KƏDƏRLİ, AMMA İŞIQLI ŞEİRLƏR

VAQİF YUSİFLİ
156743 | 2016-03-19 00:52
Bəxtim qan üstünə gül ələyibdir,
Bağrımı yandırıb, kül ələyibdir,
Zaman gümanımı güllələyibdir,
Deyən olmadı ki, son qəmin olsun!

Gülayə imzası ilə tanınan və artıq beş kitabının müəllifi olan bir şairənin şeirləri ilə çoxdandı tanışam. Əgər şeiri insan ürəyinə bənzətmək mümkünsə, Gülayənin şeirləri də bir ürəyin harayından, qəmindən, həzin pıçıltısından doğur və nə qədər qəribə görünsə də, bu şeirlər həm də işıqlı şeirlərdir. Çünki şeirlərində ifadə olunan o qəm sızıltıya, hönkürtüyə aparmır, hardasa işığa bələnir. Bütün sevgilərin ayrılıq qorxusu var.

Durdu zaman belə, an çiçəklədi,
Söküldü göylərdə dan çiçəklədi,
Köksümü yardın sən, qan çiçəklədi,
Sevgidən başladı bu ayrılıqlar.

Çox kədərli şeirdir, eləmi? Amma o kədərli şeirdən çiçək qoxusu gəlir. Qanın çiçəkləməsi bir-birinə uyuşmayan iki məfhumun, iki zidd anlayışın birgəliyindən yaranır və bu qeyri-adi mənzərə şeirə yeni rəng qatır.
Gülayənin "Yuxumu sulara söylə" kitabında bir neçə şeiri istisna olmaqla bir mövzu var: Sevgi. Unudulmayan bir sevgi. Həm də yaşanılan sevgi. İnsanı sevəndə tanıyarlar və sevgi elə bir qeyri-adi qüvvədir ki, o, səni heç vaxt adiliyə endirməz. Min illərdir ki, "sevgi varmı?" sualı ətrafında səngiməyən mübahisələr gedir. Bu suala indi də birmənalı şəkildə "hə" və "yox" cavabı vermək müşkül məsələdir. Kimisi üçün sevgi həyatdır, dirilikdir, yaşamağın mənası və mahiyyəti, gözəlliyin sirri və sehridir, kimisinə isə nəsib olmayan, heç yuxusuna da girməyən təfərrüatdır. Amma "sevgi varmı?" sualına cavab axtarmayanlardan biri də mənəm, çünki dünyamız sevgi üstündə qurulubsa, həyat nə qədər mürəkkəb və ziddiyyətli olsa belə, sevgi ahəngiylə davam edirsə, cavab axtarmağa dəyməz. Və Gülayənin şeirlərində də nə "sevgi varmı?" sualı qoyulur, nə də ona cavab yoxdu, sadəcə SEVGİnin özü var. Bu SEVGİnin iki qəhrəmanı-MƏN və SƏN var. MƏN sevgi üçün doğulan, yaşayan, ölən və dirilən, SƏN bu sevgini MƏNə bəxş edən, lakin qeyb olan, ancaq xatirələrə köçən bir varlıq. Həm də MƏNin xitablarında nifrət yox, qəzəb yox, sadəcə, insan hissinin, insan ürəyinin heç bir sədd, heç bir hüdud tanımadığı sevgi duyğuları. "Bu beton, şüşə, daş, dəmir, çalğı içindən keçən dövrün, dünyanın qoynunda hələ də kövrək, bənövşə kimi boynubükük, saf bir məhəbbətin yaşadığını, bulaq kimi daşı dəlib, ordan dünyaya aydınlıq, zəriflik apardığını görəcəksiniz" (Fikrət Qoca).

Gördüm gedənləri çağırıram mən,
Deyirəm ki, gəlin, gəlin gedirəm.
Gəlinlik donunu geyib əynimə,
Gördüm həsrətinə gəlin gedirəm.

Üstümə qanadın gərib gecələr,
Görürəm ağlama, ağlama deyir.
Gördüm bir göyərçin döyüb qapımı,
Yuxunun qapısın bağlama deyir.

YUXU Gülayənirn şeirlərində bir rəmz kimi iştirak edir. Bu rəmzin onun şeirlərində bir neçə mənası var. Birincisi: Yuxu klassik poeziyadakı Şəm, Pərvanə, Səba və s. kimi məlum obrazların daşıdığı yardımçı-rəfiq missiyasını yerinə yetirir. Aşiq və məşuqun dərdlərinə həmdəm olur. İkincisi: Yuxu gerçək həyatın, reallığın davamına çevrilir. Yuxu sevgi nağılının xəyallardakı əksidir. Gülayənin şeirlərində də Yuxu hər iki mənanı özündə ehtiva edir.

Açıq qoy yuxunun qapılarını,
Bir gəzək dünyanı biz başdan-başa.
Dünyanın üzünə çəkilək, qalsın
Eşqin göylərində rəsmimiz qoşa.

Açıq qoy yuxunun qapılarını,
Köksümdə dəfn eylə, bük ahımızı.
Yerdə yerim yoxdu ayaq qoymağa,
Qoy göylər bağlasın nikahımızı.

Ümumiyyətlə, Gülayənin sevgi şeirləri bitməyən, sonu məlum olmayan bir YOLu xatırladır. Bu yol sevən qadını xəyallar qoynuna da uçurur, gerçəkliyə də qapandırır. Amma çıxılmazlıq yaratmır. Çünki "Şəmin ki, həyatı oldu atəş, Halı onun atəşilədir xoş" (Füzuli). Yanmaq xoşdur, biləsən ki, kimin oduna yanırsan. Ona görə də Gülayənin qəhrəmanı SƏNlə SƏNSİZLİK arasındakı o yoldadır. Gecə də, gündüz dəgo yol bitmir.
Gülayə, başlayıb tufan, qar, sazaq,
Bu sevda yolunu qorxuram azaq.
Nə qədər yaxınsan, o qədər uzaq,
Bilmirəm dünyanın harasındayam,
Sənlə sənsizliyin arasındayam.

"Mənə unutmağı öyrətmədin sən"- bir şeir unutqanlığın var olmaması, "unuduram" yox, "unutmuram" söyləminin təsdiqini isbata yetirir. "ÖLÜNCƏ MƏN SƏNİ AXTARIM DEYƏ, MƏNƏ UNUTMAĞI ÖYRƏTMƏDİN SƏN". Məncə, Gülayənin sevgi şeirlərinin mayasını elə bu misralar təşkil edir.
Dünyada ən böyük sevgi Vətən sevgisidir və Gülayənin "Vətən" şeiri bu ali hissin hər cür sevgilərdən uca olduğunu bəyan edir.

Nə haqqım bu haqqı bölməyə belə?
Cismim, canım, ruhum sənlə tən, Vətən.
Yoxdur mənim haqqım ölməyə belə
Asılıb soyulsam tənbətən, Vətən.

Xocalı faciəsindən və Qarabağ həsrətindən yazvlan şeirlərdə də o Vətən sevgisinin yanğısını hiss etdik.
Gülayə xanımın bir şeiri məni daha çox həyəcanlandırdı. Lirik, kədərli romantik duyğulardan, sevgi xəyallarından g göylərdən yerə, yaşadığımız bu təzadlı dünyaya, konkret olaraq içərisində dolaşdığımız mühitə bizi çəkib aparan bir şeirg Şəhidlik qəhrəmanlıqdır-demişik. Və Şəhidlər xiyabanı şeirimizdə də bir xiyaban yaradıb və o xiyabanda şairlərimiz şəhidlərin məzarı üstünə öz şeirlərindən gül-çiçək dəməti qoyurlar. Amma şəhidlər təkcə məzarda uyumurlar, torpağın üstündə də gəzirlər, amma onlara şəhid demirik. Onlar mənəvi, maddi sıxıntılar içində yaşayan, kimlərinsə qayğısını, dəstəyini hiss etməyən, həyatı sevən, amma bu sevgini qədərincə dadmayan insanlardır.

Torpağın üstündə bir şəhid gəzir,
Alınıb, satılıb, bazarı yoxdur.
Torpağın üstündə bir şəhid gəzir,
Torpağın altında məzarı yoxdur.

Torpağın üstündə bir şəhid gəzir,
Şəhid arzuların şəhid anıdır.
Gözünüz önündə gəzən şəhidin,
Ürəyi Şəhidlər xiyabanıdır.

Şairənin "Mən deyildim mənə qədər olan mən" silsiləli şeirləri Nəsimi və Yunus İmrə şeirlərinin təsirini yaxşı mənada özündə əks etdirən şeirlərdir. Klassiklərdən öyrənmək təqlidə, nəzirəçiliyə çevrilməyəndə, amma klassiklərin ruhunu yaşadanda yeni şeir yarana bilər. "Mən kiməm", "Mən" şeirlərində olduğu kimi. Tanrıya məhəbbət, MƏNlə TANRI arasında sufiyanə bağlantılar bu şeirlərin özəyinidədir. Həmkarım Nizami Cəfərov əbəs deməyib ki: "Onun yaradıcılığının əsasını klassik şeirimizin və qədim türk folklorunun zəngin ənənələri təşkil edir".
Gülayənin şeirləri dil-üslub-ifadə baxımından da xoş əhval-ruhiyyə yaradır. Şeir dili çox sadədir, amma bu sadəlik primitivliyə aparmır, sadəliyin içində əsl şeirə məxsus obrazlılıq, təsvir vasitələrinin rəngarəngliyi, axıcılıq nəzərə çarpır. Onun "Dünya" rədifli şeiri ilə yazını bitirək və şairəyə daha sanballı şeirlər yazmağı arzulayaq:

Gözləməkdən gözümə ağ düşübdür,
Çal havamı, çal oynayım, a dünya!
Sümüyümə bir oynamaq düşübdür,
Çal havamı, çal oynayım, a dünya!

Bu sevincim, bu kədərim, bu yasım,
Gey əyninə, sənin olsun libasım,
Verdiyini öz qoynumdan qoy asım,
Çal havamı, çal oynayım, a dünya!

Can qapısın qəfil açma, zəngi çal,
Zilə çıxma, ahəngi tut, rəngi çal.
Köklə sazı, sarı simdə "Cəngi" çal,
Çal havamı, çal oynayım, a dünya!



TƏQVİM / ARXİV