Sevgi nəğmələri

VAQİF YUSİFLİ
13904 | 2016-03-12 10:37
Gənc şair Arzu Hüseyn ilk şeir kitabının adını "Sonu əlvida" adlandırıb və bu kitabda toplanan şeirlərdə ilk baxışda doğrudan da sevən bir qəlbin vida pıçıltılarının şahidi oluruq. Bu şeirlərdə qışqırıq, ayrılıq əzablarından doğan hay-haray yoxdu, pıçıltı var və o pıçıltılarda bir ürəyin həzin, melodik, zərif duyğuları ifadə olunub. Mən "əlvida" kəlməsinə həmişə şübhə ilə yanaşmışam və xüsusən, sevgi şeirlərində canlı, yaşarı hisslərlə qarşılaşanda bu "əlvida" kəlməsinə əlvida demişəm. Arzu xanımın şeirlərində də elə hisslər, elə duyğular dilə gəlir ki, sona əlvida demək olmur. Çünki onun şeirlərində ömrün ötən illəri qısa bir zaman kəsiyini əhatə edir və əslində, ötən illərlə bu gün arasında zaman aşırımı görünmür. Gəlin, müəllifin bir şeirinə müraciət edək:

Sağalıb yarası xatirələrin,
Yollar da evimə aparır artıq.
Yazıb bitirdiyim şeirimsən mənim,
Qəmli bir romanın qəhrəmanıyıq.

Yarpaqlar tökülür ümidlər kimi,
Bahara bir ömür yetməz bəlkə də.
Sən ey gözü dolu səma sakini,
Bulud ətəyini yerə silkələ.

Onsuz da inciyib günəşi yerin,
İsitməz qəlbləri soyuq divarlar.
Payıza tuş gələn məhəbbətlərin,
Hardasa üşüyən durnaları var.

Mən ki ürəyimi tapmadım çöldən,
Yolunda bu qədər xərclədim yetər.
Toplayıb özümü gedirəm səndən,
Əlvida, əlvida, bahara qədər.

Bu şeir bədii mükəmməlliyinə görə Arzu xanımın ən yaxşı şeirlərindəndir.
Metaforik düşüncə tərzi, yəni təbiətin insan, insanın təbiət kimi obrazlaşdırılması şeirin bədii təsir gücünü artırır.
Yarpaqların ümid kimi tökülməsi, buludun ətəyini yerə silkələməsi, payıza tuş gələn məhəbbətlərin üşüyən durnalarla bənzərliyi şeirdə bir ürəyin həyəcanını bizə çatdırır. Kitabdakı şeirlərin daha çox bir mövzu dairəsinə sıxışdırılması heç də təkrara, eyni fikrin çözələnməsinə aparıb çıxarmır, çünki hər şeirdə ayrılığın, həsrətin yeni çalarları ilə üzləşirik. Arzu xanım sanki bir eşq dastanını bizə nəql edir və bu "dastan" heç də "duvaqqapma" ilə bitmir. Yəni əslində, "dastan" başa çatmır. Necə ki:

Ömürlük məhəbbət olmur, əzizim,
Hər yazın qış payı. payız payı var.
Mürgülü dənizin, susqun dənizin,
Küləklər yuxusun oğurlayırlar.
Yollar uzaqlaşır, dəyişir fikir,
Zaman dəyirmandı, əriyir izim.
Bütün ayrılıqlar ömürlük çəkir,
Ömürlük məhəbbət olmur, əzizim.

Arzu xanımın şeirlərində iki fəslin-payızın və qışın adı tez-tez hallanır və bu da təsadüfi deyil. İnsanın içində qəm, kədər fırtına qoparırsa və bu qəmin, kədərin sonu görünmürsə, o ürəkdə payızın yarpaqları əsir, yağışı, küləyi gəlir, qışın qarı gəlir, soyuğu gəlir. Budur, torpağın da bir damcı yağışa həsrət qaldığı bir zaman yağış yağır: "Yuyulur ayların tozu səhərdən, yuyulur yuxulu gözü dənizin".

Çoxdandı dolmuşdu göylərin gözü,
Buludlar qapqara şara bənzəyir.
Yağışın altında sevdiyi qızı,
Bir oğlan əlində çiçək gözləyir.

Amma "nə qız gəlmək bilir, nə yağış kəsir, nə də ki, yerindən tərpənir oğlan". Oğlan yağışa dönür. Haçansa o yağış kəsiləcək, günəş qış yuxusundan oyananda yağış da kiriyəcək, əlində çiçək dəstəsi tutan oğlan isə yağış heykəlinə dönəcək. Sevən insanın yağışa, küləyə, hətta payız və qış fəslinə bələnməsi təbii ki, ürəkdəki kədərin, qəmin qərarsızlığından doğur. Füzuli babamız deyirdi ki: "Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar; Mənası budur ki: "Quranın bir ayəsində deyilir ki, kafirlərin cəhənnəmdən çıxması dəvənin kiçilib iynə ulduzundan keçməsi şəraitində mümkün olacaqdır. Yəni kafirlər heç vaxt cəhənnəmdən çıxa bilməyəcəklər. Aşiqin də qəmləri o qədər çoxdur ki, bunları dəvənin başına qoysalar, dəvə iynə ulduzundan keçəcək qədər kiçilər və cəhənnəmdən xilas olar" (Bu şərh mərhum füzulişünas Sabir Əliyevə məxsusdur). Söhbət qəmin intəhasızlığından gedir və insanın qəmə, qəmin də insana çevrilməsi bu iki misrada super-mübaliğə səviyyəsinə qaldırılıb. Arzu xanımın "Payız elegiyası" şeirində də bu "çevrilmə" - insanın payıza dönməsi ilə qarşılaşırıq:

Əriyib yarpaq-yarpaq
payızla sovrulmuşam,
Sarı xəzəl olmuşam.
Bürünüb gödəkçəmə
dənizin sahilində, dalğatək
Qıvrılmışam.
Qəmindən yorulmuşam.
Mən bir dağ çiçəyiyəm,
dağ çəkmisən köksümə.
Toz basmış məktublarda,
rəsmlərdə azmışam.
Əridim yarpaq-yarpaq
buludlarla boşaldım,
Küləklərlə yarışdım,
küləklərlə barışdım.
Bir ömür kimi ötdüm,
bir an kimi yaşadım,
Sonra bir heçə döndüm,
səhralara qarışdım.

Arzu xanımın şeirlərində lirik qəhrəmanın qəminə, kədərinə səbəb olan vəfasızı unutmaq motivi bariz nəzərə çarpır, amma "sən mənim ömrümə əsən ruzigar, sən mənim bəxtimə yağan yağışsan, bəlkə də yaşanan sonuncu bahar, bəlkə də əbədi bitməyən qışsan" deyilirsə, unutmaq özünə əks olan unutmamaq anlamını gətirir. Bir də ki, sevgi yaşanılan hisslər kimi təqdim edilirsə, o heç vaxt unudulmayacaq! "Yenə tapa bilmədim, unutmağın çəmini".
Bir kitablıq şeirlərdə Arzu Hüseynin şairlik potensialı da aşkar nəzərə çarpır. Cavan şairlərin bir çoxu sözə, daha doğrusu, sözün poetik ifadəsinə diqqətsiz olurlar, sözləri sağa-sola səpələyir, onları bir ahəng, bir vurğu altına gətirə bilmirlər. Arzu Hüseynin şairlik potensialı var və onun şeirlərində nəzərə çarpan obrazlı deyim tərzi, bədii təsvirlərə meyl etməsi, fikrini sadə, səmimi şəkildə çatdıra bilməsi bu fikri təsdiqləyə bilər.

Bu da sevgimizin son noyabrı,
Yenə də nəyinsə sonuna gəldik.
Gözündə bir ovuc dəniz var sənin,
Ağlama, suyunda bata bilərik.

Sonuncu iki misrada həm mübaliğə, həm də litota (kiçiltmə) nəzərə çarpır. Dəniz kiçildirir, bir ovuca sıxışdırılır. Bu litotadır. Amma o bir ovuc suda batmaq - bu mübaliğədir. Bədii təzadlara da onun şeirlərində tez-tez rast gəlirik. Əksər şeirləri elə təzadlar üzərində qurulub. "Söz verdik dağları dəlməyə, amma Gücümüz çatmadı çəpər aşmağa". "Haqsızlıqdan üşümüşdüm, Haqq olana bükülürəm". Təkcə ayrı-ayrı misralarda, bəndlərdə deyil, bütöv şeirin özündə də bədii təzad nəzərə çarpır və bu da şeirin təsirliliyini artırır.

Kimə söyləyim dərdimi?
Səndən başqa kimim var ki?
Belə uzaq yaşamaqdan,
Daha betər ölüm var ki?

***
Yaman çox oynadın qürurumla sən,
Viranə qəlbimdə ulayır külək.
Ruhumun əynində üşüyür bədən,
İsti bir xəyala bürünəm gərək.

***
İçimdə bir yaz üşüyür,
Payıza büründü getdi.
Mənim məhəbbət sandığım
Dumantək göründü getdi.
Əllərimdən uzaqlarda,
Titrəyirmiş sazaqlarda.
Əlvidası dodaqlarda,
Ahıma sarıldı getdi.
Arzu Hüseyn həm hecada, həm də sərbəstdə yazır və hansında daha çox uğur qazanır sualı verilsə, mən "hər ikisində" cavabını verərdim. Əsas odur ki, şeirdə, hansı vəzndə olursa-olsun, poetik fikir olmalıdır, bu fikir bədiiliklə cilalanmalıdır. Hisslə fikrin vəhdətindən yoğrulur ən gözəl şeir. Arzu xanımın şeirlərinin əksəriyyətində bu vəhdət qorunur. Təbii ki, mən Arzu xanımın bütün şeirlərini eyni dərəcədə qiymətləndirmək, hamısına "cözəldir" demək istəmirəm. Bir iradımı söyləyəcəyəm. Sevgi duyğusuyla yaşamaq, məhəbbət əzabını ürəyinin lap dərinliyinəcən hiss eləmək, sonra bunu misralara çevirmək gözəldir! Şeir ürəyin boşalması, sonra yenə dolması deyilmi? Dünyada sevginin dərmanı yoxdu, varsa, o da şeirdir. Sevgidən yazılan şeirlərin əksəriyyəti vüsaldan deyil, hicrandan, ayrılıqdan söz açır.
Amma bu ayrılıq, bu həsrət insanda bədbinlik yaratmamalıdır. Füzulini, Seyid Əzimi, Nəbatini, Natəvanı oxuyursan, onlar QƏMİN POEZİYASINI yaradıblar. Arzu xanımın şeirlərində az da olsa qəmin patalogiya səviyyəsinə endiyini görürük. "Gecə simfoniyası və şair" məncə, Arzu xanımın Qəmin poeziyasını yaratmaq səyinin ən gözəl bəhrəsidirsə, bunu "sonu zibil vedrəsinə atarsan bizi" misrasıyla bitən şeir haqda söyləmək olmaz. Yaxud sonu bu misralarla bitən bir şeir: "Sənə bəslədiyim ülvi hisslərin Qiyməti bir qara qəpik deyilmi"...gHissləri bu dərəcədə prozaikləşdirmək olmaz.
"Yiyəsiz adam", "Ən ağır yükün mənəm", "Bakı", "Məişət", "Dünya kimə qalacaq", "Üşüyürəm, anacan", "Dünya", "Qocalıq", "Gecə simfoniyası və şair", "İlahi", "Salamat", "Qızıma" şeirləri göstərir ki, Arzu Hüseyni birmənalı şəkildə "sevgi şairi" kimi tanımaq doğru olmazdı. Onun həyata, gerçəkliyə, yaşadığı mühitə, cəmiyyətə münasibətini ifadə edən şeirləri də uğurludur.

Qərib düşüb elim mənim,
Nə yurdum var, nə məskənim.
Viran olub evim mənim,
Qalıb qapısı salamat.

Bu qışın ağırdı dərdi,
Torpağın son otun dərdi.
Vətənində gül bitərdi,
Gəlsəydi yazı salamat.

Yəqin ikinci kitabında bu tipli şeirləri çox görəcəyik...

TƏQVİM / ARXİV