YERLƏ GÖY ARASINDA...

FAİQ QİSMƏTOĞLU
157045 | 2016-03-12 09:38
... Gözümüzü açıb görürük ki, vay dadi-bidad gözləmədiyimiz çətinliklər yaxamızdan yapışıb. Və gözləmədiyimiz çətinlikləri hiss edəndə çıxılmaz vəziyyətə düşürük. Canımızı qoymağa yer tapmırıq. Qalırıq yerlə göy arasında. Düşünürük ki, necə oldu gəlib bataqlığa düşdük və bu bataqlıqdan hansı yolla çıxacağıq.
Neftin qiymətinin ucuzlaşması bizim ölkəmizə də öz təsirini göstərdi. Amma neft ölkələri həmişə bu cür böhranı öncədən hesablayırlar və ondan çıxış yolu tapırlar. Bizdə də nə yaxşı çox müdrik və uzaqgörən prezidentimiz var. Və cənab prezident İlham Əliyev də neftdən asılılığı aradan qaldırmaq üçün hökumətə və icra orqanlarına konkret tapşırıqlar verib. Bax bu tapşırıqlar və vəzifələr zamanında icra olunsa biz də çətinlikdən çıxa bilərik. Dünyanın işini bilmək olmur, ola bilər neftin qiyməti yenə qalxsın, amma ona bel bağlayıb əlimizi əlimizin üstünə qoyub oturmaq olmaz.
İndi bir çox vəzifə sahibləri baş sındırırlar ki, pambıq əkək, tütün becərək, baramaçılığı inkişaf etdirək, çayçılığı gözdən qoymayaq... Bax, beləcə ayrı-ayrı insanlar çıxış yolları arayıb axtarırlar. Amma deyəsən, bu xəmir çox su aparacaq. Lap elə pambıq əkdik, üzüm becərdik, bəs onu harda və necə emal edəcəyik? Axı, zavodlarımızı, fabriklərimizi yaman günə qoyduq. Bir çox işbazlar zavodlardakı dəzgahları, fabriklərdəki avadanlıqları metallom edərək dəyər-dəyməzinə sataraq milyonlar qazandılar. İndi də çəkilib durublar kənarda və bala-bala qazandıqları pulları xərcləyirlər. Camaat isə qalıb çətin vəziyyətdə. Rayon yerlərində iş tapılmır ki, tapılmır. Bir-iki adamın işləməsi hələ camaatın və əhalinin bütövlükdə işlə təmin edilməsi demək deyil.
Ayrı-ayrı adamların isə planları heç də özünü doğrultmur. Düzdür, bu barədə fikirləşənlər var, amma bu fikri də gerçəkləşdirmək üçün obyektiv və subyektiv amillər lazımdır. Lap biri deyir ki, zavod açıram, fabrik tikirəm. Bir-iki ilin içində nə fabrik tikmək olar, nə də zavod tikib başa çatdırmaq mümkündür. Bəlkə də olar, ancaq o zavodda və fabrikdə hansı yerli xammal emal olunacaq. Və bir də o xammal emal olundu, bazara çıxarıldı, onun alıcısı olacaqmı? Əlbəttə, yaxşı, keyfiyyətli məhsulun alıcısı tapılar, niyə tapılmır?! Vaxtilə Azərbaycanın istehsal etdiyi "Ağdam" çaxırının üstündə ruslar bir-birini qırırdı. Çünki rusların kefini kök və damağını çağ eləyən ikinci belə çaxır yox idi. Həm ucuz qiymətə başa gəlirdi, həm də yaxşı gəlir gətirirdi.
İndi bunlar hamısı bir yuxuya bənzəyir. Bir yuxuya bənzəyir ki, əvvəllər ölkəmizdə mövcud olan fabrik və zavodları qısa zamanda necə tikmək olar və məhsul istehsalını əldə etmək mümkündür. Hamıya gün kimi aydındır ki, ölkəmizdə bir vaxtlar kolxoz quruluşu vardı. Bu ümumi təsərrüfatın maşını, traktoru, büdcəsi və işçi qüvvəsi də kifayət qədər idi. Amma torpaqlar ayrı-ayrı insanlara paylanandan sonra sanki bundan kimlərinsə əl-qolu soyudu və əkib-becərmək istəmədi.
Bu gün ölkəmizdə min hektarlarla yararlı torpaq sahələri boş-boşuna qalıb. Həmin sahələr uzun müddət əkilib-becərilmədiyinə görə şoranlaşıb, loru dildə demiş olsaq, "vəhşiləşib". İndi bu torpaqları yenidən dirçəltmək üçün milyonlarla vəsait lazımdır. Ölkəmizin iqtisadi böhran keçirdiyi bir dövrdə bu milyonları tapıb bu sahəyə yönəltmək o qədər də asan deyil. Nə yaxşı ki, ölkə prezidenti iqtisadi böhran olsa da kənd təsərrüfatının inkişafı üçün əlavə vəsaitlərin həmin sahəyə yönəldilməsi üçün müsbət addımlar atıb. İndi bu vəsait gərək neftdən gələn pul kimi sağa-sola xərclənib israfçılıq edilməsin. Hər qəpiyin qədri bilinsin.
İsmayıllıda bir kolxoz qalıb. O kolxozda sovet dönəmində olan bütün təsərrüfat formaları bu gün də yaşayır. İvanovka kəndində yenə camaat əvvəlki kimi əkib-becərir və məhsulunu da bazara çıxarır. Üstəlik də hamı işləyir və çörəkpulunu çıxarır. Bütün bunlar haqqında gərək iqtisadçılar və mütəxəssislər gecə-gündüz yatmasınlar, yeni modellər axtarıb tapsınlar. Bu yeni model də ondan ibarətdir ki, kənd təsərrüfatını sürətlə inkişaf etdirsin, ölkədə iqtisadi bolluq yaransın və əhali işlə təmin olunsun.
Biri bir balaca iş görür, nəsə tikmək istəyir, o dəqiqə başqa birisi ona badalaq atır. Sanki qara qüvvələr imkan vermək istəmirlər ki, bu ölkədə, bu məmləkətdə "qara camaat" yaxşı yaşasın, dolansın və çörək qazansın. Düzdür, buna dövlət səviyyəsində cəhd edilir. Ancaq gəlin görək indi yerlərdə bu tapşırıqlar hansı səviyyədə yerinə yetirilir. Pambıq da əkmək olar, üzüm plantasiyası da salmaq mümkündür, çay da istehsal etmək çətin deyil və tütünçülük də yetərli yüksəliş yolu tapa bilər. Bunun üçün bayaq dediyimiz kimi, bir ürək, bir sevgi, bir məhəbbət lazımdır. Və iş görən adamlara qulp qoymaq, badalaq atmaq deyil, kömək göstərmək lazımdır. Bu kömək də sözlə həll edilmir, gərək qolunu çırmayıb əməlli-başlı insanlara əl tutasan.
Yadıma böyük bəstəkar və publisist Üzeyir Hacıbəyovun "Biz nə tövr iş görürük?" felyetonu düşür. Həmin felyetonun məzmunu belədir ki, bir işi görəndə gərək adam mərhələ-mərhələ yerinə yetirsin. Necə ki nərdivanla yuxarı qalxırsan, işi də elə görməlisən. Birdən o nərdivandan yıxılarsan və başın dağılar. Başqa millətlər siçan boyda iş düzəldəndə biz yatırıq. Onlar keçi boyda iş əldə edəndə onda da yuxuda oluruq. Eşşək boyda iş görəndə yenə ayılmırıq. Camış, dəvə boyda iş görəndə yenə şirin yuxuda mürgüləyirik. O vaxt oyanırıq ki, əcnəbilər fil boyda iş görürlər. Bax, biz də birdən-birə yuxudan oyanıb fil boyda iş görmək istəyirik. Elə ki filin ayağını düzəldirik, yorulub geri çəkilirik. Sonra başlayırıq dəvə boyda iş görməyə. Bundan da bir şey çıxmır, keçirik, camışa, keçiyə, yenə bir şey alınmır ki alınmır. Axırda deyirik ki, əşi, bunlar bizlik deyil, gəlin elə siçan boyda iş düzəldək. Siçan boyda da iş düzəldəndə aramızdan bir pişik çıxır və onu yeyir. Bax, biz belə iş görürük!
Allah sənə rəhmət eləsin, Üzeyir bəy. Bu gün də heç nə dəyişməyib, kimsə bu millətin, bu xalqın xeyrinə iş görmək istəyəndə o dəqiqə bir başqası ona qulp qoyur, badalaq atır və həmin adamı qırx arşınlıq quyuya salır. Gəl indi o qırx arşınlıq quyudan çıx görüm necə çıxırsan?!.

TƏQVİM / ARXİV