adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÖZÜMÜN, SÖZÜMÜN HƏR GÜNÜ ŞUŞA

ƏBÜLFƏT MƏDƏTOĞLU
59630 | 2016-04-16 10:59
O nu ilk dəfə Bakıda gördüm. Qarabağlıların, daha doğrusu, şuşalıların toplantısında. Müharibənin ağır bir dövrü idi. Artıq Şuşa işğal olunmuşdu, şuşalılar da səpələnmişdi bütün Azərbaycana. O da ailəsi ilə Bakıya üz tutmuşdu. Ona görə də Bakıda şuşalıların toplantılarında, tədbirlərində yaxından iştirak edirdi. Təkcə şuşalı, qarabağlı kimi yox, həm də Şuşada, Qarabağda qazandığı ictimai nüfuza görə. Adamlar onu həmişə öndə görmüşdülər, sözünü deyən ictimai fəal kimi tanımışdılar. Bu da təsadüfi deyildi...
1956-cı ildə Şuşada doğulub Vüsalə xanım. Gözünü açanda evlərində işıq görüb. Təbii ki, hər kəsin evində həmişə odun, ocaq yandırılıb, şam, çıraq, sonra da elektrik işığı bərq vurub, şölə saçıb. Amma hamının evində mənəvi mənada, ruh baxımından işıq olmayıb, bunu etiraf etmək lazımdır. Necə deyərlər, Allah sevdiklərini işığa çevirib və onları təkcə evində deyil, həm də elində işıq edib. Bu mənada şuşalıların yaxşı tanıdığı Mamayı məhəlləsində yaşayan Mustafa müəllim sözün, ruhun, ədəbiyyatın işığı idi. Məktəbdə ədəbiyyat dərsi deyirdi, həm də şer yazırdı. Onun ömür-gün yoldaşı Hacı Qulunun şəcərəsindən olan Səmayə xanım da müəllim idi. Elə mənim qəhrəmanımın ilk müəllimi də məhz Səmayə xanım olmuşdu - evdə ana, məktəbdə ilk müəllim. Bax, bu mənada qəhrəmanımın, yəni, Vüsalə xanımın bəxti gətirmişdi. O, dünyaya işıqlı bir ocaqda gəlmişdi. Və illər keçdikcə bu işığın zərrələri onun da canında, qanında özünü büruzə verməyə başladı. Hətta...
İndiki kimi yadımdadır. Hər yay Şuşada ədəbiyyat, musiqi görüşləri, toplantıları, bayramları keçirilərdi. Bu tədbirlərə təkcə Azərbaycanın deyil, Sovet İttifaqının müxtəlif yerlərindən tanınmış söz, sənət adamları gələrdilər və Mustafa müəllim də həmin tədbirlərə məktəbli Vüsaləni mütləq aparardı. 
O, həmyaşıdı olan azərbaycanlı məktəblilərin böyük əksəriyyətindən fərqli olaraq Çingiz Aytmatovu, Rəsul Həmzətovu, Süleyman Rəhimovu, Süleyman Rüstəmi, Mirzə İbrahimovu, Bəxtiyar Vahabzadəni, Nəbi Xəzrini, Məmməd Arazı üzbəüz, yaxından görə bilmiş, onların çıxışlarını dinləmişdi. Hətta o tanınmış şəxslərin Mustafa müəllimlə söhbətinin də iştirakçısı olmuşdu.
Görüşlərimizin birində həmin anları xatırladan Vüsalə xanım bildirdi ki, səkkizinci sinfi bitirib, yay tətilinə çıxmışdıq. Şuşada ədəbiyyat günləri keçirilirdi. Mirzə İbrahimov, Çingiz Aytmatov, Rəsul Həmzətov, və daha kimlər gəlmişdi. Məktəblərin hər sinfinin ən yaxşı oxuyan iki şagirdini həmin tədbirlərdə iştiraka dəvət etmişdilər. Adətən, görüşlər qabağı Şuşada kitab bayramı da keçirilərdi. Mən Rəsul Həmzətovun "Mənim Dağıstanım" kitabını alıb, birnəfəsə oxumuşdum. Ona görə də aulda doğulub, auldan çıxıb, bütün söz məkanına nəhəng bir sima kimi daxil olmuş Rəsul Həmzətovu yaxından görmək, onu dinləmək mənə yuxu kimi gəlirdi. O görüş həyatımda elə bir iz buraxdı ki, heç kimə demədən təəssüratımı yazıb, rayon qəzetinə göndərdim. İki gündən sonra məni redaksiyaya çağırdılar. İnanın ki, nə redaktor, nə əməkdaşlar bu məqaləni orta məktəb şagirdinin yazdığına inanmaq istəmirdilər. Atamı tanıdıqlarına görə bir söz demədən məni təbrik etdlər. Bir neçə gün sonra Şuşaya gələn şair Cavad Cavadlı məni redaksiyaya dəvət edib, sorğu-suala tutdu və çox böyük inamla dedi ki, sən jurnalistika ilə məşğul ol. O, Rəsul Həmzətovla bağlı yazımı respublika mətbuatında da çap etdirdi. Təbii ki, bu münasibətlər məni yazı-pozuya bir az da artıq bağladı. Gizlicə şerlər, məqalələr yazdım. Amma mən atamın sənətini seçdim, universitetin filologiya fakültəsinə qəbul olundum. Qəbul imtahanında yazdığım sərbəst mövzu "beş"ə layiq görüldü. Mən anam haqqında yazmışdım. Mövzu ana olsa da, öz anamın timsalında bəşəri bir ana obrazı yaratmağa çalışmışdım. Ona görə də həm universitetdə, həm də respublika televiziyasında yazım, aldığım qiymət diqqəti çəkmişdi. Məni verilişlərə dəvət edirdilər...
O da ailəsiylə Bakıya gəldi. Amma Bakıya gələnə qədər Şuşada özünü yerlilərinə, tələbələrinə sevdirə bilmişdi. Universiteti bitirərkən Bakıda qalıb işləmək təkliflərinə razılıq vermədən Şuşaya dönmüş, müəllim kimi fəaliyyətə başlamışdı. Sonra Şuşa Musiqi Texnikumunda gənc yaşında direktor müavini kimi özünü təsdiq etmişdi. Eldar Əliyevlə birlikdə bu musiqi texnikumunda kifayət qədər nüfuz qazana bilmiş, dəyərli musiqiçilərin yetişməsində öz sözlərini demişdilər. Elə həmin illərdə ictimai həyatda fəal olan Vüsalə xanım özünün bütöv xarakteri ilə də dəyişməzliyini qoruyub-saxlamış və məhz bu keyfiyyətinin ona gətirdiyi hər bir uğuru da, problemi də sakit, mərdanə qarşılamışdı. Çünki o, evdə işıq içində böyüdüyündən ətrafa da işıq salmağı, əl uzatmağı, diqqət yetirməyi ürəyinin diktəsi ilə edirdi. Və yaşıdları kimi yazdığı xatirə dəftərində qəribə bir qeyd vardı, o, hardasa oxuduğu bir fikri yaddaşı ilə yanaşı, dəftərinə də yazmışdı: "İnsan əvvəl diqqətli olmalı, ətrafındakılara təmiz niyyətlə əl uzatmalı və bir də hamıda yaxşı olanı görməyi bacarmalıdır". Ona görə də məhlədə də, məktəbdə də onun istiqanlılığı, səmimiyyəti başqalarından seçilməsində əsas göstərici idi. Aşkar görünürdü ki, Vüsalə Fətəliyeva özündən kiçik qonşu uşağının bantını bağlayanda da, saçını sığallayanda da, toz bulaşmış paltarını çırpanda da, əlindən tutub, yolu keçirəndə də nə qədər səmimi, nə qədər doğmadır. Çantasına qoyub məktəbə apardığı qoğalı, şəkərçörəyini başqaları ilə bölüşəndə də sanki bir rahatlıq tapırdı. Bax, bu dediyim məqamı mən Vüsalə müəllimin qonşularının bir məclisində də müşahidə etdim. O, Şuşada ata evində qapı-qonşu olduğu ailənin üzvləri ilə o qədər doğmalıqla görüşüb söhbət edirdi ki, sanki uşaqlığını, Şuşalı günlərini yenidən yaşayırdı. Mən də o anları izləyə-izləyə Vüsalə xanımın söhbətlərimizin birində dediyi və yaddaşıma yazdığım bir fikrini olduğu kimi xatırladım. Demişdi ki, mənim nağıllı dünyamın arzuları tamam başqa idi. Gecələr göy üzünü seyr edəndə də, xatirə dəftərimə istəklərimi yazanda da nağıllar uydururdum. Və o, uydurduğum nağılların dünyası o qədər rəngarəng, o qədər inandırıcı olurdu ki, mən o nağıllara bütünlüklə inanmışdım. Doğrudur, universitet illərində, ümumiyyətlə, Şuşanın işğalına qədər olan ömür payımda o nağılların müəyyən qisminin gerçəkləşdiyini etiraf etməliyəm, amma Şuşasızlıq o nağılları mənim üçün elə nağıl kimi də ürəyimdə, yaddaşımda hələ də yaşadır. Sən demə, ən gözəl nağıl da, ən doğru həqiqət də Şuşam imiş...
Elə bu yerdə bir məqamı da xatırladım, onu yəqin ki, bilməyən yoxdur, amma Vüsalə xanım bu həqiqəti Şuşadan söz düşəndə ürəyi atlana-atlana, az qala, düşmənin bağrını yaracaq bir kəsərlə söyləyir. Deyir ki, Şuşa min illərin Şuşasıdır, musiqinin, mədəniyyətin, ədəbiyyatın, incəsənətin, 
təhsilin beşiyidir, dünyanın, hətta bir çox böyük şəhərlərinin malik olmadığı bir elitar mühit var idi, dünyəvi təhsil vardı, az qala, iki yüz yaşı olan məktəb vardı Şuşada. O məktəbdə Avropa dilləri, mədəniyyəti də öyrədilirdi. Şuşanın sahibləri öz dövrləri ilə yanaşı, həm də qarşıdan gələn dövrlər üçün ziyalılar yetişdirirdilər, ənənələr yaradırdılar. Təkcə Əhməd Ağaoğlunu xatırlamaq, onun gördüyü işləri göz önünə gətirmək Şuşanın kimliyini, kimə aid olduğunu sübut edir. Şuşanın məscidlərini, mədrəsələrini saymaq təhsilin səviyyəsini göstərir. Üzeyir bəyin adını dilə gətirmək dünyaya Şuşanın kimə aid olduğunu deməkdir.
Ümumiyyətlə, mən apardığım müşahidələrdən sonra bir daha əmin oldum ki, hər bir insanın formalaşmasında doğulduğu, yaşadığı mühit əsas amildir. Elə Vüsalə xanımın timsalında bunu bir daha gördüm və təkrar inandım ki, işğaldan sonra Bakıya gələn bu xanım əvvəl təhsil nazirliyində çox mühüm bir sahədə çalışmağa başladı. Sonra onu Bakı şəhər Təhsil İdarəsində bu gün də aktuallığını saxlayan, yəni, təhsilin koordinasiya olunması, məktəblər arasında əlaqələr, test imtahanları və digər məsələlərlə bağlı layihə məhz onun rəhbərliyi və iştirakı ilə hazırlandı. Eyni zamanda o, Şuşa rayon Qadınlar Şurasının sədri, YAP-ın fəal üzvlərindən biri kimi də siyasi həyatdan, ictimai mövqeyindən geri çəkilmədi. Nüfuzlu tədbirlərin, qurultayların iştirakçısı oldu. Öz çıxışları ilə, təklifləri ilə nəyə qadir olduğunu ətrafındakılara bir daha sübut etdi. Canında, qanında gəzdirdiyi Şuşa ağrısını Şuşa naminə gördüyü işlərlə ovutmağa çalışdı. Üstəlik, onun fəaliyyətində həm ailənin daxilində, həm də güvəndiyi doğmaların arasında məsləhət, kömək aldığı, qarabağlıların, şuşalıların xətirlərini həmişə yüksək tutduqları, Şuşada, bütövlükdə Qarabağda və Azərbaycanda yaradıcılıq nümunələrinin izi olan qardaşları Fətəli, Nizami, və İlhami Fətəliyevlərin əməyi danılmazdır. Memar-mühəndis olan Fətəli və İlhami Şuşada neçə-neçə sənət nümunəsi yaratdılar. O nümunələrə Qarabağın digər yerlərində və Bakıda da rast gəlmək olar. Dünyasını vaxtsız dəyişmiş Nizaminin misraları tarixin və onu tanıyanların yaddaşında bu gün də qalır. Bacısı Nərminə xanım da müəllimdir. Yəni, Mustafa müəllimin beş övladının hamısı ali təhsl alıb. Vüsalə xanımın üç qızı da analarının yolu ilə gedərək təhsildə uğurlar qazanıblar. Onlardan biri həkim, biri bioloq, biri isə jurnalistdir. Altı nəvə böyüyür Vüsalə xanımın ailəsində. Onlardan dördü oğlandır. Və bu uşaqların məktəb yaşlıları Şuşa Musiqi Məktəbində təhsil alırlar. Mən bunu elə-belə vurğulamıram. Çünki şahidi olduğum bir məqam heç yadımdan çıxmır. Belə ki...
Şuşa rayon Xəlifəli kənd Musiqi Məktəbində yekun konserti keçirilirdi. Qonaqlar arasında Vüsalə xanım da var di. Biz eyni cərgədə əyləşmişdik. Məktəbli qızın piano arxasında əyləşib, şirmayı dillərə toxunduğu andan qardaş-bacı ifaçıların "Qarabağ şikəstəsi" oxuduğu ana qədər mən gözümü Vüsalə xanımın titrəyən əllərindən və haldan-hala düşən çöhrəsindən çəkə bilmədim. Hiss etdim ki, o, musiqiyə qoşulub, o musiqinin qanadlarında Bakıdan çıxıb-gedib. Tam səmimiyyətimlə etiraf edim ki, bir məmurun, bir rəsmi adamın bu halı mənə bütünlüklə bəlli olmadı. Tədbirdən xeyli sonra dostum, şuşalı Salman müəllimlə görüşüb söhbət edəndə təsadüfən öyrəndim ki, sən demə, Vüsalə xanım həm də gözəl pianoçudur. O, təkcə qarabağlı-şuşalı kimi yox, həm də musiqini bilən bir xanım kimi gözəl ifalarda həmişə özünü musiqi dünyasında görür, nağıllar dünyasına - Şuşasına qayıdıb-gedir.
Aprelin birinci beş günü bütün Azərbaycan üçün tarixə yazılan, ürəkləri, duyğuları yerindən oynadan zaman kəsiyi oldu. Mən tanıdığım, müşahidə etdiyim adamların hər birinin simasında, gözlərində "Şuşaya, Qarabağa gedirik!" - sözlərini oxudum. Həmin günlərdə Vüsalə xanımla da görüşdüm. İlk kəlməsi bu oldu:
- Özümə yer tapa bilmirdim, elə bil havasızlıqdaydım. Qışqırmaq, ağlamaq istəyirdim. Bir əlim telefonda, gözüm televiziyada, internet səhifələrində. Hamıya zəng vurmaq, hamıya hazırlaşın - demək istəyirdim. Hamı da mənə zəng vururdu. Ali Baş Komandanın çıxışı, qətiyyəti, ordumuzun şücaəti - hər şey məni elə kökləmişdi ki, danışanda ağlayırdım. Həmin məqamda yadıma anam da düşdü. Şuşadan çıxdığı gün o, paltarlarını ayrıca yığıb-saxlamışdı. Qardaşım nə qədər dilə tuturdu, boxçasını açmırdı, deyirdi ki, bu gün-sabahlıqdır, qayıdırıq. Son nəfəsinə kimi, o, boxçasını açıb, paltarlarını dolabdan asmadı. Bütün israrlarımıza baxmayaraq, bircə söz deyirdi:
- Bu gün-sabah qayıdırıq. -Cisminin əvəzinə ruhu qayıtdı Şuşaya. Biz də açmadıq onun boxçasını...
Hə, bu gün Şuşa rayon İcra Hakimiyyətində çalışan, daha doğrusu, icra hakimiyyəti başçısının müavini olan Vüsalə Fətəliyeva bütün canı, qanıyla azərbaycanlı olduğu kimi, həm də bütün varlığı ilə əqidəsinə, iqtidara, dövlətə, dövlətçiliyə bağlı bir ziyalı, bir məmurdur. Onunla tariximizdən də, ədəbiyyatımızdan da, ənənələrimizdən də, siyasətimizdən də, bir sözlə, Azərbaycanımızdan rahatlıqla danışmaq maraqlı olduğu qədər də xoşdur. Çünki o, sözün həqiqi mənasında, nağıllar dünyasının adamı olmaqla yanaşı, həm də nağılların gerçək olacağına tam ciddiyyətilə inanan bir xanımdır. Üstəlik, o, həm də son dərəcə səmimi və dəqiq mövqeyi olan vətəndaşdır. Ona görə də mən Vüsalə xanımın barəsində düşündüklərimi, bildiklərimi qəzet səhifəsinə çıxaranda heç tərəddüd etmədim, bildim ki, haqqın yanında olanın barəsində yazmaq elə haqqın özündən yazmaq kimi bir gerçəklikdir. Və həm də ona görə yazdım ki, Qarabağa, Şuşaya qayıdacağımıza inanan, bu inamla yaşayan, Prezidentə, Ali Baş Komandana, ordumuza güvənən Vüsalə Fətəliyeva öz fəaliyyətində də bunu zaman-zaman təsdiq edir.
... O özünün nağıllar dünyasını Şuşada qurmuşdu. O həmin o nağıllar dünyasının arzuları ilə yaşamış və o nağılların gerçək olacağına inanmışdı. İndi Bakıda yaşasa da, ruhən yenə o nağıllar dünyasındadır. Çünki o, mənə son görüşümüzdə dedi ki, Allah hamının içini, ürəyini görür, ondan heç nəyi gizlətmək mümkün deyil. Hər gün bir az pafoslu çıxsa da, az qala hər an özümün, sözümün içərisində yaşayan Şuşanı elə özümlə də gəzdirirəm, aparıram hər yerəg Şuşalıların da məclisinə, şuşasızların da məclisinəg Şuşalılar olmayan yerə də, şuşalıları tanımayan yerə də. Hətta şuşalıların düşməni olan, şuşalıları Şuşasız qoyan namərdlərin iştirak etdiyi ölkə hüdudlarından kənardakı tədbirlərdə də Şuşa yanımda, canımda olub və olur. Mən onunla nəfəs alıram. Və bilirəm ki, Şuşadakı uşaqlığım, gəncliyim, xatirələrim, arzularım həyatımın silinməyən, pozulmayan səhifələri kimi övladlarım, nəvələrim tərəfindən oxunur. Bunu sözgəlişi demirəm, xoş gəlmək üçün söyləmirəm. Sadəcə deyirəm ki, mənim içimdə olan Şuşa həm də mənim ailəmin içindədi... Və onu da əlavə elədi ki, mənim nağıllar dünyam indi bütün ölkənin, bütün Azərbaycanın geri almağa çalışdığı, uğrunda silaha sarıldığı Qarabağdır, Şuşadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında biz Şuşaya mütləq Qələbə bayrağımızı sancacağıq!
 

TƏQVİM / ARXİV