Situasiyalar sahibəsi

ETİBAR CƏBRAYILOĞLU
61369 | 2016-04-02 00:40
Hər bir teatr repertuarında klassik əsərin olmasını istəyir. Lakin bu sənətdə təkcə nəyi isə istəməklə iş aşmır, arzunu reallaşdırmaq üçün gərək konkret addımlar atasan. Dövlət Gənc Tamaşaçılar Teatrı vaxtaşırı belə addımlar atır və dünya dramaturgiyasının incilərinə müraciət edir. Teatrın kollektivi artıq bir neçə aydır ki, Karlo Qoldoninin "Mehmanxana sahibəsi" pyesi üzərində yaradıcılıq işi aparır.

Məşhur əsər, tanış obrazlar

XVIII əsrdə İtaliyanın Venesiya şəhərində doğulan və Fransanın paytaxtında dünyadan köçən məşhur dramaturq Karlo Qoldoninin qələmə aldığı maraqlı komediyalar ona ölməzlik qazandırıb. Təsadüfi deyil ki, əsərləri bu gün də dünyanın müxtəlif səhnələrində tamaşaya qoyulur. Qoldoninin "İki ağanın bir nökəri", "Mehmanxana sahibəsi" pyesləri Azərbaycan tamaşaçılarına da yaxşı tanışdı. Hər iki komediyanın qəhrəmanları ayrı-ayrı teatrlarda bizim dildə danışıblar. Ötən əsrin 70-ci illərinin sonunda Lütfi Məmmədbəyov və Ədalət Ziyadxanov Az.TV-də "Mehmanxana sahibəsi"ni televiziya tamaşası kimi də hazırlayıblar. İki hissəli televiziya tamaşasında Xalq artistləri Zərnigar Ağakişiyeva (Mirandolina), Rafael Dadaşov (Kavaler), İlham Namiq Kamal (Markiz), Əməkdar artistlər Hamlet Qurbanov (Qraf), Əsgər Məmmədoğlu (Nökər) çəkiliblər. Televiziyada göstərilən gündən böyük uğur qazanan bu tamaşa 40 il əvvəl olduğu kimi bu gün də maraqla baxılır.
Karlo Qoldoninin qəhrəmanı Mirandolina sadə bir ailənin qızıdır, sahibəsi olduğu mehmanxananın kişi müştəriləri onun gözəlliyinə heyran qalırlar. Hər gün kişilərin əhatəsində olan, pərəstişkarlarından nəzakət görməyə alışan Mirandolina gözlənilmədən senyor Kavalerin kobud rəftarı ilə üzləşir. Qadınlara nifrət edən və bunu heç gizlətməyən Kavalerin mehmanxanaya gəlişindən sonra maraqlı situasiyalar yaşanır. Mirandolina öz ağlı və gözəlliyi ilə bu tərs xasiyyətli müştərinin düşüncələrini dəyişə biləcəkmi?
Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan "Mehmanxana sahibəsi"ni Xalq artisti, "Şöhrət" ordenli rejissor Cənnət Səlimovanın quruluşunda izləmək mümkün olacaq. Hazırda yeni səhnə əsərinin son məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru belə hesab edir ki, qadın ləyaqəti cəmiyyətdə yüksək qiymətləndirilməlidir. Yenidən Azərbaycan tamaşaçıları ilə görüşə gələn "Mehmanxana sahibəsi"nin vermək istədiyi mesaj da bundan ibarətdir. Göründüyü kimi, tamaşa bu günümüz üçün aktual olan məsələni səhnədə canlandırmalıdır. Yaradıcı kollektiv buna nail ola biləcəkmi?
Bu suala tamaşa hazır olandan sonra cavab tapa biləcəyik. Hələlik isə intensiv məşqlər gedir.

"Əlimə yaxşı fürsət
düşüb..."

Quruluşçu rejissor Cənnət Səlimova Mirandolina obrazını daha çox dramatik rollar ifaçısı kimi tanınan Əməkdar artist Leyli Vəliyevaya etibar edib. Növbəti məşqdən əvvəl söhbətləşdiyimiz istedadlı aktrisa bildirdi ki, bu rola dəvət almaq onun üçün gözlənilməz olub: "Çalışdığım illər ərzində komik rollar da oynamalı olmuşam. Amma sözün açığı, teatrımızın "Mehmanxana sahibəsi"nə müraciət edəcəyini və Mirandolinanın mənə tapşırılacağını gözləmirdim. Teatr bilicilərinin qeyd etdiyi kimi, hər yeni rol aktyor və aktrisa üçün nabələd bir şəhər kimidi. İndi mən də bu "nabələd şəhəri" daha yaxından tanımağa çalışıram. Əsər və Mirandolina rolu aktrisa üçün geniş imkanlar yaradır. Quruluşçu rejissorun da, mənim də istəyimiz odur ki, fərqli bir Mirandolina təqdim edə bilək. Mirandolina tamaşa boyu susmur, necə deyərlər, ağzı yumulmur, amma biz təkcə sözlə deyil, həm də hərəkət və mimikalarla tamaşaçının diqqətini çəkmək istəyirik".
Leyli xanımın Mirandolinası qadınlara nifrət edən senyor Kavaleri cəzalandırmaq istəyir: "Dostoyevskinin təbirincə desəm, Mirandolinanın taleyinə həm gözəl, həm də ağıllı olmaq düşüb. Bu sadə, kəndçi qızı situasiyalara uyğun yalanda danışır, lakin onun bu yalanlarından cəmiyyət ziyan çəkmir. Mənin oynamaq istədiyim Mirandolina Tanrının yaratdığı gözəl varlığa nifrət edən, qadın incəliyini dəyərləndirə bilməyən dikbaş kişiləri cəzalandırmağa çalışır. Sözün düzü, mən özüm də həyatda beləyəm, dikbaş adamları yeri gələndə cəzalandırmaq amacı ilə yaşayıram. Bu istəyimi səhnədə də reallaşdırmaq üçün əlimə yaxşı bir fürsət düşüb".
Aktrisanın sözlərinə görə, teatrın rəhbərliyi və tamaşanın yaradıcı heyəti uğurlu bir səhnə əsərini ərsəyə gətirmək üçün məsuliyyətlə çalışır: "Obrazlar üçün çox gözəl və rəngarəng libaslar tikilib, tamaşanın ideyasına xidmət edən dekorlar hazırlanıb. Növbəti məşqlərimizi artıq həmin geyimlərdə və dekorasiyaların önündə edəcəyik. Baxımlı bir tamaşa ərsəyə gətirmək istəyində və əzmindəyik".

"İstəyirəm ki, sonuncu monoloqumda..."

Bu tamaşada Əməkdar artist Şövqü Hüseynovun da üzərinə də böyük yük düşür. İstedadlı aktyor senyor Kavaler obrazını necə təqdim etməyə hazırlaşır? Məşqin fasiləsində Şövqü bəyin düşüncələrini öyrəndik: "İmkanlı, gözəgəlimli Kavalerin qadınlara bu qədər nifrət etməsinin səbəbi və ya səbəbləri var yəqin. Kavaler niyə öz doğma şəhərindən qaçaq düşüb, niyə Livronaya qayıtmaq istəyini tez-tez dilə gətirir? Mən səhnədə bu səbəbləri oynamaq istəyirəm. Tamaşaçı sonda bu suala cavab tapmamış teatrı tərk etməməlidir. Cənnət xanımla, tərəf-müqabillərimlə əl-ələ verib buna nail olmağa çalışıram. İstəyirəm ki, sonuncu monoloqda zaldakı xanım tamaşaçılar Kavaleri alqışlasınlar".
Tamaşada digər rolları Əməkdar artistlər Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar Elşən Çarhanlı, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Hacıbabayev, Təhminə Məmmədova, Sevinc Mehrəliyeva və Ceyhun Məmmədov ifa edirlər. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti isə Günay Qasımovadır.
Müxtəlif situasiyalardan məharətlə çıxmağa çalışan Mirandolinanın başına gələnləri yenidən səhnədə izləmək tamaşaçılar üçün maraqlı olmalıdır. Karlo Qoldoninin "Mehmanxana sahibəsi"nə baxmaq istəyənlər bir neçə gün də gözləyə bilsələr...
Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti premyera aprelin 9-na planlaşdırılır.

 

TƏQVİM / ARXİV