adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2016 14:38
60298
MÜSAHİBƏ
A- A+

İlham Məmmədov: “Seçicilərimlə şəxsi tanışlığım var” - MÜSAHİBƏ

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçənləri təmsil etmək. Ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi.

Beləliklə, Adalet.az saytının "Yeni Mandat” rubrikasının bugünkü qonağı 48 saylı Yevlax Seçki Dairəsindən millət vəkili seçilən İlham Məmmədovdur.

-İlham müəllim, ilk öncə cəbhə xəttində baş verən son olaylara münasibət bildirməyinizi istəyərdik.

-Atəşkəs elan olunduqdan bu günə kimi cəbhədə belə böyük bir həmləli döyüş olmamışdı. Biz Azərbaycan ordusunun müdafiə gücünün nələrə qadir olduğunu görürük. Əgər Ali Baş Komandanımız əmr versə, bu gün axşam Xankəndini almağa hazırıq. Torpaqlarımızı işğaldan azad etməyə ordumuzun həm gücü və həm də döyüş əhval-ruhiyyəsi çatır. Cəbhəyanı bölgələrdə yaşayan insanlar, bütün Azərbaycan böyük ruhdadır. Bu gün yürüş edib Qarabağımızı erməni işğalından azad etməyə hazırıq. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Tərtər istiqamətindəki Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Ali Baş Komandanımız Təhlükəsizlik Şurasının iclasında da qeyd etdi ki, işğaldan azad etdiyimiz yüksəkliklər çox böyük strateji əhəmiyyətə malikdir. Bu qələbə münasibətilə Azərbaycan ordusunu və xalqımızı, millətimizi təbrik edirəm.

-Sizcə, cəbhədə baş verənlər erməni təxribatıdır?

-Əlbəttə, bu düşmənin növbəti təxribatıdır. Bu təxribat heç də səbəbsiz deyil. Son illərdə Azərbaycanın gücü, dünyada söz sahibi olması, cənab prezidentin uğurla apardığı daxili və xarici siyasət, Avropada, ABŞ-da və dünyada Azərbaycanın müsbət imicinin formalaşması Ermənistanı təşvişə salıb. Onlar öz havadarlarına arxayın olaraq bu təxribatı törətdilər. Amma gördülər ki, xalqın və onun oyanmış milli ruhu qarşısında heç havadarları da köməyə gələ bilməz. Ermənilərin havadarları da bu gün əl-ayağa düşüblər. ATƏT-in Minsk qrupunun bu günə qədər verdiyi bəyanatlardan görünür ki, onlar əməli iş görmürlər. Əməl işi yalnız Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız və onun güclü, qüdrətli ordusu görəcək. Erməni silahlı qüvvələri əgər bir daha belə bir təxribata əl atacaqsa, layiqli cavablarını yenə də alacaqlar. Onlar da fikirləşsinlər ki, bizim torpaqlarımızı işğal edən özləridir.

-İlham müəllim, regionda baş verən siyasi gərginliklə bağlı nə deyə bilərsiniz?

-Bu gün dünyada qlobal gərginlik var. Siyasi və onun nəticəsi olan problem yaşanır. Artıq dünyada ikili standartlar adi həyat normasına çevrilib. Ədalətin pozulması göz qabağındadır. Vəziyyətin belə olması təbii ki, Azərbaycanın da yerləşdiyi regionda bir sıra problemlər yaradıb. Yeni ocaqlar əmələ gəlib. yaxın Şərqdə olan müharibələr, toqquşmalar, böyük güclərin iqtisadi və siyasi maraqlarının toqquşması kontensində olan məsələlər bütün dünyanı qarışdırıb. Dünyanın ictimai siyasi mənzərəsi çox gərgindir. Bütün bunların içində Azərbaycan bu gün məhz möhtərəm prezidentimizin çox ağıllı, cəsarətli, müdrik siyasəti nəticəsində bu siyasəti qoruyur. Bizi çox narahat edən məsələ Rusiya ilə Türkiyə ilə olan münasibətdir. Hər iki ölkə ilə münasibətlərimiz var. Azərbaycan iki ölkə arasında yaranan soyuq münasibətin qısa bir zamanda öz müsbət həllinin tapmasının tərəfdarıdır.

-Seçicilərinizlə tez-tez görüşürsünüz?

-Bəli. Yevlaxda seçicilərimlə müntəzəm görüşlərim olur. Artıq onlarla millət vəkili vətəndaş kimi deyil, yaxın tanış kimi görüşürəm. Seçicilərimin böyük əksəriyyətini şəxsən tanıyıram.

-İlham Məmmədovun seçicilərinin nə kimi problemləri var?

-Problemlər çoxdur. Bu problemləri müxtəlif kateqoriyaya bölmək olar. Məişət, sosial, şəxsi müraciətlər olur. Son zamanlarda olan müraciətlərdən ən çoxu işsizliklə bağlıdır. Təbii ki, bu gün bu problem o qədər qabarıq görünməsə də, işsizlik problemi var. Bunun həlli üçün müəyyən addımlar atılır. Bu gün torpağa bağlılıq istənilən səviyyədə deyil. Bu da işsizlik probleminə müəyyən rəvac verən amillərdəndir. Cənab prezidentin həyata keçirdiyi sosial siyasət nəticəsində vətəndaşlar müəyyən sosial yardımlar alır. Sosial yardım məsələsində də baxırsan ki, vətəndaşlarda müəyyən arxayınlıq yaranır. Mən düşünürəm ki, vətəndaşların torpağa bağlılığı bu və ya digər dərəcədə artırılmalıdır. Bundan əlavə hər kəs öz bildiyi, bacardığı işlə məşğul olmalıdır. Sənətkar sənətkarlığı ilə, əkinçi əkinçiliklə ilə məşğul olmalıdır. Əkinçi bilməlidir ki, istehsal etdiyi məhsulu bazara çıxara biləcək. Onun satışından mənfəət götürəcək.

-Bu günə kimi seçicilərinizin problemlərinin həllinə nə dərəcədə nail olmusunuz?

-Mənim Milli Məclisdə fəaliyyətim 15 ilə bərabərdir. Artıq müəyyən təcrübə toplamışıq. Eyni zamanda, mən, uzun müddət Yevlaxda yaşamışam, həkim işləmişəm, Yevlax Mərkəzi Xəstəxanasının baş həkimi işləmişəm. YAP Yevlax rayon təşkilatının sədriyəm. Bu insanları deputat-seçki münasibətlərində yox, yuxarıda da qeyd etdiyim kimi, şəxsi münasibətdə də tanıyıram. Müraciətlər çox olur. Deputat kimi çalışırıq ki, bütün seçicilərin problemi ilə maraqlanaq, onların həllinə nail olaq. Bu yaxınlarda bir seçicim böyrək çatışmamazlığı ilə bizə müraciət etmişdi. Səhiyyə Nazirliyinə müraciət etdim. Problem öz həllini tapdı. Bundan əlavə vətəndaşların dam örtükləri digər sosial problemləri öz həllini tapıb.

-Deputata dam örtüyü ilə bağlı müraciətlər edirlər?

-Əvvəlki çağırışlardan fərqli olaraq bu səpkili müraciətlər çox azalıb. Çünki rayon icra hakimiyyəti insanlarla sıx işləyir. Rayon rəhbərliyi vətəndaşlarla səyyar görüşlər keçirir. Vətəndaşlar problemlərini rayon rəhbərliyinin diqqətinə çatdıra bilir.

-Yevlax rayonunda müxalifətlə münasibətiniz necədir?

-Müxalifətlə çox konstruktiv münasibətimiz var. Hamısı yerli sakinlərdir. Bu insanlar da yerlilərimizdir, kosmosdan gəlməyiblər. Onlarla söhbət edəndə məni qane edən məsələlər olur. Görürəm ki, onlar dünyada gedən prosesləri analiz edə bilirlər. Bu müsbət haldır.


Ədil Ədilzadə