adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Aprel 2016 12:58
73999
MÜSAHİBƏ
A- A+

“Reklamdan uzaq adamam”- Millət vəkili - MÜSAHİBƏ

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçənləri təmsil etmək. Ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi. 125 nəfər yeni mandate qazandı.

Beləliklə, Adalet.az saytının "Yeni Mandat” rubrikasının bugünkü qonağı 78 saylı Lerik Seçki Dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur.



-İqbal müəllim, seçkidə növbəti dəfə qələbə qazanaraq mandat əldə etdiniz. Qarşıdakı müdət ərzində hansı işlərin görülməsi sizin üçün prioritetdir?

-Seçki zamanı qələbə, mənə yenidən etimad göstərərək namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasının nüfuzu, seçicilərimin inam və iradəsi nəticəsində qazanıldı. Biz partiyamızın seçki platforması və "Yeni hədəflərə doğru” devizi ilə seçkidə iştirak etdik. Bu plan üzrə də işimizi təşkil edərək həyata keçirməkdəyik. Bizim hər birimiz üçün seçicilərimizin inam və etibarını itirməmək, onların bizə olan etimadını doğrultmaq əsas prioritetdir. Millət vəkilinin əsas iş prinsipini birinci növbədə seçicisinin qayğı və problemləri təşkil etməlidir. Bizə bu mandatı qazandıran seçicimizdir, onları narahat edən istənilən məsələ də bizim görəcəyimiz iş, qarşımızda duran vəzifədir.

-Deputatın əsas missiyası mandatı qazandığı seçicilərin problemlərinin həllidir. --Maraqlıdır İqbal Məmmədovun seçicilərinin nə kimi problemləri var və bunların həlli üçün hansı addımlar atılır?

-Təəssüflə qeyd edirəm ki, ümumiyyətlə ölkə ictimaiyyətində bu mövzuda yanlış fikir formalaşıb. Bəzən hətda kifayət qədər bilik və dünya görüşünə malik qələm əhli də bu məsələni qarışdırmaqdadır. Xüsusi ilə regionlarda Deputatın imkan və səlahiyyətləri haqqında həqiqəti əks etdirməyən düşüncə mövcuddur. Yəni mən seçiciyəm deyərək müraciət etməli olduğu instansiyanı fikirləşmədən, problemin həlli istiqamətində heç bir addım atmaq istəməyərək birbaşa deputata üz tutanlar çoxdur. Sən Deputatsansa hər işin həllinə qadir olmalısan. Məsələn: mənzillə təmin olunma, maddi yardım göstərilməsi, müvafiq işlə təmin və s. müraciətləri saymaq olar. Təbii olaraq belə müraciətlərin bir hissəsinin həlli imkan və səlahiyyətimiz xaricində olur, bir hissəsinə müvafiq izahatlar verərək həll yolunu göstərir və ya aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər ünvanlayırıq. Eyni zamanda mən demək olar ki, hər ay bir neçə dəfə təmsil etdiyim Lerik rayonuna səyahət edirəm. Keçirdiyim səyyar qəbullar zamanı bilavasitə müşahidə etdiyim problemlərlə bağlı Nazirlər Kabinetinin və ya müvafiq orqanlar qarşısında məsələ qaldırıram. Misal üçün ən son, rayonumuzun avtomobil yolunun bərbad vəziyyətdə olması və ətraf yaşayış məntəqələrinə sel təhlükəsinin qarşısının alınması məqsədi ilə Lənkərançay çayının hövzəsinə bənd bərkitmə işlərinin aparılması ilə bağlı müraciətlər ünvanlamışam.

-Milli Məclisdə Aqrar siyasət komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti barəsində nə deyə bilərsiniz?

-Bildiyiniz kimi möhtərəm Prezidentimiz tərəfindən 2015-ci il "Kənd təsərrüfatı ili” elan edilmiş və bu istiqamətdə müxtəlif fərman və sərəncamlar imzalanmışdır. Eyni zamanda ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri neft sektorunun inkişafı istiqamətində son dövrlər kənd təsərrüfatı və aqrar sahəyə diqqət olduqca artmışdır. Bütün bu islahatlar çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsi də Eldar İbrahimovun rəhbərliyi ilə çox məhsuldar iş prinsipinə malikdir. İstər bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə də yerlərdə istehsalçılarla görüş və maarifləndirici dəstəyin verilməsi baxımından bunu rahatlıqla qeyd edə bilərəm.

-Millət vəkili kimi KİV-lərə açıq deyilsiniz. Bu nə ilə əlaqədardır?

- Mənim KİV nümayəndələri, xüsusi ilə sənəti üzrə mütəxəssis olan qələm əhli ilə kifayət qədər isti münasibətim var. Sadəcə xaraktercə reklamdan uzaq adamam. Atdığım hər addımı KİV nümayəndələrinə xəbər vermək mənə yad işdir. Lakin, istər Milli Məclisdə, istər rayonda, istərsə də hər hansı tədbirdə mənimlə görüşmək istəyən istənilən jurnalistə heç vaxt yox deməmişəm.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Azərbaycan Respublikasının Milli Məclisi nəinki regionda bütün dünyada kifayət qədər böyük nüfuza malikdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın əksər dövlətləri ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərməkdədir. Bildiyiniz kimi Azərbaycan-Monteneqro Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri , bir neçə digər işçi qruplarının, eyni zamanda MDB Parlamentlərarası Assambleyanın üzvüyəm. Bu qrupların tərkibində çox məhsuldar səfərlərimiz, qanunvericilik bazasının təkmilləşdirilməsi və nümunələrin incələnməsi yönündə olduqca səmərəli müzakirələrimiz və görüşlərimiz keçirilməkdədir. Beynəlxalq nüfuzlu tədbirlərə edilən dəvətlər, getdiyimiz ölkələrdə dövlət rəhbərləri tərəfindən keçirilən qəbullar, alınacaq qərarlar zamnı bizim nümayəndələrin fikirlərinə verilən diqqət və önəm Parlamentimizin regionda əhəmiyyətli rolunu açıq şəkildə biruzə etməkdədir.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Mən ölkəmizdə belə bir hadisəyə rast gəlməmişəm. Möhtərəm Prezidentimizin dəfələrlə xatırlatdığı kimi biz hamımız Azərbaycan xalqının xidmətçiləriyik. Bizim iş prinsipimizdə şəxsi maraq mövzusu ola bilməz. Bizim əsas qayəmiz ölkəmizin inkişafı və xalqımızın rifahıdır. Bu yolda görülən işlər, verilən təkliflər, hətda edilən tənqidlər belə heç kimi incik sala bilməz və soyuqluğa səbəb ola bilməz. Buna görə də hər hansı məmurla aramızda ola biləcək problemdən söhbət belə gedə bilməz.

Ədil Ədilzadə