adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ƏYALƏTDƏ YAŞASA DA...

VAQİF YUSİFLİ
38126 | 2016-04-16 10:48
Şairin məkanı ürəklərdir, - deyirlər. Onun kənddəmi, ya şəhərdəmi yaşamasının ilhamına, istedadına heç bir dəxli yoxdur. Azərbaycanda belə şairlər az deyil. Musa Yaqub, İltifat Saleh, Ramiz Qusarçaylı, Barat Vüsal, Zakir Məmməd, Əlirza Həsrət, Ədalət Salman, Vaqif Aslan, Namizəd Xalidoğlu, Bahadur Fərman, Tərlan Əbilov, Qədiməli Əhməd kimi istedadlı şairlərimiz Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradırlar, onların hər biri müasir poeziyamızın inkişafında az-çox fəallığı ilə seçilir, qaynar ədəbi mühitdən uzaq düşsələr də, oxucuların tanıdığı, sevdiyi şairlərdir. Belə şairlərdən biri də Masallıda yaşayan Qəni Bəxtəvərdir.
Mən Qənini otuz ildən artıqdı tanıyıram. Cənub bölgəsinin ədəbi həyatında Qəni fəallığı adnandı. Elə bir tədbir olmasın ki, Qəni başda oturmasın. Masallının hər kəndində Qənini yaxşı tanıyır, ona ŞAİR deyə müraciət edirlər. O, çox sadə bir adamdı, sözü üzə şax deyən, düzü düz, əyrini əyri kimi qələmə alan, haqsızlığa etiraz səsini ucaldan bir ziyalıdı. Sözü keçməyəndə odunu, yanğısını şeirinə verir. Şeir onun üçün təkcə lirik duyğularını ifadə etmək üçün yox, həm də gördüyü, müşahidə etdiyi haqsız işlərə qarşı üsyan dalğasıdı.
2014-cü ildə Qəninin iki şeir kitabı ("Səhraya qan yağır" və "Dünya can üstədir") çapdan çıxıb. Bu kitabların birinə görkəmli nasirimiz Seyran Səxavət ön söz yazıb. Həmin ön sözdə oxuyuruq ki: "Mən bu şeirlərdən bir neçəsini birnəfəsə oxudum. Göz yaşı gördüm, söz gördüm, şeir gördüm. Hisslərin və duyğuların dənizinə düşdüm. Hiss etdim ki, Qəni Bəxtəvər qışqırmır, o çırpınır. Şeirinə söykənib ayağa qalxmaq istəyir. Və buna nail olur".
Qəni Bəxtəvərin "Söz" adlı şeiri onun həyata, insana, gözəlliyə və sənətə münasibətini çox dəqiq ifadə edir:

Sözün işığına əyilib insan,
Söz də ulduz kimi alışıb yanır.
Sözün də canı var, söz də yeriyir,
Söz də oba-oba gəzib dolanır.

Şəfadır, məlhəmdir hər ürəyə söz,
Sözlə yaraları bağlamaq olur.
Bəzən də diz çöküb sözün önündə,
Hıçqıra-hıçqıra ağlamaq olur.

Ayaqlar altına salmayaq sözü,
Qızıldan bahadır, baş tacıdır söz.
Gələnə beşikdə qol-qanad verir,
Gedənin ömrünün əlacıdır söz.

Qəni Bəxtəvər yazdığı hər şeirdə mümkün qədər Doğru Söz həqiqətinə sadiq qalmağa can atır. Onun həssaslığı xüsusilə diqqəti cəlb edir və fikirləşirsən ki, bu günün şairi məhz belə olmalıdır: Şair haqqı, ədaləti müdafiə etməli, çevrəsində cərəyan edən hadisələrə qətiyyən biganə qalmamalı, yeri gələndə üsyana qalxmalıdır. Təbii ki, onun üsyanı Sözün üsyanıdır. Yaşadığımız həyat sevinclərlə doludur, amma kədər də, qəm də yaxamızdan əl çəkmir. Ən böyük kədərimiz Qarabağla bağlıdır və Qəninin şeirlərində də bu itki, bu yurd yanğısı korun-korun tüstülənir.

Çox qaladım, isinmədi bu ocaq,
Dünyaya bax, yaranandan oyuncaq,
Öz yurdunda əsir oldun, ay uşaq,
Qarışqalar Qarabağdan qayıdır.

Kim yuxlayır, kimin üzü qaradır,
Satan kimdir, açıq bazar haradır?
Xəritədə elim, obam paradır,
Qarışqalar Qarabağdan qayıdır.

Qəni Bəxtəvərin hər iki kitabda Xocalı faciəsi ilə bağlı bir neçə şeiri var və bu şeirlərdə Vətənin gözəl bir parçası olan Xocalının və ordan qaçqın düşən yurddaşlarımızın faciəsi əks olunur. Özü də Qəni o faciədən sonra yaranan əks-sədanı şeirə gətirir. Məsələn, bir şeirində deyir ki, Xocalı toylarında Xocalının sağlığına badə qaldırırlar. Bu isə nadanlıqdır.
Qəninin "Kişilər ölür", "Niyə bir ola bilmirik", "İnsan dəyişir", "Mənim xoşum gəlmir", "Kişi gərəkdir", "Unutduq hər şeyi", "Bir dünya gözəli sarımsaq satır" şeirləri həyatdan alınan, ya hiss olunan, ya da gözlə görülən hadisələrin inikasıdır. Səhvlər, qüsurlar, əyriliklər nədən yaranır? - bu suallara Qəni belə cavab verir ki: "Haqqın gözlərinə biz əyri baxdıq... Gördük haram çəkir, yenə dinmədik". Deməli, yaranan bəlaların kökü ilk növbədə, özümüzdədir. Bəs insanların dəyişməsinə səbəb nədir? Yenə özümüz günahkarıq: "Naxələf kəslərdən yazırıq tez-tez, İtir can üstündə başımız hərdən. Ömrün dolayında azırıq tez-tez, Ümid gözləyirik daş ürəklərdən".
Qəni həssas şairdir. Bu həssaslıq onun təbiətə münasibətində də hiss olunur. Bir gilas ağacının qurumağı görün ona necə təsir edir:

Yaz gəlib, düymədən açılıb sinə,
Yüz ilin ağacı gül açıb yenə.
Naz edir çiçəklər biri-birinə,
Sən niyə qurudun, gilas ağacı.

Qənin həssas bir şair olduğu onun sevgi şeirlərində də hiss olunur. O, sevgiyə-bu ali hissə ömür-gün-həyat-varlıq pəncərəsindən baxır. Sevginin tükənməzliyini, əbədiliyini vəsf edir. "iki bölər dağı, diki, Kim alışdı Leyli təki? Ağır yükdür sevgi yükü, Kim sevgidən doyubsa, de". Sevgisiz yaşamağın dəhşətini isə o, belə ifadə edir:

Sevginin içində kədər görmüşəm,
Min yol ağlamışam, bir yol gülmüşəm,
Qaldır başdaşımı, demə ölmüşəm,
Dünyaya təzədən sən gətir məni.

Mən ki daş atmadım heç vaxt sevgimə,
Sən saldın hicrana, sən atdın qəmə.
Sənə əmanətəm, vermə heç kimə,
Könlünün başında sən bitir məni.

Qəni Bəxtəvər uzun illər öz kəndlərində müəllim işləyib və təbii ki, onun şeirlərində didaktik motivlər də əks olunmalıydı. Bir şeirində Atanın müqəddəsliyi təbliğ olunur, başqa bir şeirində kitabın fəzilətlərindən söz açılır.
Onun şeirlərinin hamısı heca vəznindədir, şeir dili səlisliyilə diqqəti cəlb edir. Ən çox qoşma formasına meyl edir, amma onun qoşmalarında hər bəndin dördüncü misrası eynən təkrar olunur. Bu da qoşmanın bir növüdür, amma istərdik ki, Qəni qoşmanı dədə-baba qaydasıynan qələmə alsın. Qəninin bəzi şeirləri ithaf xarakterlidir, yəni o bölgədə və ondan kənarda yaşayan dostlarına, yaxşılığını, xeyirxahlığını hiss etdiyi insanlara həsr edib bu şeirləri. Qoy olsun! Amma bəzi ithaf şeirləri digər mövzuda yazılan şeirləri ilə müqayisədə zəifdir. Bir sIra şeirlərində isə bəzi təşəxxüslü misralar nəzərə çarpır. "Kölgəsindən qorxan" şeirində yazır ki: "Çıx adam içindən, qoşul şeytana, Sən heç ayağımın tozu deyilsən". Onsuz da həmin şeirdə kölgəsindən qorxanın cizgiləri gen-bol yaradılıb, özünü o adamla müqayisə etmək nəyə lazımmış? "Tanı məni" şeirində də bir məmura xitabən deyir ki":Bircə kitabımı oxumamısan, Bircə şeirimə də dəyməzsən, bala!". Qoy o məmur Qəninin kitabını heç oxumasın, dünya dağılacaq?
Mən Qəni Bəxtəvərə nə arzulayıram? O sadəlik, o səmimiyyət, o zərif və lirik hisslər, o haqsızlığa qarşı etiraz notları var, o yolu həmişə davam etdirsin. Və sonda Qəni Bəxtəvərin bu şeiri ilə sözümüzü bitirək:

Paralanmış bir almayam,
Məni duyan yoxsa, yoxam.
Soyuq ruhum pərən-pərən,
Canım da qan yoxsa, yoxam.

Gülü biçilmiş talayam,
Qoynu sirli bir qalayam,
Saz kimi üzü yolayam,
Qorqud, Ozan yoxsa, yoxam.

Vətənə bax, şıram-şıram,
Qarabağım qara yaram.
Azərbaycan varsa, varam,
Azərbaycan yoxsa, yoxam!

TƏQVİM / ARXİV