adalet.az header logo
  • Bakı 7°C
02 Aprel 2016 01:15
38882
GÜNDƏM
A- A+

UNUDULMAYAN BİR ŞAİR: Böyükağa Qasımzadə

(Şairin 100 illiyinə)

Deyirlər ki, əsl şairlərin ölümü olmur. Onların mənəvi, ölümsüz həyatı sonra başlayır - fiziki cismi torpağa tapşırılandan, məzar daşlarına adları həkk ediləndən, ancaq ən başlıcası, bir neçə nəslin yaddaşında yaşayandan sonrag Həmin şairi sonuncu görən insan da dünyadan köçər, yerdə qalar şeir-sənət.
Bu gün - XXI əsrin başlanğıcında XX əsr şairi Böyükağa Qasımzadəni (1916-1957) hörmətlə xatırlayanlar, ondan gözəl bir şair və tərcüməçi kimi söz açanlar hələ yaşayır (allah onlara da uzun ömür versin). Mirvarid xanım Dilbazi, Qılman İlkin B.Qasımzadadən bir ədəbi nəslin nümayəndələri kimi, H.Abbaszadə, N.Xəzri, B.Vahabzadə bir böyük qardaşları və dostları kimi, F.Qoca, N.Həsənzadə, Y.Həsənbəy, İ.Tapdıq isə ilk şeirlərinə yaşıl işıq yandırmış insan kimi söz açırlar.
Ədəbiyyat tarixində az-çox yeri və xidməti olan sənətkarları unutmaq, onların xatirəsini anmamaq insafsızlıqdır. Son illərdə belə bir tendensiya yaranıb ki, sovet dövrü şairlərini yad etmək lazım deyil, onların çoxu Leninə, partiyaya, sosializm quruluşuna mədhiyyələr yazmış, ideologiyanın qulu olmuşlar. Bu zərərli fikrin yayıcıları elə özləri pioner andından, komsomol köynəyindən keçənlər deyillərmi? Anlamaq lazımdır ki, olub keçmişlərə görə nə şairi qınamaq lazımdır, nə də o şairin yaşadığı ədəbi mühiti. Hər dövrün, zamanın öz ictimai ritmi, bu ritmlə uyğunlaşan mövzuları olur. Böyükağa Qasımzadənin şeirə gəldiyi 30-cu illərin ictimai-siyasi və mənəvi mənzərəsini göz önünə gətirmək çətin deyil. Ancaq hər hansı bir mürəkkəb dövrün də mənzərəsində istənilən şairin obrazını görmək mümkündür. Böyükağa Qasımzadə bu mənada çox səmimi şair idi. Onun istənilən şeirini oxuyun, bu şeirlərin hər birisində həmin şair səmimiyyətinin anları ilə üzləşəcəksiniz.

Görənlər danışır, bir yaz axşamı
Vəfasız bir ölüm, qarlı bir külək
Söndürdü ömründə yanan ağ şamı.
Qırdı qollarını o zalım fələk
Vəfasız bir ölüm, qarlı bir külək.

"Ana məhəbbəti" adlanan bu şeirdə şair anasızlıqdan doğan kədərini ifadə edir, şeirin ilk bəndlərində hiss olunan oğul kədərini sonra get-gedə bir nəşə və sevinc hissi əvəz edir. "İndi çiçək açıb hər tərəf, hər yan. Sən görən günlərdən qalmamış bir iz". Bəli, bu nəşə və sevinci o dövrün intibasından doğmuşdu, elə bir nəşə və sevinc ki, S.Vurğun da, S.Rüsəm də, R.Rza da, hətta az sonra repressiyaya uğrayan M.Müşfiq də tərənnüm edirdilər. Bu hiss, bu duyğu, bu nəşə özünü məharətlə pərdələyən bir sistemin insanlara bəxş etdiyi aldanışlardan doğurdumu, yoxsa şairlərin, ədiblərin bunları təbii qəbul etməsindənmi? Hər halda, poetik tarixə dönmüş nümunələrdə bu suallara dəqiq cavab tapa bilərik. Şairin nə qədər səmimi və qeyri-səmimi olduğu da bu poetik nümunələrdə açıqlana bilər. B.Qasımzadənin o illərdə yazdığı "Azərbaycan", "Çağırış", "Xoşbəxtlik nəğməsi", "Coşqun könül", "Qızıl əsgər" şeirlərində aldanış yox, zamandan fərəh var, qürur var və biz ona haqq qazandırırıq.
B.Qasımzadənin şeirləri arasında onun sevgi mövzusunda şeirlərini xüsusi qeyd etmək istərdim. Öncə vurğuladığım səmimiyyət sözü burada daha çox yerinə düşür. Başlıcası, ona görə ki, bu şeirlərdə yaşanılan hisslər, duyğular birbaşa ürəkdən, qəlb adlı sirli-sehirli dünyadan gəlir, dövrün, zamanın "sevincindən, nəşəsindən" yox. Xatirələrdən öyrənirik ki, B.Qasımzadə gəncliyində, tələbəlik illərində gözəl bir qıza vurulmuş, bu qıza məhəbbəti ömrünün sonunacan onu tərk etməmişdir. Yox, elə düşünməyin ki, o qız vəfasız çıxmış, beləliklə sevgi dünyasında bir qəmli eşq dastanı yaranmışdır. O qız-Sona xanım sonralar Azərbaycanın adlı-sanlı pedaqoqlarından biri oldu, B.Qasımzadənin təkcə könül dünyasında yox, evində-eşiyində yaşadı, bu gözəl ailədən Daşqın, İntiqam, Lalə dünyaya gəldilər. Amma Leylilik, Məcnunluq bitmədi, bir ocaq başında yaşadı.

Sən mənim ömrümün gülşən çağında,
Sevgi dedikləri sevda bağında,
Eşqin əritdiyi könül dağında
Qəlbimi ovudan nazlı mələksən.

Gül üzündə gülür çiçəkli bir yaz,
Qara gözlərinə ələm yaraşmaz.
Böyükağa sənsiz dağları aşmaz,
Xəzanı ağladan yazlı mələksən.

İndi isə bu misralara diqqət edin:

Sən də bir sonasan bizim göllərdə,
Bu duru gölləri qoruyan mənəm.
Açıqdır başında o qara tellər,
Bu qara telləri qoruyan mənəm.

Bu şeirin yazıldığı tarix 1944-cü ildir. Vətəni müdafiə edən bir döyüşçü-şairin hiss və duyğularını ifadə edir. Qeyd edək ki, B.Qasımzadə Böyük Vətən müharibəsində-ön cəbhədə vuruşan sayı çox olmayan cəbhəçilərimizdən biri idi. O, elə müharibənin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursantlığı bitirəndən sonra Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib kimi şərəfli döyüş yolu keçmişdir. Hələ müharibə bitəndən sonra da orduda qalmış, təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər işləmiş, yalnız 1948-ci ildə ordudan tərxis edilmişdir.
Azərbaycan sovet ədəbiyyatı deyilən bir dövrün bəlkə də ən təmiz, ziddiyyətlərdən, ədəbi münaqişələrdən azad bir mərhələsi Böyük Vətən müharibəsi illəri olmuşdur. Artıq SSRİ məkanında və Azərbaycanda böyük repressiya tufanı səngimiş, tutulanlar tutulmuş, qətlə yetirilmiş, çoxusu sürgünlərə göndərilmiş, tutulmayanlar isə xof və vahimə sürgününə düçar olunmuşdular. Müharibə sanki bütün bu vəhşətləri bir müddət unutdurdu. Bütün diqqət Vətəni müdafiəyə yönəldi və bütün beş ili ancaq bir qayğı ilə yaşadı.

Zülmün qanlı evi uçsun binadan,
Bizi intiqama çağırır zaman.
Yenidən gülməkçün yaralı Vətən
Ellər qalxmalıdır bu gün ayağa!

Bu misralar döyüşçü-şair Böyükağa Qasımzadənin dilindən qopmuşdu ("İntiqam" şeiri). Və B.Qasımzadə "Hücum nəğməsi"ndə də, "Qələbə bayrağı"nda da, "Vətən balası"nda da, "Şevçenko yurdunda da eyni hisslə yaşayırdı. O, Vətənin qələbə gününü də gördü. Yəqin ki, müharibə dövrünü tədqiq edən tarixçilər Azərbaycan ziyalılarının keçdiyi döyüş yolunu işıqlandıranda B.Qasımzadəni də unutmayacaqlar, çünki B.Qasımzadənin bir döyüşçü kimi igidliyi və qəhrəmanlığı barədə o dövrün mətbuatında izlər yaşayır.
Böyükağa Qasımzadə ədəbiyyat tariximizdə həm də istedadlı bir mütərcim kimi anılır. Onun şairlik məharəti, poetik ustalığı və əgər belə demək mümkünsə, şair zərgərliyi bəlkə də bu sahədə daha parlaq nəzərə çarpır. B.Qasımzadə fars dilini mükəmməl bilirdi, klassik poeziyaya nəinki vurğun idi, həm də dərindən bələd idi və beləliklə, şairliyi də daxil olmaqla bu sahədə seçilməyə, fərqlənməyə imkan yaranırdı. 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin vəfatının 100 illiyi ilə əlaqədar olaraq M.F.Axundovun "Şərq poeması"nın tərcüməsi ilə bağlı ədəbi müsabiqədə B.Qasımzadə ikinci yeri tutdu (birinci yer kimsəyə verilmədi). O zaman Neft və Kimya institutunun bir tələbəsinin belə bir ciddi yarışda uğur qazanması bəlkə də çoxlarında təəccüb doğurmuşdu. Xalq yazıçısı İsmayıl Şıxlı yazırdı: "O zaman tələbələr arasında iki meyl vardı. Bir hissə klassik şeiri daha yaxşı öyrənir, Füzulinin, Həsənoğlunun, Nəsiminin, Məsihinin şeirlərinin hər misrasını, hər sözünü təhlil edir, məna çalarlarını da aydınlaşdırmağa çalışırdı. Bir hissə isə şifahi ədəbiyyata, dastanlar söyləyib, qoşmalar əzbərləməyə daha çox meyl edirdi. Böyükağa klassik şeirin pərəstişkarlarından idi. Bunun bir səbəbi də onun klassik şeirimizdə işlənən ərəb və fars tərkibli sözləri bizdən yaxşı bilməsi idi. Böyükağa klassik şeirlərdən də tərcümələr edirdi. Onun M.F.Axundovdan etdiyi tərcümənin ilk misralarını əzbər söyləməkdən xoşumuz gəlirdi.

Gözlərimdən yuxunu qovaraq için-için,
Qaranlıqlı bir gecə qəlbimdən salardum neçin
Gülşəninin bülbülü unutdu nəğməsini,
Bəlağət tutin kəsdi incə, dilbər səsini?"
Qeyd edək ki, M.F.Axundovun "A.S.Puşkinin ölümünə Şərq poeması" ( əsl adı: "Qəsideyi-təziyətist ki, dər sugevariyi-fəqidi-binəzir və şaeri-şəhir və bozorgi-rus Puşkin, Mirzə Fətəli Axundzadə dər bisto pənc saləgi sorude əst"-Məşhur və böyük rus şairi Puşkinin vəfatının təziyəsi münasibətilə Mirzə Fətəli Axundzadənin 25 yaşında yazdığı matəm qəsidəsidir) daha bir neçə şair-mütərcim tərəfindən dilimizə çevrilib. Mikayıl Müşfiqin tərcüməsində orijinala yaxınlıq daha çox diqqəti cəlb edir. Mərhum ədəbiyyatşünas, Azərbaycan-rus ədəbi əlaqələrinin tanınmış mütəxəssislərindən olan Şıxəli Qurbanovun qeyd etdiyinə görə Müşfiq burada 50 beytin hamısını saxlamış, mümkün qədər formalizmə uymamış, oxucular tərəfindən asanlıqla anlaşıla biləcək orijinaldakı qafiyələri də saxlamağa müvəffəq olmuşdur. Ancaq əruz vəznində olan poemanı Müşfiq heca vəznində tərcümə etmişdir. Cəfər Xəndanın tərcüməsi də oynaqdır, ritmlidir, ancaq diqqətlə nəzərdən keçirdikdə burada izafilik - söz artıqlığı diqqətdən yayınmır. B.Qasımzadənin tərcüməsində isə həm orijinala yaxınlığı, həm də musiqililiyi ilə uğurludur.

Ey dünyadan bixəbər, söylə görüm, məgər sən
Bir şey eşitməmisən
Şairlər məclisinin o böyük başçısından?
O Puşkin ki, şeirdə nəqşlər vuran zaman
Afərin olsun!-deyə
Ellərin can evində bəslənər, oxunardı,
Bu böyük sənətkara olmaq üçün hədiyyə
Könüllər bağçasında min çələng toxunardı.
Budur, Rusiya torpağı matəm içində ağlar,
Bu amansız qatildən ürəyində növhə var.
Ey bu quldur cahanın alçaq əlilə ölən!
...Qoca, ağ başlı Qafqaz
Gözləri yaşlı Qafqaz
Bu xəbərlə ağlayır,
Sənə matəm saxlayır,
Səbuhinin şeiriylə!

B.Qasımzadənin tərcümə sənətinə belə ciddi yanaşması onun Füzulinin "Yeddi cam" əsərinin tərcüməsində də bariz nəzərə çarpır. Füzulinin ən sufiyanə, bəlkə də ən fəlsəfi əsəri olan, süjeti və poetik strukturu ilə çox mürəkkəb "Yeddi cam" mən deyərdim, adekvatı olmayan tərcümədir. Mərhum ədəbiyyatşünas Əkrəm Cəfərin dilindən eşitdiyim sözlərdir: "Füzulinin ərəbcə, farsca olan əsərlərinin çoxusu təzədən tərcümə edilməlidir, bircə "Yeddi cam"dan başqa, onun tərcüməsi nöqsansızdır".
B.Qasımzadənin Puşkindən də, Nekrasovdan da, Şevçenkodan da, Y.Raynisdən, M.Cəlildən, İ.Frankodan da tərcümələri var, bunlarda da onun şairlik təbi ilə tərcüməçi ustalığı vəhdətdədir.
..Nəhayət, bu yazını unudulmaz Süleyman Rüstəmin sözləri ilə bitirməyi qərara aldım: "Böyükağanı yaxından tanıyanlar onun nə qədər səmimi, ürəyi açıq, nikbin, olduqca nəcib və təvazökar bir insan olduğunu yaxşı bilir".
Süleyman Rüstəmin bu sözlərini B.Qasımzadəni yaxından tanıyanların hamısı təsdiq edir.
Beləliklə, əziz oxucu, mən şəxsən görmədiyim bir insanı-gözəl bir şairi, tərcüməçini sizə təqdim etdim. Şairi görmədən də, onun müasiri olmadan da onu görmək və sevmək olar. Təki ortada istedad olsun!