DÜNYA BOYDA İŞIQ

FAİQ QİSMƏTOĞLU
74001 | 2016-03-19 02:03
Mobil telefonuma bir zəng gəldi. Telefonu açdım və tanımadığım bir nömrədən tanış səs eşitdim:
- Faiq Qismətoğlu, necəsən, nə var, nə yox? Yəqin ki, məni tanımazsan?!
Düzdür, telefon nömrəsini tanımırdım, ancaq danışan adamın səsi mənə çox doğma və şirin gəlirdi. Bir az da danışandan sonra tanıdım. Dedim ki, bu gözəl ziyalı, professor, BDU-nun müəllimi, yaxın dostum Bəylər Hacıyevdir. Səsini eşitməyə çox şad oldum!
Bəylər müəllim əlavə etdi ki, bizim bir yaxın dostumuzla stol arxasında əyləşib nəvələrinin ad gününü qeyd edirlər. Sözün düzü, həmin dostumun adını eşidəndə çox sevindim. Sevindim ki, hər iki gözəl ziyalı bir-biriylə quda olublar. Telefonu tələbə dostum, istedadlı yazıçı-publisist Loğman Rəşidzadəyə verdi və bir qədər də Loğmanla söhbət elədik. Dedim ki, hər ikinizin səsini eşitməyə çox şadam. Bəylər Hacıyevi çoxdan tanıyıram, mənim qızıma ingilis dilindən dərs deyib, toyunda iştirak edib və dekanı olub. Bir daha hər ikisini nəvələrinin ad günü münasibətilə təbrik elədim və bu qohumluğun ömrünün uzun olmağını arzuladımg
Loğman Rəşidzadə ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində beş il bir yerdə təhsil almışıq. Öncədən deyim ki, qəbul imtahanını verəndə də onunla bir qrupda olmuşuq. Xalq yazıçısı İsmayıl Şıxlı Azərbaycan dili və ədəbiyyat imtahanının sədri idi. Biz də Loğmanla yüksək qiymət almaq üçün imtahan verirdik. Yüksək qiyməti ancaq komissiya sədrinin razılığından sonra yazırdılar. İsmayıl Şıxlı da Loğmanı da dinlədi və məni də. Müəllimlərə dedi ki, mənim day bunlara sualım yoxdur. Hər ikisinə yüksək qiymət yazın. Biz yüksək qiymət alaraq tələbə adını qazandıq.
Qrupumuzda istedadlı tələbə-jurnalistlər çox idi: Afaq Məsud, Loğman Rəşidzadə, Baba Vəziroğlu, Ağalar Mirzə, Rəhman Salmanlı, Nizaməddin Rəfiyev, Flora Sadıqovag Digər tələbə yoldaşlarımdan üzr istəyirəm, çünki onların hamısının adını çəkə bilmirəm. Biz əlli nəfər idik və əlli nəfərin əksəriyyəti də istedadlı idi. Amma Loğman hamımızdan fərqlənirdi. "Simpatiçnı" oğlan olduğu üçün qızların ondan daha çox xoşu gəlirdi. Nə qədər istedadlı, nə qədər savadlı idisə, bir o qədər də sadə və səmimiydi.
Çox qızlar onun dərdindən "ölürdülər". Amma Loğman heç kimə fikir verməzdi. Başını aşağı salardı, dərslərini oxuyardı və gözəl yazılar qələmə alardı. Hələ tələbə vaxtı onun "Ədəbiyyat və incəsənət" qəzetində Mirzə İbrahimovla bağlı əks-səda doğuran çox gözəl bir portret-oçerki sap olunmuşdu. Bu yazı adi yazı deyildi. Başqa sözlə demiş olsuq, fəlsəfi-publisist və qeyri-adi bir yazı idi. O yazı barəsində çox söz-söhbətlər oldu. Müxtəlif tanınmış ziyalılar da Loğman Rəşidzadənin qələminin möcüzəsi ilə bağlı sonradan mətbuatda yazılar dərc etdirdilər. Ümumiyyətlə, Loğman hansı yazını qələmə alırdısa, hansı mövzunu işləyirdisə, mütləq onun səs-sorağı çıxırdı.
Elə bu istedadına görə də universiteti bitirən kimi "Sovet kəndi" qəzetinin redaktoru, gözəl ziyalı və müəllimimiz Nəriman Zeynalov onu yanında işə dəvət elədi. Və Loğman Rəşidzadə Vaqif Bəhmənli ilə bir yerdə mədəniyyət şöbəsində işləyirdi. Nəriman Zeynalov yeganə redaktorlardandır ki, öz tələbələrini başına yığdı və "Sovet kəndi" qəzetini respublikanın tanınmış mətbuat orqanına çevirdi. Qəribədir ki, az bir müddətdə qəzet həm formaca, həm də məzmunca yeniləndi. Yəni o qəzetdə çox yazıları oxucular əl-əl axtarmağa başladı. Loğmanınsa yazdığı reportajlar, müsahibələr, oçerklər, korrespandensiyalar və zarisovkalar öz gözəlliyi, şirinliyi və lokanikliyi ilə seçilirdi. Sanki o, yazı yazmırdı, sözlə gözəl bir rəsm əsəri yaradırdı. Və sözlərin rəngi, ətri, koloriti hiss olunan dərəcədə maraqlı idi. O qədər maraqlı idi ki, onun yazılarını elə mən özüm böyük həvəslə izləyirdim.
Nəriman Zeynalovun məktəbini keçən hər bir jurnalist, hər bir ziyalı redaktor kimi formalaşırdı. Çünki onlar ustad müəllimdən, dünya boyda işıq olan insandan nur alırdılar və daha doğrusu, onun şinelindən çıxmışdılar. Başqalarından fərqli olaraq, Loğman Rəşidzadə Nəriman Zeynalovla dostluq edirdi. Elə ailə quranda da Əli müəllimgilə (məşhur yazıçı-publisist Əli İldırımoğlu) Nəriman Zeynalovu elçi göndərmişdi və Əli müəllim də onun sözündən keçə bilməmişdi. Loğman həm də gözəl dost, gözəl ailə başçısı və gözəl də babadır.
Mənim onunla dostluğum ötən əsrin 70-ci illərindən başlayıb. Loğmanı tələbə vaxtı necə tanımışamsa elə o səviyyədə və səmimiyyətdə də qalıb. Prezident Aparatında mətbuat xidmətində məsul vəzifədə işləyəndə də, digər vəzifələrdə çalışanda da qətiyyən dəyişməyib. Təbii ki, bu da kökdən-qandan və nəsildən gələn bir qeyri-adi qüvvədir. Çünki onun atası Rəşid müəllim də çox ağayana, ağsaqqal və sanballı bir ziyalı olub.
Tələbə vaxtı Loğmanın bir şeir yazmışdı: "Qara gözlər". Düzdür, şeir əzbər yadımda qalmayıb, amma çox gözəl, lakonik və poetik bir şeir idi. Ümumiyyətlə, Loğmanın həm poeziya duyumu, həm də publisist qələmi çox möcüzələr yaradıb. Başqa sözlə demiş olsaq, Loğman özü boyda və dünya boyda bir işıqdır. Həmişə düşünmüşəm ki, bu insanlar layiq olduqları yerdə əyləşməlidirlər. Ancaq Loğman Rəşidzadə nə qədər istedadlıdırsa, bir o qədər təvazökar və dünya malında gözü olmayan bir ziyalıdır.
Onun əmisi oğlu Əflatun bəylə orta məktəbin 9-cu sinfində oxuyanda Kiyevdə bir yerdə olmuşuq. Yəni o vaxtlar əlaçı şagirdləri yay tətilində ya Moskvaya, ya Leninqrada, ya da Kiyevə göndərirdilər. Və biz də Kiyevdə 20 gün oranı gəzdik, şəhərin muzeylərinə baxdıq və bir-birimizi tanıdıq. Sonradan bildim ki, Əflatun bəy mənim tələbə dostum Loğman Rəşidzadənin əmisi oğludur.
Dünya boyda işıq həmişə dünyanı işıqlandırır və bu dünya boyda işığı Loğman Rəşidzadə də bir vaxtlar öz müəllimi, böyük pedaqoq, jurnalist və redaktor Nəriman Zeynalovdan alıb. Bax, bu işıq indi onun yaxınlarını, dostlarını və ən nəhayət, onunla qəlbən bir olan insanların üzərinə düşür. Və fikirləşirsən ki, nə yaxşı bu dünyada bu cür işıqlı, etibarlı, nurlu ziyalılar var. Və bir də nə yaxşı ki, mən uzun illərdir Loğman kimi sadə, səmimi, etibarlı bir ziyalı ilə dostluq edirəm. Bu bəlkə də o məni mənim istədiyimdən daha çox istəyir. Ən azından ona görə ki, telefonla söhbətləşəndə ötən günlərin şirin xatirələrini yada salır və deyir ki, sən də mənim yaddaşımda və qəlbimdə elə səmimi dost kimi qalmısan. Allah bütün yaxşı insanları və dostları qorusun! Allah Loğman Rəşidzadəni və onun balalarını, nəvələrini də hifz eləsin. Bu Novruz bayramında onların qapısını sevinc döysün!

TƏQVİM / ARXİV