adalet.az header logo
  • Bakı 7°C
31 Mart 2016 09:06
53842
GÜNDƏM
A- A+

ÜRƏYİMƏ YAĞAN YAĞIŞ

Neçə gündür hava canımı elə sıxır ki, özümə yer tapa bilmirəm. Düşünürəm ki, əgər mən bu boyda şəhərə sığışa bilmirəmsə, onda görəsən, ümumiyyətlə, sığışa bildiyim yer olacaqmı? Elə bilməyin ki, bu, özünü ölçüsüz, hamıdan, hər kəsdən daha gərəkli saymaq kimi bir şeydi. Yox, sadəcə rəhmətlik Nəsimi "Mən bu cahana sığmazam" deyəndə bəlkə də elə mənim indi yaşadığım, indi keçirdiyim hissləri yaşayıb keçirirmiş. Nə bilmək olar?!.
Belə götürəndə onsuz da insan həmişə çabalamaqda, nəyisə qurub yaratmaqda və yaxud da uçurub dağıtmaqdadı. Bu mənada harasa, nəyəsə sığmamaq hardasa bekarçılığın, avaraçılığın da göstəricisi kimi sayıla bilər. Təbii ki, bir qrup tərəfindən. Amma ağlı, dərrakəsi yerində olan bilir ki, insan daha çox hisslərini ram edə bilməyəndə, ürəyinin səsinə səs vermək imkanı olmayanda, təklənəndə, xatirələr ona güc gələndə, itirdiklərini düşünəndə və bir də özünü kimsəsiz sayanda daha çox sıxılır, daha çox özünə sığınır. Mən də bilmirəm yaşla bağlıdı, yoxsa içərisində olduğum həyatla, amma hər nədisə sıxılma baryerini artıq ötüb keçmişəm. Düzdür, o sərhədi kimsə mənim üçün müəyyən etməyib. Amma mən öz-özümə hesabat verməyi bacardığımdan anlayıram ki, bu səddi, bu baryeri keçmişəm və yəqin ki, bu nə vaxtsa Tanrıya xoş gəlməyəcək. Üstəlik, çevrəmdəki adamları da usandıracaq, bezdirəcək... Və bütün bunları bildiyim halda sıxılmaya bilmirəm. Çünki...
Hə, üç-dörd gündür ki, Bakının havası adamlara zülm edir və bu zülm elə bil ki, yerdən göyə körpü olan yağışa çevrilib. Ona görə də üstümüzə səpələnir. Yolda da, rizdə də, maşında da, evdə də, hər yerdə, hətta məzarda da fərq qoymur yağış, ələnir. Göylər bizim ona doğru yüksələn, ona gedib söykənən, ona bələnən nələrimiz varsa hamısını sıxır və suyunu yağışa çevirib qaytarır özümüzə. Özü də gah narın şəkildə, gah selləmə, gah da ki, doluya, qara çevirir...
Neçə gündür Bakıya yağış yağır və mən narın yağışın dəlisiyəm. Xoşlayıram narın yağışda gəzməyi. Üzüm aşağı axıb boynuma daman yağışa elə rahatlıqla təslim oluram ki, sanki ruhumu yuyur. Və mən bu yuyulan ruhumun işığına bürünüb o yağışla həmsöhbət oluram, yağışın dilini anlayıram... Yağış məni başa düşür... Bilir ki, onu anlayıram, ona ürəyimi açıram... ona sirlərimi deyirəm. Və soruşuram ki:

Göyün xətrinə kim dəyib,
Kirimir, narın ağlayır.

Doğrudan, heç ağlayanlara fikir vermisiniz? Bir küncə çəkilib xısın-xısın kirpiyini, yanaqlarını göz yaşına bələyən adamlara fikir vermisiniz? Söhbət onların yaşından getmir. O, uşaq da ola bilər, dəliqanlı da, yaşlı da. Söhbət onların ağlamağından gedir. Mən şəhid balasının, əl boyda uşağın yas mağarı küncündə necə səssiz ağladığını dəfələrlə müşahidə etmişəm... Mən söhbət edə-edə suallarımı cavablandıran şəhid bacısının, şəhid nişanlısının, şəhid anasının axan göz yaşlarına da baxa-baxa donmuşam... Mən öz anamın hələ Qarabağda nakam qardaşının başdaşını qucaqlayıb heç nə demədən o daşı sığallaya-sığallaya ağladığını da izləmişəm. Bax, bunlar və yaxud da qəlbinə toxunduğum qızımın öz otağına çəkilib üzünü gizlədərək yalnız çiyinlərinin tərpənişindən necə incikliyinin göz yaşına çevrildiyini də görmüşəm. Və onların hər birinin arxasında diqqət, ürək durduğunu unutmaq lazım deyil. Ancaq göyün canlı şəkildə tərənnüm edilməsi, təqdim olunması və kiminsə onun xətrinə dəyməsi milyonların, yağışın özü kimi çox orijinal, çox ürəyə yatımlıdı. Üstəlik...

Bir tənha qoca ağlayır,
Kəsənə oxşamır yağış...

Hə, gördünüzmü göy üzü necə tənha qocaya bənzədi. Və o tənha qocanın ömrü yağışa çevrildi. Narın-narın ələndi onu tənha qoyanların üstünə. Və elə ələnə-ələnə də onu tənha qoyanları sorğu-suala çəkdi. Həmin suallar da cavablarla birlikdə yenə bürünüb göz yaşına süzüldü üzü aşağı. Çünki o cavablar özü ilə bir xəcalət hissini də, bir haqqı etiraf etməyi də ortaya çıxarmışdı. Və günahkar olanlar haqqın önündə için-için, narın-narın ağlayırdılar...
Hə, elə bu yerdəcə öncə söylədiyim, yəni özümə aid etdiyim fikrə qayıdıram və görürəm ki:

Xatirələr pərən-pərən
Bu yağış qəfil başlayıb.

Görürsünüzmü, hansısa bir hərəkət, hansısa bir söz, hansısa bir toxunuş xatirələrə qaytarır səni, məni, bizi. Və biz o xatirələrin narın yağışına düşürük. Pərən-pərən olmuş buludlar kimi göy üzünə səpələnmiş xatirələrimiz əslində içimizdə bir himə bənd yağışdı. Və indi yağan bu narın yağış həmin o xatirələri təzədən dirildir, təzədən canlandırır, təzədən yaşadır və bizimlə üzbəüz qoyur. Biz də...

Narın yağış çətin kəsər,
Yolçu qərib, səsləyən kim?

Doğrudan da hələ körpə yaşlarımda böyüklərimdən eşitmişdim ki, narın yağış uzun çəkir, uzunömürlü olur. Və hətta mənə belə demişdilər ki, narın yağış yol adamını bəzən hövsələdən də çıxarır. Çünki o nə yolunu davam etdirə bilir, nə də yoldan qalır. Ona görə də yol boyu onu izləyən yağışa bəzən etiraz edir. Bax, mən də bu şəhərdə bir qəriblik yaşadığım üçün bu narın yağışın çətin kəsəcəyini bilsəm də, onun damlaları altında gəzməyi bir rahatlıq hesab edirəm. İslanmaqdan, üstəlik islanmış paltarlarla evə dönəndə qarşılaşacağım baxışlardan bu məqamda heç kim məni çəkindirə bilməz. Axı:

Ya bəxt, günəşli səhərə
Bu yağış nə gətirəcək?

Bəli, hər kəs açılan səhərdən nə isə gözləyir. Xüsusilə yağışın yuyub təmizlədiyi, par-par parıldayan göy qurşağının altından keçəndə içindəkilərin çin olacağına dəli kimi inanırsan. Və elə bilirsən ki, məhz o göy qurşağı sənin üçündü, sənə görədi. Və sən də mütləq onun altından keçib göydən sənə gələn, sənə hədiyyə olan, sənin payına düşən o xoşbəxtliyə qovuşacaqsan. Təbii ki, burda bir sadəlövhlük var. Amma istək istəkdi də. Mən də bəxtimin üzünə bu yağışın bir nur çiləyəcəyinə ümidliyəm, inamlıyam. Çünki:

Torpaq əsir, məzar qərib,
Yağdıqca içim dağılır.

Deməli, mənim ümidim o narın yağışın altında mütləq göyərəcək. Göyərməyə də bilməz. Çünki əsir torpağı, daman məzarı biz xilas etməliyik. Narın yağış da, torpaq adamları bilir, yəqin ki, fikrimi təsdiq edərlər, əkiləni bitirmək üçündü... səpiləni göyərtmək üçündü. Elə bu ümidlə də altında gəzdiyim narın yağışın kəsməsini istəmirəm...
... Və bu yazımla Bakıda yağan yağışın içimdəki sıxıntını yuyub apardığını sizə təqdim etdiyim Sona Vəliyevanın "Narın yağış" şeirinin fonunda əməlli-başlı hiss etdim. Və bir də hiss etdim ki, o yağış hələ də üstümə yağır - məni göyərtmək üçün!