ŞEİRİN MAARİF SOLTAN CIĞIRI...

VAQİF YUSİFLİ
46080 | 2016-04-09 10:17
(Maarif Soltanın 60 yaşı tamam olur)

İllər nə tez gəldi, keçdi. 1980-ci ildə Qorki adına Dünya Ədəbiyyatı institutunun I kurs tələbəsi Maarif Soltan "Azərbaycan" jurnalına şeirlərini gətirdi. İyirmi dörd yaşlı bu gəncə yaşıl işıq yandırıldı. Doğulduğu İsmayıllı rayonundan Bakıya böyük ümidlərlə gəldi, əvvəlcə texniki-peşə məktəbinin tələbəsi oldu, sonra metro tikintisində fəhlə işləyən Maarifin Moskvada təhsil alması heç də təsadüfi deyildi. Yazıçılar Birliyində onun istedadlı olduğunu sezmişdilər. İllər keçdi, o, Moskva təhsilini başa vurdu, döydüyü poeziya qapısı üzünə həmişə açıq oldu, o, bir şair kimi tanındı, sevildi. Maarif Soltan bu illər ərzində cəmi iki şeir kitabı çap etdirsə də, ədəbi prosesdən qətiyyən uzaqlaşmadı, otuz ilə yaxındır ki, "Qobustan" incəsənət jurnalında çalışır, indi redaktor müavinidir.
Maarif Soltan "səksənincilər" adlanan ədəbi nəsildəndir. İndi bu nəslin nümayəndələri bircə-bircə altmış yaşı haqlayırlar. Onların bir çoxu ədəbiyyatımızın aparıcı mövqeyini təmsil edirlər. Dünyanı, həyatı dərk edən, amma dərk etdikcə də anlamaq həvəsi tükənməyən bir nəsil...

Dərk elə özünü, dərk elə, qardaş -
Tanı içindəki gücü, qüdrəti,
Tanı içindəki kini, nifrəti,
İçində gizlənən şeytanı tanı.
Gör bir rəngdədir damarda qanın,
Oyat içindəki məhəbbəti də.
Oyat içindəki o həsrəti də.
Özündən soruş ki, kimsən, nəçisən,
Sənin bu dünyadan nədir istəyin?

Mərhum şairimiz İsa İsmayılzadə Maarif Soltanı "Ovqat şairi" adlandırıb. Yazırdı ki, Maarif şeirə gələn duyğuları bütün varlığı ilə yaşayır, hay-küysüz, qaraqışqırıqsız sözləri dilləndirir, hissin təbii axarına qoşulub ürəyini boşaldır. Daha sonra yazırdı ki, Maarifin şeirlərində dialektik hökmə rast gəlmədim, o, uzunçuluq eləməsin deyə, poetik detallarla fikirləşməyi xoşlayır. Əlbəttə, görkəmli bir şairin o zaman gənc həmkarı haqqında söylədiyi bu fikirlər əsil həqiqəti ifadə edirdi. "Ovqat şairi" M.Soltan içində yaşadığı hissləri gizlətməkdən çəkinmirdi, amma bu hisslər şeirdə cilalanırdı, gah kövrək notlara, gah da çılğın deyimlərə çevrilirdi. Onun "Qapı" silsiləsindən olan şeirləri bəxt, tale, həyat, yaşamaq ehtirası, fərdin ömür yolu - bu yolun aşırımları haqda bitkin bir poetik təəssürat yaradırdı. Şeirimizdə Qapı ilə bağlı müxtəlif yozumlarla qarşılaşmışıq-bəxt, yığval, taleyin üzə gülümsəməsi və ya əksinə, talesizlik bu anlayışda əks olunub. M.Soltanın şeirində Qapı bir obraz kimi diqqəti cəlb edir. Qapı lirik qəhrəmanın həyat yolunun maneələri kimi düşünülür. Qapı açılırsa, bəxt, tale üzünə güləcək, açılmazsa, necə?

Üzümə örtülən qapı,
Açıl daha, açıl daha.
Açıl bir işıqlı günə,
Açıl bir xoşbəxt sabaha!

Üzümə örtülən qapı,
Nə səni aça bilirəm,
Nə səni vurub sındırıb,
Nə səndən qaça bilirəm.

Şeirdə Qapı ilə Şair obrazının birləşdiyi, daha doğrusu, birincinin ikinciyə çevrilməsi prosesi baş verir. "Mən özüm də bir qapıyam, Ağrı-acı məndən keçər". Amma silsilədə məram sonda bəlli olur. Qapıların o üzündə qalan dünyada görəsən nə var? Bəlkə o tərəfdə səadət gözləyir lirik qəhrəmanı. Bəlkə rüşvət, xəyanət?
Qapı obrazından sonra Səs obrazı gəlir. Buna da M.Soltan maraqlı, orijinal çalarlar tapa bilir. Səs burada daha geniş məna daşıyır - insanın arzusu, istəyi, azadlığı kimi. Səsi öldürmək olmaz, boğmaq olmaz, amma:

Səsimiz boğulur içimizdəcə...
Boğulur Bakının küçələrində.
Əkin yerinə döndü
səsimiz gələn tərəf -
Tanklarla şumladılar,
Güllə-toxum səpdilər səsimiz gələn səmtə.
Başladı yaz yağışı -
Göz yaşları çilədik,
Göz yaşıyla suvardıq qurğuşun toxumları.
Qan-qırmızı
ŞƏHİD MƏZARLARI bitdi
Səsimiz gələn səmtdə.

Başqa bir obraz - YOL. Maarifin Yolla bağlı bir neçə şeiri var. "Bu yol" şeirində sadəcə olaraq yolun səmti, insanı haraya aparacağı müəyyənləşir. "Bu yoldursa, hara gedir, ilahi?" Yolların da insan taleləri kimi müxtəlifliyi, hər yolun da özünün səmti bilinir. "Vəzifə yolu var, qeyrət yolu var, Koroğlu yolu var, Həmzə yolu var". İnsan yollar ayrıcındadır, düz yol hardadır? Çünki: "Yol deyil, bəlkə də qızıl ilandı Qıvrılıb haçansa-çalacaq bizi". Amma "Yol" şeirində səmt müəyyənləşir:

Bu yolların əvvəli özümüzdən başlanıb
Özümüzə gedirik
özümüzə çatınca.
Atadan, anadan, baladan keçib
Nə qədər əzabdan, bəladan keçib,
Dünəndən, bu gündən, sabahdan keçib
Özümüzdən böyük günahdan keçib
Özümüzə gedirik.

Maarif Soltan tale şairidir. Yəni insan taleləri, bu talelərin sınaqları, enişləri-yoxuşları, sarsıntılı anları, ya da sevinclə, səadətlə dolu günləri ümumiləşdirilir. Amma əsasən bir insan taleyinin fonunda. O insan bizim müasirimizdir. İnsan həmişə xoşbəxtlik haqqında düşünür, yoluna xeyirxah adamlar da çıxır, köntöylər də. Ağrıların, mənəvi əzabların ardınca xoşbəxt bir gün də gələ bilər. "O sevgili gecə səhərə kimi O xoşbəxt ulduzun altında durdum".
Maarifin "Məktublar" silsiləsi də onun yaradıcılığında yaşanılan ömrünün poetik təəssüratlarını ifadə edir. "Atamın məktubuna cavab" və "Anama məktub"da cavanlıq illərinin "sərgüzəştləri" əks olunur - şəhərin gurhagurunda bir kəndli balasının keçirdiyi hisslər qabardılır. Məktublar bir şair ömrünün yaşa dolduqca dünyanı, insanları, həyatı dərk etməsi, sənət aləmində nəyəsə nail olması haqda təsəvvürləri genişləndirir. Budur, "yasnaya Polyanadan məktub"da artıq kamilliyə can atan bir şairin etiraflarını eşidirik:

Baş əydim,
Torpağını öpmədim amma
Yasnaya Polyananın.
Azadlığa bənzəyir başdan-başa.
Tolstoyun məzarı da azadlıq kimidir, gülüm.
Əsasən real hissləri qələmə alan
Maarif Soltan həm də romantik şairdir. Bu romantik duyğulardan "Bahar düşüncələri" doğur, İsmayıllı lövhələri doğulur, aylı gecələrin şeiriyyəti hasil olur, səhərin açılmasını görürük.

Aylı gecələrdən doya bilmədim,
Aylı gecələrə dönəcəyim yox.
Aylı gecələrdə ölmək də xoşdur -
Aylı gecələrdə öləcəyim yox.
Aylı gecələrin bəxtəvərliyi,
Çıxmaz qiyamətdə, çıxmaz yadımdan.

Maarifin sevgi şeirləri də yaşanılan hissləri kimi təmizdir. Hiss olunur ki, bu sevgi şeirləri ötəri və keçici duyğulardan deyil, qəlbin saf havasından, məhəbbət anlarından yaranıb. Özü də Maarif Soltanın şeir duyumu, yəni hisslərini ifadə etmək üçün işlətdiyi bədii təsvir vasitələri də gözdən yayınmır.

Yenə də başladı yaz yağışları
göz yaşların kimi duru, dupduru...
...Mən lap körpəliyimdən
söyüdləri sevirəm.
Sən söyüdlər kimi pərişansan
...Sən sükut kimisən,
Hər şeyin başlanğıcı,
Və sonu - sən.
...Bu şəhərin qızları
Ay işığına bənzər.
...O qızın gözləri kimi
Bu dünyada çox şey qara.

Amma o sevgi şeirlərində həm də Məcnunluq görürük. Təbii ki, səhra Məcnunu yox, ali hissə-sevgiyə can atan, hər əzaba tab gətirməyi şərəf bilən yeni aşiq tipi. Baxın:

Ucaldın gözümdə səni sevəndə
Gülüm, mənim üçün bu da kədərdi.
Mənim həsrətimin, qəmimin yaşı
Elə sevgimizin yaşı qədərdi.

Dönmüsən mənimçün xəyala indi,
Səni ha qovuram tuta bilmirəm.
Gözümdə o qədər ucaltdım səni,
Özüm o zirvəyə çata bilmirəm.
Maarif Soltan Azərbaycan təbiətinin füsunkar bir nəğməsi olan İsmayıllıda dünyaya göz açıb. İsmayıllı Azərbaycanın min cür rənglərdən toxunan bir sənət xalçasıdır, - deyirəm. Bəlkə də mənim bu təşbehim tam deyil, dolğun deyil. Çünki şeiri sevsəm də, şair deyiləm. Amma Maarif Soltanın şeirlərində İsmayıllının təbiəti, gözəllik mənzərələri görümlüdü, duyumludu. Hətta o şeirlərdə İsmayıllının adı çəkilməsə belə, hiss olunur ki, bu təbiət şeirləri məhz Maarifin dünyaya gözünü açıb gördüyü dağdı, dərədi, bənövşədi, bulaqdı...

Bəxtəvər-bəxtəvər göyərir bu yaz
Bənövşə qoxusunda,
Gəlin yuxusunda, qız yuxusunda,
Çoban tütəyində, bulaq səsində.

Durnaların köçməsindən çox yazıblar. Maarif də yazıb və onun şeiri də təsirlidir:

Göz yaşı anamın bəbəklərində
Əriyər qar kimi, donar qar kimi.
Bir qatar durnanın həsrəti qalar
Kəndimiz üstündə yadigar kimi.
Nigaran-nigaran baxar qocalar.
Buludlar o ki var boşalar, dollar...
Durnalar köçəndə kəndimiz üstdən.

Yenə İsa İsmayılzadənin "Ovqat şairi" yazısına boylanıram. İsa müəllim yazırdı ki: "Maarif Soltan orijinal bir poetik estafetin (yəni "altmışıncılar"ın) davamçılarından biridir". İndi Maarifin özü və onun istedadlı yaşıdları bir poetik estafetin ötürücüləridir. Yeni ədəbi nəsil bu estafeti qəbul etməlidir. Sözə həssaslıqla yanaşmaq, yalnız yaşanılan hissləri poeziya dilinə çevirməyi, adi sözləri şeirdəı qeyri-adi lövhələr kimi təqdim etməyi Maarif Soltan və onun şair yaşıdlarından öyrənmək olar.
Və nəhayət, deyim ki, Maarif Soltan nikbin şairdir. Altmış yaşına da elə bu nikbinliyilə gəlib çatıb:

Bir meşəli dağ ola
Oturub təpəsində
baxasan budu dünyaya.
Və gözünə görünməyə
görmək istəmədiklərin.
Sonra da qışqırasan:
- Sevirəm səni, DÜNYA!

TƏQVİM / ARXİV