Nəsrimizin Seyranı, ədəbiyyatımızın Səxavəti

ETİBAR CƏBRAYILOĞLU
61592 | 2016-03-19 01:42
Ədəbiyyata atası Əsgər kişinin verdiyi ad, soyadla -Seyran Xanlarov kimi gəlmək istəyirdi. Görkəmli alim, istedadlı şair Qasım Qasımzadənin verdiyi xeyir-dua və ədəbi təxəllüslə gələsi oldu və Seyran Səxavət kimi tanındı, məşhurlaşdı. Əvvəlcə şeirləri, sonra isə nəsr əsərləri ədəbi hadisəyə çevrildi.
"Hamı elə bilirdi ki...", "Dar köynək", "Daş evlər", "Qızıl teşt", "Yüz ilin kişisi", "Nekroloq", "Yəhudi əlifbası", "Palıd toxumu", "Qaçhaqaç" kimi əsərləri onun neçə bir səxavətli yazıçı olduğunu sübut elədi.
Matrın 23-də Seyran Səxavətin 70 yaşı tamam olur. "Ədalət" qəzeti də yubilyara öz səxavətini əsirgəmədi, qələm dostlarının, tanınmış ziyalıların təbrik dolu sözlərinə gen-bol yer ayırdı.
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Hələ məktəbdə oxuduğum illərdə Seyran Səxavətin əsərləri ilə tanış idim. Sonra Seyran müəllimlə canlı görüşmək, dostlaşmaq mənə nəsib oldu. Seyran müəllimin doğulduğu Füzuli rayonuna onunla ilk səfərim indiyə kimi yadımdadı. Seyran müəllim məni qardaşları, qohumları ilə tanış elədi. Həmin səfərdə mən Füzulidə hamının yaxşı tanığı poçtalyon Qədirlə də görüşüb tanış oldum, sonra isə həmin Qədiri Seyran müəllimin əsərlərindən birində gördüm. Seyran Səxavətin qəhrəmanları bizim tanıdığımız, həyatda gördüyümüz insanlardı. Bəlkə də elə buna görə onun qələmə aldığı hekayə, povest və romanlar belə maraqla qarşılanır, ədəbi hadisəyə çevrilə bilir. Yeni romanında-"Qaçhaqaç"da da Yusif Səmədoğlunu, Zakir Fəxrini, Vaqif Bəhmənlini və digər tanıdığımız insanları görürük.
Seyran Səxavətin əsərləri həm də ona görə maraqla oxunur ki, o, Qarabağ camaatın gündəlik danışığındakı şirinliyi ədəbiyyata gətirə bilib. Mən həmişə gənc yazıçılarla, tələbələrlə görüşəndə onlara deyirəm ki, təmiz Azərbaycan dilində yazmaq istəyirsinizsə Seyran Səxavəti oxuyun.
Seyran müəllim muğamlarımızı, muğamlardakı incəlikləri də gözəl bilən ziyalıdır. Əminliklə deyə bilərəm ki, belə ziyalılarımız o qədər də çox deyil.
Sevinirəm ki, Seyran Səxavətin son dövrlərdə yazdığı əsərlərin əksəriyyəti məhz bizim "525-ci qəzet"də dərc olunub. İnanıram ki, o, bizi yeni əsərlərlə hələ çox sevindirəcək.
Yazıçılar Birliyi Seyran Səxavətin 70 illik yubileyini geniş şəkildə qeyd edəcək. Yaxın günlərdə tədbirin tarixi yəqin ki, dəqiqləşəcək".
Yazıçı-tərcüməçi Kamran Nəzirli: "Mənim ədəbi taleyimdə Seyran Səxavətin böyük rolu olub. Seyran müəllim "Ulduz" jurnalının nəsr şöbəsinin müdiri idi və mənim də ilk hekayələrim onun xeyir-duası ilə həmin jurnalda çap edilib. Seyran müəllim qeyri-adi istedad və unikal şəxsiyyətdir. Onun Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. O, həm şair kimi, həm yazıçı, həm də bir dramaturq kimi bizim ədəbi nəslin yaddaşında əbədi qalıb və inanıram ki, gənclər, yeniyetmələr, əlinə qələm götürüb ədəbiyyat meydanına gəlmək istəyənlər onun yaradıcılığı ilə yaxından tanış olsalar, mənim bu qənaətimə gələcəklər.
Hələ orta məktəbdə oxuyanda mən Seyran müəllimin yaradıcılığı ilə tanış idim, onun imzası görünəndə dərhal oxuyurdum. Yüksək poetik duyumlu, bədii-fəlsəfi yüklü şeirləri adamda xoş ovqat, ilıq və kövrək duyğular oyadırdı. Mən onu bir şair kimi çox sevirdim. Sonralar gördüm ki, nəsr əsərləri yazır. Əvvəlcə təəssüf elədim, düşündüm ki, o cür gözəl şair nəsrə keçib, görəsən o, nəsrdə də uğur qazana biləcəkmi? Lakin Seyran müəllimin nəsri ilə tanışlıq məndə ədəbiyyata, sənətə daha çox bağlılıq yaratdı. Onun "Daş evlər" romanı təzə çıxmışdı, o romanı elə acgözlüklə oxudum ki... İstəyirdim ki, Seyran müəllimi bağrıma basam, ona məhəbbətimi, xoş duyğularımı bildirəm. Belə də oldu, günlərin birində onu gördüm, özüm yaxınlaşdım, romanına görə onu təbrik elədim...
İndi hər dəfə yeni bir əsəri çap olunanda düşünürəm ki, o, nəsə qeyri-adi, unikal bir söz deyəcək, bizi yenə söz səltənətinin ecazkar və möhtəşəm seyrinə səsləyəcək. Və hər dəfə də belə olur. Bilirsiz, canlı danışıq dili də öz növbəsində ədəbi-bədii dilə, yazıçı dilinə nisbətən saysız-hesabsız üstünlüklərə malikdir. Xalq dili elə zəngin bir xəzinədir ki, nə qədər böyük sənətkar olursansa ol, bu xəzinəni öz yaradıcılığında, öz tiplərinin dilində tamamilə əhatə eləmək mümkün olmur. Seyran müəllimin ən böyük üstünlüklərindən biri odur ki, o, bu xəzinədən "xərcləməklə" yanaşı, onu həm də zənginləşdirir, ona əlavə "sərvət" gətirir. Onun dilindəki yeniliklərdən biri də elə budur. Axı bu da bəllidir ki, yazıçının fərdi dilindəki mədəniyyət, ən əvvəl canlı dil, xalq dili mədəniyyətindən nə dərəcədə istifadə etməsilə ölçülür. Seyran müəllim yüksək dil mədəniyyətinə sahib olan yazıçılardandır, xalq dilinə bağlı olan nasirdir. O, Azərbaycan ədəbiyyatında çox təsirli, poetik və şairanə roman dili yaradıb. Bədii ədəbiyyat dilində novatorluq bilirsiz nədən ibarətdir? İlk növbədə canlı dilin və ədəbi-bədii dilin ənənələrindən xəbərdar olmaq və bu xəzinədən ustalıqla istifadə etməyi bacarmaqdır. Və həm də bu tükənməz xəzinədə yeni mənalar, yeni çalarlar tapmaq bacarığıdır. Bax, Seyran Səxavət yaradıcılığının əsas cəhətlərindən biri də budur və o, buna görə də sevilir. O, dilin müasir inkişafına da, onun səlisləşməsinə, dil quruluşunun yaxşılaşdırılmasına da eyni ustalıqla xidmət edir. Bir dil mütəxəssisi kimi bunları deyə bilərəm. Seyran Səxavəti bir şair kimi ingilis dilində tərcümə və tərtib etdiyim, ön söz yazdığım "Müasir Azərbaycan poeziyası" antologiyasına daxil etmişəm. Onun "Müdrik" şeirini tərcümə etmişəm. Sağlıq olsun yeni bir layihə üzərində çalışıram- "Müasir Azərbaycan nəsri" antologiyasını tərcümə və tərtib edirəm. Bu kitaba da onun bir hekayəsini -"İt intervüsü"nüi daxil edəcəyəm. Hekayəni hələ tərcümə eləməmişəm. Amma Seyran müəllimin nəsrini gərək yaxşı tərcümə edəsən. Şeiri də, nəsri də lazımi səviyyədə tərcümə eləmək çox çətindir. Adi bir misal deyim, axı ingilis oxucusuna necə başa salasan ki, "sıxma ürəyimi, ürək cəhənnəm, axı sən ordasan, sən sıxılarsan!". Bax, bunu necə tərcümə edəsən? Bu poetik parçada hər şey var və o "hər şey"i ingiliscə vermək üçün gərək ingilisin də, azərbaycanlının da ən incə ruhunu, dilini, duyğusunu biləsən, onları yaşaya biləsən. Bizim elə şair və yazıçılarımız var ki, onların dili sadə, lakin fəlsəfidir, bədii-fəlsəfi yükü, çalarları çoxdur. Onları tərcümə eləmək çox çətindir. Amma sağlıq olsun, Allah mənə təpər və səbir versin ki, bu işin öhdəsindən də gələ bilim...
İstəyirəm onu bir şair kimi də sevdiyimi konkretləşdirim: mənim fikrimcə, şeirdə yenilik, yeni bədii forma axtarışları təkcə sərbəst şeir yazmaqda deyil, vəznli-qafiyəli şeirlə də böyük fikir, dövrün müasir problemlərini, insanın ən incə duyğu və istəklərinin bədii formasını ortaya qoymaq olur. Seyran müəllim şeir sənətimizin tarixi inkişaf qanunauyğunluqlarından xəbərdar olan sənətkardır. Onun şeirlərində bədii forma mədəniyyəti zəngindir, əlvandır. Ədəbi faktlar və ədəbi təcrübələr təsdiq edir ki, dünya şeirin heç də zahiri formasını qəbul etmir. Seyran müəllimi bir şair kimi xarakterizə edən cəhət isə budur ki, o, hər hansı bir vəzndə yazırsa-yazsın (qafiyəli-vəznli şeirləri nəzərdə tuturam!) onun poeziyasında həyat var, təbiətin və insanın mənəvi aləminin şeiriyyəti var, dərin zəka, hiss, duyğu var, ən başlıcası isə fikir var və bu fikrin poetik ifadəsi var.
Onu bir şəxsiyyət kimi də sevirəm, çünki onun içi də, çölü də harmonikdir, humanistdir; orda qürur, məğrurluq, sərtliklə yanaşı, mülayimlik, həlimlik, insanpərvərlik də var. O, bütün bu keyfiyyətləri özündə cəmləşdirməklə özündə bir harmoniya yaradıb. Bəli, bəli, harmoniya! Hər şəxsiyyət fəzilətləriylə yanaşı qeyri-adi, çox vaxt başqalarında olmayan kəskin cəhətlərini harmoniyalaşdıra bilmir. Seyran müəllim bunu bacarır, axı o, həm də peşəkar tərcüməçi və diplomatdır!
Mən Seyran müəllimi yubileyi münasibətilə təbrik edirəm, ona can sağlığı, sağlam və təhlükəsiz həyat, könül xoşluğu arzulayıram. Qoy bizi yeni-yeni əsərlərlə sevindirsin".
Kinorejissor Tahir Əliyev: "Seyran Səxavət mahiyyət etibarıyla böyük yazıçıdır. Onun yazdığı hekayələrin qəhrəmanları məhz bizlərik. Hər dəfə onun hekayələrini oxuyanda, kim nə deyir desin, adam özünü axtarır. Mən onunla iş birliyi üçün tələsirəm. Əslinə qalsa bir il öncə onun "Karusel" hekayəsinin motivləri əsasında ssenari yazmağa başladıq. Amma təəssüf ki, texniki və təşkilatı məsələlər işimizi dayandırdı.
Yeri gəlmişkən, bu günlərdə Polşada idim. Xalq Cümhuriyyəti dövründə çalışmış, həmçinin Polşa ordusunda xidmət etmiş görkəmli sərkərdə Vəli bəy Yadigarov haqqında çəkdiyim "Polkovnik" sənədli filimin təqdimatında iştirak edirdim. Polşada olanda dünya şöhrətli rejissor Kşiştof Zanussiyə Seyran müəllimin "Karusel" hekayə haqqında danışdım. Hekayədə baş verənlər ona maraqlı gəldi, xeyli güldü. Düşünürəm yaxın vaxtlarda Seyran müəllimlə bir daha bu mövzuya qayıdacağıq. Seyran Səxavət təmiz xalq adamıdır, belə insanlar çətin bulunur".

TƏQVİM / ARXİV