adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Səhv düşəndə yerimiz

VÜQAR ABBASOV
88567 | 2016-03-09 14:40
Halımızdan narazıyıq. Yox, demədim ki, şükürlü millət deyilik. Millətimiz həqiqətən şükürlüdür. Milyonlarını istə verəcək. Əvəzində gündəlik ruzisini ver, şükür edəcək. Bəzən - "bu qədər şükürlü olmağımız yaxşıdırmı?” – deyə düşünməyə bilmirəm. Hələ sovetlər vaxtında da belə idik, neftimizi, varımızı-dövlətimizi daşıyıb, yerinə bizə bayraqdan zaddan verirdilər, biz də əl çalıb şükür edərdik. Belə bir söz var, deyirlər ki, sən övladına susmağı öyrət, danışmağı onsuz da öyrədəcəklər. Biz də böyük sözünü dinləyən millətik, övladlarımıza susmağı öyrtədik, danışmağı isə bizə öyrədən olmadı. "Susmaq qızıldır” misalını əlimizdə rəhbər tutaraq susduq və "qızılımızı” əldən vermədik, "zəngin” olduq. Danışanda isə öz aramızda danışdıq ki, bu da qiybətdən o tərəfə keçmədi.

Sovet dövrü demişkən, çoxları xoş xatırlayır həmən illəri. Mən cəmi 17 il yaşadım Sovet Azərbaycanında. Ondan da qayğısız uşaqlıq illərini çıxsaq, yerdə qalan illəri pis xatırlamıram, yaddaşım möhkəmdir. Elə o zamanlar da halımızdan razılıq edəcək durumda deyildik, yenə də bir tikə çörəyə şükür edirdik. Bəzilərimiz arada imkan edib Kislavodskiyə və.s. istirahətə gedə bilirdik və onda da çoxlarımız elə düşünürdü ki, bütün Azərbaycan xalqının günü oralarda keçir. Elə indi də o illəri xatırlayan bir çoxları o zamanın maaşı ilə əla dolanmağın mümkünlüyündən, lazım olan hər şeyi ala bildiklərindən danışırlar. Buna etirazım yoxdur, qiymətlər münasib idi, maaşlar isə çox olmasa da, çatırdı, ən azı ac qalmırdın və sabahına ümidsiz deyildin. Ancaq dükanlarda bir şeylər tapmaq müşkül məsələ idi. O illəri yaşayanlar bilirlər ki, ət, yağ, son illərdə isə şəkər və şəkər tozu talonla, hərəyə müəyyən miqdarda satılırdı. Bəzi ərzaq məhsulları var idi ki, onların yaxşısını tanışlıqla ala bilirdin. Meyvələr bol idi, ancaq hamısı deyil. Məsələn, satışda naringi, banan və.s. olanda növbənin ucu-bucağı olmurdu. Pal-paltara gəlincə, "impirtni”, yəni xarici malları ya əl altdan, ya da alverçidən almaq mümkün idi. Bu mövzuda saatlarla danışmaq, tonlarla kitab yazmaq olar...

Bütün bunlar bizdə, Azərbaycanda baş verirdi. Ancaq qəribə olan, hər halda mənə qəribə gələn məqamlar da çox idi. Məsələn, nənəmiz İ(Ye)ravana, Vediyə (indiki Ermənistan) qohumlarımızgilə gedəndə bizim üçün bayram olurdu. Yox, ona görə yox ki, nənəmizin getməyinə sevinirdik. Əksinə, nənəmizin gələcəyi günləri saymağa başlayırdıq, həm də elə getdiyi gündəncə. Bilirdik ki, gələndə bizə zövqlə tikilmiş paltarlar və.s. alıb gətirəcək. Əslində bizim ona ehtiyacımız yox idi, atama işinə görə hörmət edən "zavmaq”lar, (dükan müdirləri) dükana xarici mal gələn kimi atamı arayırdılar və biz də bazadan istədiyimizi seçə bilirdik. Ancaq nənə payı da şirin olur axı. Nə isə, mətləbdən uzaqlaşmayaq. Gücüstana gedənimiz olanda da sevinirdik, Moskvaya, Tallinə, o zamanlı Leninqrada (Peterburq), Daşkəndə və.s. də. Bilirdik ki, mütləq ordan bizə hədiyyələr gələcək. Bir gün uşaq ağlımla atama, nənəmə dedim ki, siz bu getdiyiniz yerlərdə nə çox adam tanıyırsınız. İkisi də üzümə baxıb nə demək istədiyimi anlamağa çalışırdılar. "Burda atamın ("papa” deyirdik) işinə görə bizə hörmət edirlər. Bəs dincəlməyə getdiyiniz yerlərdə kimə, nəyə görə "zavmaqlar” sizə hörmət edirlər ki, bizə bu cür paltarlar gətirə bilirsiniz?” – deyə soruşdum. Atam arif adam idi, nə demək istədiyimi anladı və özünəməxsus tərzdə gülümsəyərək: "Səfeh-səfeh suallarla başını yorma, get dərslərinlə məşğul ol”-dedi. Nənəm isə sadəlöhvcəsinə dedi ki, a bala, oralarda bizdəki kimi deyil. Elə hər şey dükanlarda satılır, seç,pulunu ver və al. Ancaq məni susdurmaq olar? Mən balaca olanda məni öncə danışdırmağı, sonra isə susdurmağı bacaran sevinirdi. "Bəs bizdə nə üçün elə deyil?” – soruşunca, atamın baxışı dəyişdi, onun təbincə desək, artıq səfehləmişdim. Deyinə-deyinə üzümü çevirdim və getdim ki, kitab oxuyum. Kitab da nə idi, başqa vaxtlarda yüz dəfə oxuduğum nağıllar kitabı. Zatən başqa bir şeylə özümü bu suallardan ayıra bilməzdim, nağıl oxumaq lazım idi. Ancaq etiraf edim ki, nağılın da köməyi dəymədi. Əgər atam bu suala cavab vermədisə və mənə elə baxdısa, demək ki, bu sualın cavabı çox önəmlidir. Sonradan, illər sonra elə atamın özündən də cavab aldım.

Zaman keçdi, böyüdüm və böyüdükcə anladım ki, bizdə çoxları öz yerində, öz işində deyillər. Anladım ki, bizdə ali məktəblərdə təhsil deyil, diplom verirlər və sonra "day-dayı” olan diplomlular aidiyyatı, ixtisasları olmayan işlərdə işləyirdilər. O zamanlar uşaqların arasında məhşur olan bir söz var idi; kimdən soruşurdun ki, məktəbdən sonra hara (hansı ali məktəbə) gedəcəksən? Çox vaxt bu cavabı eşidirdin: "DHD”yə (dehade) və açması da belə idi ki, dədəm hara düzəltsə. Bəli, dədələrimiz bizə yaxşılıq etdiklərini düşünürdülər. Hər kəs övladının gələcini düşünürdü, millətin, xalqın deyil (elə indi də eləyik, dəyişən bir şey yoxdur). Yerində olan az adam var idi, demək olar ki, hər kəs hardasa tanışlıqla işləyirdi. Bu cür iş alan adamlar isə təbii ki, qorxaq, oğru olacaqdı, mümkün qədər sərvətini çoxaltmağa çalışacaqdı, millətin sərvəti hesabına.

Həyətdə oturmuşdum, özümü də, indi gülüşlə xatırlayacağım qədər "artistokrat” hiss edirdim. Bəs nə, qarşımda özüm dəmlədiyim bir qəhvədan qəhvə, stolun üstündə ləbləbi. Maqnitafonda da həzin türk müsiqisi (artıq türk müsiqilərini rahatlıqla dinlədiyimiz vaxtlar idi). Mən də arada balaca qəhvə fincanından buxarlanan qəhvəni qurtumladıb qarşımdakı kitabı oxuyurdum. Bu vaxt qapı açıldı və gözləmədiyim halda atam, rəhmətlik Alı Mustafayev (jurnalist) və atamın başqa bir iş yoldaşı (şərti adı Rasim olsun) içəri girdilər. Dik qalxdım yerimdən. Alı Mustafayev üzünü mənə tutub şirin Qazax ləhcəsi ilə: "Nə qayresən ə burda?” – dedi. Hə, anladım. Bunlar bizə gələndə Kürdəxanının (evimiz orda idi) "orta ostanovka” deyilən yerində "Əlniyazın restoranı” kimi tanınan restoranda "ləngiyərək” gəliblər. İndi də "üstünü düzəldəcəklərini” də bilirdim. "Əyləşin, sizə də qəhvə ("kofe”- dedim) gətirim” – dedim. Atam tez: "Ordan bir şüşə konyak, rumka və şokalad da gətir” – dedi. Atamın dadlı konyakları olurdu, Şəmkir konyakları (o zamankı Şamxor), dostları göndərirdi. Düzünü deyim ki, arada gizlincə dadına da baxırdım. Nə isə, deyilənləri elədim və Alı müəllim mənə daha bir rumka gətirməmi dedi, sakitcə gətirdim. "Tovariş (nədənsə arada atama belə deyirdilər), icazə ver bizimlə bir əlli vursun” deyə Alı müəllim atama müraciət etdi və cavabını da gözləmədən mənim qədəhimə də konyak süzdü. "Vay, bir az əvvəl bir qədəh "atmışam,” görəsən sərxoş olmaram?”- deyə düşünürdüm ki, Alı müəllimin səsi gəldi: "Sənin sağlığına, iç” – dedi və mən də içdim. Elə qədəhləri təzəcə yerə qoymuşduq ki, Rasim üzünü atama tutub: "Zakir müəllim, dünən axşam evdə sizdən danışırdıq. Dedim ki, heç bir "kopolunun” işi deyil ki, riyaziyatçını jurnalist etsin” – dedi və atamın baxışlarından səhv etdiyini anladı. Atamın - "Rasim, başqa söyüş söymədin ki?” – deyə soruşması Rasimin onsuz da araq, üstündən də içdiyi konyakın təsirindən qızarmış yanaqlarını daha da qızartdı. Rasimin atası bizim məktəbdə direktor müavini idi. Nə başınızı ağrıdım, qardaşım hər vaxt atama deyirdi (indi deməsin) ki, ata, Rasimi TV- yə işə düzəlt də. Atam da sonradan bunu etdi və hər vaxt da deyərdi ki, Rasimin day-dayı Əhməddir, yəni qardaşım. İnsafən Rasim əla jurnalist idi, necə deyərlər, yaxşı qələmi var idi. Əslində onun jurnalistkiaya gəlməsi yanlış deyildi, adam bu sənəti sevirdi, həvəsi bura idi. Riyaziyyatçı olmağı heç ağlından belə keçirtmədiyini deyirdi. Atası da (həm də) ədəbiyyat müəllimi idi. Sonradan jurnalist kimi uğurlar qazandı, mükafatlar, təşəkkürnamələr aldı. TV - yə işə düzəlməmişdən öncə nəşriyyatda işləyirdi deyəsən. Sadəcə onun da universitetin filalogiya, jurnalistikasına daxil olmağa adamı olmamışdı, riyaziyyat üzrə oxumuşdu. Onu da qeyd edim ki, Rasim etibarı adam çıxdı, bu günə qədər də münasibətimiz var.

Niyə xatırladım bunu? Mənə görə bu günkü durumda olmağımızın (hər vaxt) başlıca səbəbi öz yerimizdə olmamağımızdır. Əslində belə faktlar çoxdur, əslində hara baxsan belə faktlar görə bilərsən. Bu gün də özünə iş tapa bilməyənlərimizin əksəriyyəti jurnalistikadadır, sonra deyirik ki, mətbuatımız nə üçün bu gündədir. Mühəndisi edirik "jurnalist,” baytarı "həkim.” Ali təhsilli, "day-day”sız biri fəhləlik edərkən, diplomlu, təhsilsizin biri hardasa, kimlərəsə rəhbərlik edir. Diplomu (ali təhsil demirəm) olmayan icra başçıları gördük. "Dubayın Abu Dabi şəhərinə” getmək istəyən deputatlar gördüm (Bakıda turizm biznesi ilə məşğul olarkən). Heç bir ali təhsili olmayan, saxta diplomlu müəllimlər gördük (indi təsəvvür edin ki, o cür "müəllim”lərin şagirdləri nə olacaqlar). Siyahını uzatmaq da olar, ancaq ehtiyac olmadığını düşünürəm. Anadolu türkləri demişkən, gördük ki, gördük.
Biz nə vaxt anlasaq ki, diplom adi bir kağız parçasıdır, bizim ali təhsil aldığımızı təsdiq edən kağız parçası, onda vəziyyət dəyişə bilər. Bizlər isə (hər kəsə aid deyil) almadığımız təhsilimizi sübut edən kağız parçasına pullar səpirik. Təəccüblüdür, başqa yerlərdə təhsil almaları üçün pul verirlərsə, biz təhsil almamağımız üçün veririk.

Biz nə vaxt anlasaq ki, bu dövlət bu-gün sabahlıq üçün qurulmayıb, bu dövlət var olmalıdır və onu bizlər var etməliyik, onda vəziyyət dəyişə bilər. Bunun üçün isə kadrlar düzgün seçilməlidir.
Biz nə vaxt anlasaq ki, bu gün bu dövlətə etdiyimiz hər pisliyin əzabını sabahkı nəsillər çəkəcək, onda vəziyyət dəyişə bilər.

Biz nə vaxt anlasaq ki, Vətən bizim namusumuz, qeyrətimiz, şərəfimizdir və bunları pula dəyişmək olmaz, onda vəziyyət dəyişə bilər.

Çox şeyi anlamağımız lazımdır. Demək ki, nə qədər acı olsa da, anlamaq problemimiz var. Faktdır ki, biz Azərbaycanımızı (hələ öznüzdə yavaş səslə Azərbaycan deyin, görün nə qədər doğma, şirin səslənir) onun layiq olduğu kimi sevə, qoruya bilmədik. Əksini sübut etməyə qalxmayın, edə bilməzsiniz, Qarabağa baxın, bəs edər. Mən hələ Qərbi Azərbaycanı və.s. demirəm. Gəlin anlayaq və özümüz özümüzü tərbiyələndirək. Diplom almaq üçün rüşvət verməyək. İşə qəbul olunmaq üçün kiminsə "bığının altından” keçməyək. Bir sözlə, pis adətlərimizi tərgidək. Əslində "eədək-etməyək” siyahısını uzadacaqdım. Ancaq baxdım ki, yox, birini yazırsan gedib çıxır başqa yerə. Hamısı bir-birinə bağlıdır, "düyünlər” çoxdur. Bəs nə edək, necə edək? Çernişevski demişkən, nə etməli? Ancaq bu sualların cavabını tapa bilməyəndə nağıl oxumalı, dinləməli deyilik. Deyəsən cavabını tapdım: hər kəsi layiq olduğu yerə təyin edək (əslində bayaqdan bunu dəfələrlə təkrar etmişəm). Necə deyərlər, atın qabağına ot, itin qabağına ət qoyaq. Yoxsa nə etsək də vəziyyəti dəyişə bilməyəcəyik və bir görəcəyik (neftimiz bitəndə) ki, gərəksiz olmuşuq, daha heç kəsə gərək deyilik. Şair Qabil demişkən: Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz

Vüqar Abbasov. Niderland.


TƏQVİM / ARXİV