adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2016 00:44
135358
RUBRİKA
A- A+

“İstəmirik müharibə olsun” – ŞƏHİD KAMRANIN AİLƏSİ

Kamranın yaşadığı küçənin girişində bayraq asılmışdı. Bayrağımızı görmək nə qədər hüzün bəxş edirdisə , bir o qədər də qürur və şərəf duyğuları yaşadır insana. Bakının Xəzər rayonunda yerləşən Mərdəkan qəsəbəsinə yollandım. Ünvanı dəqiq bilmədiyim üçün Kamranın yaxın qohumu mənə yaşadığı evi tapmaqda yardımçı oldu, dedi ki, 21 nömrəli avtobusa minib və sürücüyə "Şəhidin yanında saxlayarsız” desəniz o başa düşəcək. Bu ifadə məni çöx qürurlandırdı, sanki ölümündən sonra şəhid adı küçəyə verilirsə bu bizim üçün sevinc bəxş edən bir haldır. Bunu da görüşdüyüm zaman Kamranın valideynləri deyirdi. Şəhid yenə həmişəki kimi ilk qiymətini xalqın sadə nümayəndələrindən aldı. Öz yaşadığı mühitdən aldı. Nəhayət gözlədiyim ünvana gəlib çatdım. Küçənin girişində Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı, Kamranın yaşadığı mənzilə qədər yol boyu bir neçə dəfə dalğalanan bayraqları görmək olardı. Başa düşdüm ki, bu, qəsəbə sakinlərinin vətən fədailərinə sevgisinin göstəricisidir, ələlxüsus o fədailərdən biri məhz Mərdəkan qəsəbəsinin yeganə şəhidi olsun…


Əvvəlcədən danışılmamış bir görüş olsa da şəhid Kamranın ailəsi məni yüksək səmimiyyətlə qarşıladı.

Ailənin tək övladı olan Kamran Şirəliyev 1994-cü ildə Bakının Suraxanı rayonunda anadan olub. Mərdəkanda yerləşən Hacı Zeynəlabdin Tağıyev adına 125 nömrəli orta məktəbi 9-cu sinifdən bitirərək təhsilinin 101 nömrəli peşə məktəbində davam etdirib. Təhsili ilə bağlı hərbi xidmətə də gec yollanan Kamranın taleyində şəhidlik zirvəsinə ucalmaq varmış. Və bir də onun vətən uğrunda canını tapşırmadan öncə göstərdiyi şücaətinə görə qürur duyan nümunəvi valideynləri müsahibim oldular. Kamranın atası Faiq Şirəliyev oğlunun necə bir övlad olduğunu tam səmimiyyəti ilə danışırdı. Elvira Şirəliyeva isə övladı haqqında danışarkən ana ürəyindəki nisgil ilə bərabər fəxarəti də gizlətmirdi. Yanımızda əyləşən şəhidin dotları o cümlədən onun nənənləri və yaxın qohumlar bu gəncin mülki həyatda da mərd və dürüst bir insan olduğunu təsdiqlədilər. İnsanı cəbhədə tanıyarlar. Kamran 9 aylıq xidmət yolunun bir hissəsini Gəncədə və daha sonra Göygöldə yerləşən N saylı hərbi hissədə keçsə də 4 günlük savaş başlamamışdan bir müddət əvvəl o və digər əsgər yoldaşları Ağdərə rayonu ərazisinə təyinat almışdılar. Belələliklə xidməti səlnaməsinin davamını Ağdərədə yazdıran gənc qəhrəmanımızın bu səlnamasi qızıl kəlmələrlə sona çatdı... Elə komandirləri də onun mərdliyindən danışarkən yorulmadan əsaslı açıqlamalar verirdilər: "yoldaşlarının yanında olan, sakit, təmkinli və qoçaq gənc idi”.

Eləcə də "Dostcanlısı sülhsevər simalı əsl Azərbaycan övladı idi” deyə qəhrəmanımızın yaxın qohumları bildirib.

Anası Elvira xanım deyir ki, bir neçə gün əvvəl, yəni şəhid övladını torpağa tapşırandan sonra bəzi tanınmış şəxslər onlara baş çəkib. Millət vəkili Qənirə Paşayevanın ziyarətini xüsusi vurğulayan Elvira xanım ailəsinə dəstək olan bütün insanlara minnətdarlığını bildirib. Ağır gündə Kamranı yad edənlərin təşəbbüsünün onda fərəh hissi yaratdığını söyləyir: "Mən heç bir anaya övlad itkisi arzu ertmirəm, o vətəni uğurunda öz borcunu yerinə yetirərkən həyatını tapşırıb, övladım şərəfli yolda haqqa qovuşdu. Ancaq bilirəm ki, bu hadisə yaddaşımızada ömürlük iz qoyacaq”.

Atası Faiq bəy cənab prezidentin son çıxışında səsləndirdiyi bir fikiri vurğulayaraq bildirdi ki, nə düşmənin nə də bizim övlad itkisini yaşamağımızı istəmirəm. Biz də sülh istəyirik, istəmirik müharibə olsun. Hər bir valideyin övladının şəhid olmasına qürur hissi ilə yanaşmalıdır ancaq onun itkisini ömür boyu ürəyində ağrı kimi yaşamağı haqq etmirlər. Çox istərdik ki, torpaqlarımız tezliklə geri alınsın, əgər bu savaş meydanı alışmağa başlamışdısa gərək elə də davam edəydi. Müharibədə onsuz da itkilər olur, səngərlər məzarlığa dönəcəksə, torpaqda qan izləri artacaqsa bu bizim 20 faiz parçamızın geri alınması üçün xərclənir. 25 ildir atəşkəsə göz yumuruq, səbr edirik ancaq bununda bir sonu olacaq”.

Kamran Şirəliyev Suraxanı rayonunda yerləşən Yeni Suraxanı qəsəbə qəbirsanlığında babası Baxış Şirəliyevin məzarının yanında dəfn olunub.

Rüfət Soltan