ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, NÜSRƏT KƏSƏMƏNLİ!

FAİQ QİSMƏTOĞLU
77425 | 2016-03-05 09:35
... Pilləkanlarla yuxarı qalxırıq. Tək mən deyil, o vaxt mənimlə birlikdə ADU-nun jurnalistika fakültəsində təhsil alan Ağalar Mirzə, Əli Səfəroğlu, Vaqif Əliyev, Yeganə Rəhimova yuxarı qalxırıq. Birinci kursda təcrübə keçmək üçün "Bakı" qəzetinə gəlmişik. Bir neçə dəqiqədən sonra bizə deyirlər ki, aşağı düşün, qəzetin redaktoru Nəsir İmanquliyev sizinlə görüşəcək və bəzi məsləhətlərini verəcək.
Biz həyəcanla Nəsir müəllimin isti yay günündə kondinsioner işləyən otağına daxil oluruq. O isə özünə məxsus olan təbəssümlə bizi qarşılayır və "əyləşin" deyir. Biz isə stullarda əyləşib gözlərimizi Nəsir müəllimə dikirik. Bir qədərdən sonra Nəsir müəllim qəzetin şöbə müdirlərini də otağa dəvət edir. Onlar da hamısı bir-bir gəlib onun yanında dayanır, salam verir, sonra da keçib digər stollarda otururlar.
Uzunboylu, gülərüzlü, bir oğlan isə diqqətimizi daha çox özünə cəlb edir. Bu istedadlı şair-publisist və gözəl insan Nüsrət Kəsəmənlidi. Nəsir müəllim şöbə müdirlərinə tapşırıq verir ki, bunlar mənim tələbələrimdi, bir ay bizdə təcrübədə olacaqlar. Çalışın ki, tələbələrim sizdən narazı olmasın. Elə bugünki nömrəyə onların bir neçə yazısını hazırlayın. O yazılar qəzetdə çap olunsun, uşaqlar həvəslənsin...
Bir həftənin içində hər birimizin "Bakı" qəzetində bir neçə xəbəri, reportajı və müsahibəsi dərc olundu. Həmin yazılar qəzet səhifəsində işıq üzü görəndə uçmağa qanadımız yox idi. Çünki sevimli müəllimimiz, "Bakı" və "Baku" axşam qəzetlərinin redaktoru Nəsir İmanquliyev bizə "yaşıl işıq" yandırmışdı. Kimin ağzı nə idi ki, Nəsir müəllim deyəndən sonra bizə soyuq münasibət bəsləyəydi, yaxud da yazımızı ləngidəydi. Əgər yazı normal və kifayət qədər tələblərə cavab verirdisə, elə həmin gün də qəzet səhifəsinə qoyulurdu. Biz orda böyük jurnalistlər Şamil Şahməmmədovu, Əlabbas Əliyevi, Mail Cəbrayılovu, Nüsrət Kəsəmənlini, Şaban Şabanovu, Fazil Rəhmanzadəni, Ənvər Məşədiyevi, Həmid Nəcəfquliyevi... və başqalarını görürdük. Və biz "Bakı" qəzetində bir ay təcrübə keçərkən böyük bir məktəbin şahidi olduq.
Nüsrət Kəsəmənli isə həmişə bizə isti münasibət bəsləyir, zarafatlaşır və deyirdi ki, sizin hər biriniz çox istedadlı tələbəsiniz və inanıram ki, gələcəkdə də özünüzü təsdiq edəcəksiniz. Nüsrət Kəsəmənli Ağalar Mirzənin, Loğman Rəşidzadənin, Əli Səfəroğlunun şeirlərini elə isti-isti çapa hazırladı. Dedi ki, mən imza atdımsa, Nəsir müəllim də razı olacaq. Çünki Nəsir müəllim bilir ki, Nüsrət heç vaxt zəif yazıya, zəif şeirə qol çəkməz.
O böyük şairlə biz hər birimiz tez-tez görüşürdük. Azərbaycan Televiziyasında "İlham" verilişini aparırdı. O qədər şirin, o qədər duzlu o verilişi araya-ərsəyə gətirirdi ki, adam baxmaqla doymurdu. Çünki Nüsrət Kəsəmənlinin hər sözü, hər ifadəsi, hər kəlməsi başdan-ayağa bir işıq idi, bir nur idi. Və biz də bu işıqdan, bu nurdan pay almaq istəyirdik və pay da aldıq. O nə qədər böyük, nə qədər istedadlı, nə qədər mədəni insan idisə, bir o qədər də sadə, səmimi ziyalı idi. Heç vaxt ondan özündən razılıq, yekəxanalıq görmədik. Əksinə, kənddən gələn istedadlı, imkansız tələbələrə arxa dururdu və onlara maddi köməklik də eləyirdi.
Universitetin 5-ci kursunda oxuyurduq. Dörd imtahan vermişdik, onun dördündün də "əla" qiymət almışdım. Amma axırıncı imtahandan çox bərk qorxurdum. Çünki keçdiyimiz fənn nə siyasi iqtisada oxşayırdı, nə də fəlsəfəyə. O fənnin adı belə idi: "Sosialist ölkələrinin müəssisələrinin iqtisadiyyatının əsasları". Bu fənni də bizə əslən Qazaxdan olan Mustafa Bayramov keçmişdi. Sözün düzü, bir o qədər də o fənni qrupumuzda heç birimiz yaxşı öyrənə bilməmişdik. Düzdür, Mustafa müəllimin mühazirələrinin çoxunu yazmışdıq, amma bu da kifayət eləmirdi ki, biz də o fənnən "əla" qiymət ala bilək.
Hər gün səhər saatlarında Nüsrət Kəsəmənli həyat yoldaşı Rəhilə xanımı fakültəyə gətirirdi. Rəhilə xanım laborant işləyirdi. İmtahan da saat 9-da başlayırdı. Yaxın adam axtarırdım ki, məni Mustafa müəllimə tapşırsın. Elə fikirli-fikirli dəhlizdə gəzirdim ki, Nüsrət Kəsəmənli ilə yoldaşı Rəhilə xanım içəri daxil oldu. Onları görəndə gözlərimə işıq gəldi. Nüsrət müəllim rəngimin avazıdığını görüb soruşdu:
- Ay Faiq, niyə kefin yoxdu, qanın qaradı. Bəlkə çətinliyin var? Utanma de, kömək eləyim.
Mən də sıxıla-sıxıla dilləndim:
- Nüsrət müəllim, bir müəllimimiz var, Qazaxdandı, Mustafa Bayramov. O biri imtahanlardan dörd "5" almışam, amma bundan o qiyməti ala bilməyəcəm.
O sözümün arxasını gətirməyə imkan vermədi. Mustafa müəllim hardadı deyə soruşdu. Mən otaqlardan birini göstərdim. Nüsrət Kəsəmənli bir başa otağa girdi və Mustafa müəllim onu görəndə ayağa qalxdı. Dedi ki, Mustafa müəllim, bu Faiq mənim yaxın dostumdu və heç kəsi də yoxdu. Ona imtahandan beş yazarsan. Mustafa müəllim dilləndi ki, mənim gözüm üstə.
Nüsrət Kəsəmənli mənlə xudahafizləşib gedərkən dedi:
- Ürəyini buz kimi saxla və həyəcan da keçirib eləmə. Hər şey yaxşı olacaq!
İçəri keçdim, bilet çəkdim, suallar da bildiyim suallar idi. İstədim danışam, Mustafa müəllimin çöhrəsinə gülüş qondu və dilləndi:
- O yekəlikdə dağ kimi kişini üstümə göndərmisən, hələ danışmaq da istəyirsən?! Qiymət kitabçasını mənə ver görüm.
Mustafa müəllim qiymət kitabçasını götürüb "əla" qiymət yazıb mənə uzatdı.
Biz həmişə əlaçı olanda 50 manat təqaüd alırdıq, amma 5-ci kursda 55 manat verdilər. Elə bil ki bu təqaüdü də mənə Nüsrət Kəsəmənli hədiyyə eləmişdi.
Bir gün də eşitdim ki, Nüsrət Kəsəmənli lotereyada "Jiquli" udub. Bir aydan sonra həmin maşınla Rəhilə xanımı gətirmişdi. Mən də gözaydınlığı verib təbrik elədim. Sonra da eşitdim ki, Nəsir müəllim ona şəhərin mərkəzində üçotaqlı ev verib.
Hər dəfə onu görəndə və görüşəndə elə bil dünyanı mənə bəxş edirdilər və fikirləşirdim ki, mən Nüsrət Kəsəmənlinin yaxşılığından necə çıxım. Və bir dəfə iş elə gətirdi ki, onu Aqil Abbasla nəşriyyatın birinci mərtəbəsindəki çayxanada gördüm. Öpüşüb görüşdük, hal-əhval tutduq. İrandan təzə qayıtmışdı. Aqil müəllim dedi ki, Nüsrətin bir işi var, get onun dalınca həll elə. Mən də o işin dalınca böyük həvəslə getdim və yoluna qoydum. Elə bil ki, çiynimdən ağır yük götürüldü. Heç olmasa böyük şairin elədiyi yaxşılığın birini qaytara bildim...
Nüsrət Kəsəmənli kimi insanlar heç vaxt ölmürlər. Çünki Nüsrət Kəsəmənli böyük şair idi, böyük insan idi, böyük dost və böyük türk idi. Allah sənə rəhmət eləsin, Nüsrət Kəsəmənli! Məzarın nurla dolsun!

TƏQVİM / ARXİV