Dağ çəkən Təpə

İRADƏ TUNCAY
83570 | 2016-04-15 15:47

Aprel ayıdı... Amma elə bir aprel ki... Elə yaz kimi aprel... Ağaclar çiçəkləyib, yağış da yağır hərdən... Xəbərləri dinləyən kimiyəm televizorun qarşısında. Qulağım bəzi sözləri çalır... Folklend-Malvin adaları deyir aparıcı... Hardasa okeandakı arxipelaq... Nəyimə lazımdı? "Cəhənnəmə olsun”- deyib keçəcək vaxtımdı. Özüm də yaz kimiyəm – 82-ci ilin aprelidi axı...

***

Bəşərin qardaşıdı müharibə. Lap əkiz qardaşı... Birlikdə doğulub-böyüyüblər .... ... İnsan gəlib dünyaya – sevmək, yaratmaq, harmoniyada olmaq üçün dünya ilə... Amma doğulandan ağrıyla, itkiylə dostdu...

Yaşadığı məkanı çəpərləyəndən, kandarını bəlli edəndən savaşır insan . Bunu yaşasa da dərk edə bilmir. Məşhur şeirdə deyildiyi kimi: əvvəl daş atıb yarıçılpaq, qədim insan... Niyə atıb? Sərhədi geniş olsun deyə? Bu gen dünyada bir az o yan-bir az bu yan artıq olacaq? Bu bir az üçün 100 illik müharibələr də olub, üç gün çəkəni də....

Hərbdə blits-kriq termini var. Sürətli müharibə... İldırım sürətli müharibə. İlk dəfə almanlar istifadə edib bu termindən. Anlamı budur ki, düşmən zərbələrdən özünə gələnəcən, səfərbər olanacan sən vurub keçirsən bütün maneələri... Günlər, həftələr, aylar ərzində olmalıdı... İkinci Dünya Müharibəsində Fransanın işğalı 44 gün, Polşanın işğalı 36 sutka çəkmişdi... Uğurlu əməliyyatlar...

***

82-ci ilin aprelində Britaniya öz sahillərindən 13 min kilometr uzaqda yerləşən, Argentinaya isə 400 kilometr məsafədə olan Folklend adalarına desant çıxarır. Səbəb isə Argentinanın adalara iddia edərək ora qoşun tökməsidi. Konfliktin tarixi bir əsr əvvələ dayansa da savaş məhz 1982-ci ilin aprelində başlayır. Tarixi ədalətsizliyə son vermək istəyir Argentina. Axı onlarındı bu adalar... Təbii ki, ingilislər belə düşünmür... Dünya iqtisadi böhran içindədi. Hər iki ölkədə narazılıq artmaqdadı və sadalamadığım bir çox səbəblər də var bunun içində. İlk günlər dünya konflikti sakit izləyir – BMT həmişəki kimi qətnamə qəbul edir, tərəfləri sülhə dəvət edir. Amma tərəf deyəndə Böyük Britaniyanı fikirləşsək, onda BMT qətnaməsinin nə qədər dəyəri ola bilər ki?!

***

Adanı Britaniya qarnizonunun əlindən alan argentinalılar ilk günlər eyforiyaya qapılırlar. Güman edirlər ki, artıq Britaniyanın dünya siyasətində əvvəlki nüfuzu yoxdu... Amma unutdum deyəm ki, həmin vaxt baş nazir Marqaret Tetçer idi axı... Hikkəli xanım öz ölkəsinin prestijini yerə vura bilməzdi. Donanma və aviasiya artıq adalara yaxınlaşmaqda idi. Adaların blokadası başlayırdı. İlk olaraq ingilislərin sualtı qayiğı Argentinanın kreyserini batırır – 323 dənizçi həlak olur gəmidə. Bu şərtlər daxilində dənizdə uğur qazana bilməyəcəyini anlayan argentinalılar aviasiyaya üstünlük verirlər. Elə fikirləşirlər ki, aviasiya zərbələri, insan itkisinin çoxluğu Britaniyanı geri çəkilməyə məcbur edəcək... Bu düşüncəyə ancaq gülmək olar. İnsan itkisi haqqında düşünən ölkə dünyanın yarısını fəth edə bilməzdi... İyunun sonuna qədər davam edir bu qeyri-bərabər savaş...74 gün ... Nəticə isə...

***

Adalar üzərində Böyük Britaniyanın hakimiyyəti qeyd-şərtsiz təsdiq olunur (qarşı tərəf narazı olsa da ).

***

İtkilər – Böyük Britaniya: 248 əsgər həlak olur, 2 freqat, 2 esminets, 1 desant gəmisi, 1 desant kateri, 1 konteyner daşıyan batırılır, 34 təyyarə və vertolyot vurulur.

***

Argentina: 649 nəfər həlak olur (19 pilot), 11 minə yaxın əsir düşür (minalanmış sahələri təmizləmək üçün əsirlərdən istifadə olunur), 1 kreyser, 1 sualtı qayıq, 1 gözətçi qayığı, 4 nəqliyyat gəmisi, 1balıqçı trauleri batırılır, 22 hücumçu, 11 qırıcı təyyarə vurulur (ümumilikdə 100-dən çox təyyarə və vertolyot. Demək olar ki aviaparkın hamısı).

***

1982-ci ilin oktyabrında Londonda parad keçirilir. Tetçer qələbəsini qeyd edir. O, öz yüksəkliyini vətənindən 13 min kilometr uzaqlıqda olan bir adada fəth etmişdi. Özü orda olmasa da... Argentinalıların isə mənliyi tapdanır.... 2014-cü ilin oktyabrında Argentinada çəkiliş edən Britaniya televiziya proqramı qrupuna Folklend müharibəsi veteranları hücum edirlər, əzilmiş heysiyyətlərinə toxunduqları üçün. Jurnalistləri polis konvoyu ilə ölkədən çıxarıb Çili sərhədinə ötürürlər...

***

Tarixçilərin yazdığına inansaq, İkinci Dünya Müharibəsindən sonra yeganə savaşdi ki , hərbi-dəniz qüvvələrinin irimiqyaslı hücumu savaşın nəticəsini həll edib.Və burda bir çox hərbi ilklər də olub...

Və yaxşı yadımdadı, 1982-ci ilin iyununda İspaniyada dünya çempionatı keçirilirdi futbol üzrə. Həmin çempionat Maradonanın ulduz saatının başlanğıcı idi. Və Argentina millisinin futbolçularından birinin qardaşı Folklend adalarında həlak olmuşdu. Çıxdı amma meydana, öz oyununu oynadı... Tale başqa oyun oynasa da...

1986-cı ilin iyununda Maradona "əsrin qolu” adlanan bir qol vurur yumruğuyla ingilis komandasının qapısına – əl ilə vurulsa da qolu sayırlar. Maradona "bu Tanrının əliydi”- deyir... Çox illər sonra isə Folklend məğlubiyyətinin revanşı adlandırır....

***

Müharibə haqqında söz demək haqqını qanlı səngərlərdə qazanmış savaş müxbirlərinin yazdıqlarını oxudum təkrar.Tolstoyun, Heminqueyin, Ekzüperinin... Tolstoy deyir ki, insanlar görüşəndə bir birinə "salam olsun " (mir vam) deyirlər. Müharibə yaranışa, insan təbiətinə zidd bir şeydi... Ekzüperi deyir ki, ev üçün ölmək olar, içindəki əşyalar və divarlara görə yox... Məbəd üçün ölmək olar, daşlar üçün yox... Xalq uğrunda ölmək olar, kütlə uğrunda yox... Heminquey isə deyir ki, savaş vaxtı yalan danışmaq ehtiyacı yaranır... Yaranıbsa, bunu tez və gözəl təqdim eləmək lazımdı... Yenə Heminqueydən: "O zaman ki insanlar öz torpaqlarını işğalçılardan azad etmək üçün döyüşürlər, o zaman ki həmin insanlar sənin dostlarındı – köhnə, ya da təzə və sən bilirsən ki, hücum hardan olub, cavab hardan gəlib, silahsız, əliyalın insanların ölüm-qalım savaşı necə olub - anlayırsan. Anlayırsan ki, müharibədən dəhşətli də nəsə var. Qorxaqlıq daha dəhşətlidi, xəyanət daha dəhşətlidi, eqoizm daha dəhşətlidi".

***

Yazıçı kimi deyiblər bu sözləri, amma vətəndaş kimi döyüşüblər... Gündəlik yazarlar savaşı banal hadisəyə çevirməyə cəhd edir bəzən. 19 yaşlı bir gəncin taleyüklü məqamlarda məsuliyyət hissini anlaya bilmir. Ordunu, ordakı insanları, ordu həyatını sevməyi bacarmır... 1941-1945-ci il müharibəsində orduya gedən yüz nəfərdən ancaq üçü salamat qayıda bilmişdi...Mən də istərdim ki, güllələr yox, güllər açılsın... Aprel aprel kimi gəlsin.... İnsanlar da öz yaşlarının baharını yaşasın...Əgər buna imkan vermirlərsə, necə olsun bəs? Əcəl zəngi çalınırsa, necə olsun? Əlvida, silah- deməyə tələsməyək, irəlidə yeni döyüşlər gözləyir bizi... Bitməmiş müharibə və formalaşmamış insan cəmiyyəti.

... Sevmədim mən bu uzun illəri. Yəni illər onsuz da uzun olur da, amma fevral ki, 29 gün oldu - mən əzəl gündən itkilər haqqında düşünməyə başlayıram. Belə bir takıntım var.....

***

...Bir Təpə hamımızın üstündən yüksəlib Dağa dönür... Dağ çəkir Təpə... Və savaşı Vətən müharibəsinə döndərə bilir...

 

TƏQVİM / ARXİV