, Minanın məşqçilərlə dil tapması, verilən tapşırıqlara əməl etməsi bizi yaxşı mənada təəccübləndirdi. Hətta görürsən ki, məşq gedib-gələndə yolda belə yeni öyrəndiyi hərəkətləri göstərməyə çalışır. "Bahar kuboku"nda qalib gəlməsi qızıma əla stimul oldu, hiss edirəm ki, hər gün daha səylə məşğul olur, saatlarla məşq etməkdən yorulmur.
Yeri gəlmişkən onu da deyim ki, Minanın məşqçiləri Lyuba Bernat və İnqa Mackusz tanınmış mütəxəssislərdir. Tatar əsilli Lyuba xanım Beynəlxalq Bədii Gimnastika Federasiyasının hakimi kimi 2005-ci ildə Bakıda keçirilən 27-ci Dünya Çempionatında iştirak edən idmançıların çıxışını qiymətləndirib. Şəhərimizi çox bəyənib, Bakı barədə hər dəfə xoş sözlər deyir.
- Mina, məktəbə nə vaxt gedəcəksən?
- 6 yaşım olanda.
- Məktəbə gedəndə də gimnastika ilə məşğul olacaqsan?
- Bəli. İstəyirəm ki, hər dəfə ancaq qızıl medal alım. Bacımı da aparacam məşqə.
- Bacının neçə yaşı var?
- 1 yaşı var, hələ balacadı, böyüyəndə ona da gimnastikanı öyrədəcəm. Qardaşım da idmana gedir, cüdo ilə məşğul olur.
- Məşqdən sonra Dunay çayının sahilində gəzirsən?
- Anam bizi tez-tez gəzməyə aparır, qardaşım, mən və bacım dondurma yeyirik.
- Budapeşt gözlədi, yoxsa Bakı?
- Bakı.
- Amma sabah yenə Budapeştə qayıdırsan...
- Orada evimiz var axı. Həm də qardaşımın tətili bitib, o, dərsə gedəcək, mən də məşqə. Təyyarədən babaya, nənəyə əl edəcəm, dənizə baxacam.
Əzizə xanım deyir ki, Minanın ən böyük arzusu Azərbaycana qayıtdıqdan sonra da bədii gimnastika ilə ciddi məşğul olmaqdı:
- Son illər Azərbaycanda idmana, idmançılara çox böyük diqqət var. Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü böyük işlər dünyanın hər yerində təqdir olunur. Avropanın əksər ölkələrində olmuşam, amma Bakıda inşa edilən Milli Gimnastika Arenasının bənzərini tapmaq mümkün deyil. Mina Azərbaycana döndükdən sonra Milli Gimnastika Arenasında məşğul olmaq, məsul yarışlarda ölkəmizi uğurla təmsil etmək istəyir.
Biz də balaca Minaya uğurlar arzulayır və ondan daha böyük qələbələr gözləyirik!

TƏQVİM / ARXİV