BİR GÜN VARIQ, BİR GÜN DƏ YOXUQ

FAİQ QİSMƏTOĞLU
76063 | 2016-04-16 09:38
... Dünya yaranışdan belədir: bir gün gələn, bir gün də Allahın dərgahına qayıdır. Gərək Allahın dərgahına qayıdanda da elə dönəsən ki, üzün ağ ola, çöhrəndə, sifətində işıq ola. Bax, onda bir insan olaraq, bir bənd olaraq rahat olursan və qovuşduğun məkanda bütün varlığın sakitləşir, durulaşır...
Aprelin 1-dən 5-nə qədər Qarabağ uğrunda gedən döyüşlərdə neçə-neçə şəhid verdik. Ancaq bu şəhidlər öz canları və qanları ilə yeni bir tarix - qəhrəmanlıq tarixi yazdılar. O qəhrəmanlıq tarixi Lələtəpədən başlayıb Odundağa qədər uzandı. O qəhrəmanlıq tarixi uzun illərdən bəri donub qalmış bir sükutu yerindən tərpətdi. Və bu sükut yerindən elə tərpəndi ki, yağı düşmən ağzının ovulduğunu, daha doğrusu, loru dildə demiş olsaq, ağzının cırılıb qulağının dibinə qoyulduğunu gördü. Gördü və dabanına tüpürüb həmin yüksəkliklərdən arxasına baxa-baxa necə qaçdısa, hətta bəzilərinin ürəyi qorxudan partladı.
Bəlkə də dığalar bu cür təsəvvür eləmirdilər. İki ayağını bir başmağa dirəyərək deyirdilər ki, bura bizimdi. Heç bir tarixi, heç bir keçmişi olmayan millətin Qarabağ adlı torpağı ola bilməz. Onlar dildə və sözdə çox şey deyə bilərlər, amma onlar Azərbaycan torpağında ölməzlər. Bilə-bilə ölməzlər ha, bilsələr ki, onları Füzulidə, Ağdamda, Cəbrayılda, Qubadlıda, Laçında... öldürəcəklər, dünya dağılsa da ora ayaq basmazlar. Havadarları "qorxma" desə də sonradan gördülər ki, yox, balam, heç kim onların arxasında dayanmayıb və durmayıb. Gözləmədikləri halda öldürücü zərbələr aldılar və başlarına müsibət gəldi. Yalvarıb-yaxardılar, ilan kimi dil çıxartdılar, Putinin ayaqqabısının tozunu yaladılar və bundan sonra Azərbaycan əsgərinin hücumu dayandı...
Bu da müvəqqətidi ha. Əgər ermənilər ipə-sapa yatmasalar, işğal altında olan torpaqlarımızdan çıxmasalar, bu Azərbaycan ordusu onların dədəsini dallarına şələləyəcək. Bax, onda da yükün ağırlığından dığaların belləri qırılacaq...
Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, onların valideynlərinə, yaxınlarına və qohumlarına səbr versin. Bu şəhidlər milyonlarla azərbaycanlının ürəyinə elə bir qəhrəmanlıq toxumu səpdilər ki, onların arxasınca yüz minlərlə cavan ayağa qalxıb bayrağa bürünərək şəhid olmaq istədiklərini bildirdilər. Bizim şəhidlər öz qanları ilə, öz canları ilə elə bir qəhrəmanlıq səhifəsi yazdılar ki, bunun arxası mütləq gələcək...
Hər bir şəhidin xatirəsini ölkə prezidenti və onun ailəsi çox uca tutur. Və heç yadımdan çıxmaz ki, şəhid ailələri ilə görüşəndə Mehriban xanım necə kövrəlmişdi. Sanki o da öz doğmasını, əzizini itirmişdi. Ölkə prezidenti İlham Əliyev isə həmişə şəhid ailələrinin yanında olur. O hadisə də yadımdan çıxmayıb. Milli Qəhrəman Mübariz İbrahimovun dəfn mərasimində cənab prezidentin necə kövrəldiyini heç vaxt unuda bilmirəm. Prezidentin gözləri doldu və yumruğunu düyünləyərək dedi ki, bu qan yerdə qalmayacaq. Aprelin 1-dən 5-nə kimi gedən döyüşlərdə Mübariz kimi oğlanların qanı yerdə qalmadı. Və bundan sonra şəhid olanlarımızın qanı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbirincə desək, yerdə qalmayacaq.
Dövlət həmişə öz vətəndaşlarına atalıq edib. Və bu gün də şəhid ailələrinə belə bir dövlət səviyyəsində qayğı demək olar ki, göstərilir. Amma məni bir məsələ narahat edir ki, heç də bütün nazirlər və məmurlar cənab prezident kimi şəhid ailələrinə sevgi ilə yanaşmırlar. Sözümün canı ondan ibarətdir ki, şəhid ailələri hər cür sevgiyə, istəyə və qayğıya layiqdirlər. Onlara mənzil verilməlidir, maşın hədiyyə edilməlidir, uşaqları pulsuz təhsil almalı və pulsuz da müalicə olunmalıdır. Əgər kredit borcları varsa həmin borclar da silinməlidir. Mən bilirəm ki, cənab prezident şəhid ailələri üçün çox işlər görüb və bundan sonra da görəcəkdir. Amma başqa məmurların da şəhid ailələrinə kömək göstərməsini arzulayıram. Heç bir nazir, heç bir icra başçısı, heç bir polis rəisi şəhid ailəsinə və onların övladlarına yuxarıdan aşağı baxmalı deyil. Gözünün ağı-qarası bir övladını Vətənə qurban verən şəhid ailəsinə hörmətlə yanaşmalıdırlar.
Astara rayonundan Qarabağ uğrunda döyüşən bir igid oğlan bu yaxınlarda Füzuli istiqamətində həlak olub, daha doğrusu, şəhid olub. həmin əsgərin 3 il bundan əvvəl toyunu elə Füzulidən olan Manaf Ağayev aparıb və toyda da "Ay Vətən oğlu" mahnısını dəfələrlə ifa edib. Və səhv etmirəmsə, həmin şəhid oğlan "İgidliyə görə" medalla da təltif edilib. Onun ölüm xəbərini eşidən müğənni Manaf Ağayev Astaraya gedib və şəhidin məzarı üstündə hamını kövrəldən və doluxsunduran "Ay Vətən oğlu" mahnısını oxuyub. Bu mahnının ifasından sonra yüzlərlə gənc şəhidin qəbri üstündə and içərək onun qanının yerdə qalmayacağını bildirib.
Bu gün insanların qəlbində Vətən, Qarabağ sevgisini heç br müasir silah və düşmən qüvvəsi məhv edə bilməz. Çünki bu sevgi, bu məhəbbət o qədər güclüdür ki, Vətən yolunda yüz minlərlə Azərbaycan bayrağına bürünmüş gənclər döyüşmək istəyirlər. Yeni mübarizlər, yeni qəhrəmanlar yetişir və onlar günlərin bir günü and olsun Allaha ki, üçrəngli bayrağımızı işğaldan azad ediləcək hər bir şəhərimizə sanca biləcəklər. Çünki onların qəlbində, ürəyində ölkə prezidentinə, Vətənə və Qarabağa əbədi bir sevgi və məhəbbət var. Allah bu sevgi və məhəbbəti qorusun!..

TƏQVİM / ARXİV