adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

XOCALI HƏFTƏSİ

SEYFƏDDİN ALTAYLI
66129 | 2016-03-05 09:43
Yenə qisası alınmamış Xocalı Soyqırımının iztirabını, Qarabağın işğal altındakı yerlərinin həsrətiylə bağlı daha bir həftəni bizdən asılı olmayan əsəbi gərginliklə yola saldıq.
Bir gün İzmirdə yaşayan hörmətli dostum Cəvahir Xanım Əhmədova zəng çaldı ki, tələbən Vural Baydan sənə zəng edəcəkdi, İzmirdə Xocalı Soyqırımı ilə bağlı bir tədbir keçirəcəyik. Ondan bir az sonra Vural zəng çaldı və "İzmirdəki tədbirə özün və Xocalı dərdini bu tədbirdə yaxşı əks etdirəcək birini tap, biletlərinizi alacağam ayın 24-ündə gəlib 28-ində qayıdacaqsınız" dedi. Vurala, "Tədbir yalnızca konfrans şəklində olmasın, orda Xocalı və Qarabağ dərdini gözəl əks etdirən bir film çəkilib o film də göstərilməlidir" deyince, "Siz nə buyurursunuz o da olacaq" deyərək cavabladı və razılaşdıq.
Mən də o dəqiqə əziz dostum və qardaşım Aqil Abbasla danışdım. Cavabında, "Məclisə deyib icazə almalıyam" dedi, bir gün sonra da gedə biləcəyimizi söylədi. Vurala məsələni çatdırdım, bilet üçün lazımi məlumatları yolladım və ayın 24-ündə İstanbula, ordan da İzmirə getdik. Bizi Vural və Ahmət Özdəmir adlı bir iş adamı qarşıladı. Ayın 25-ində tədbirin keçiriləcəyi Kaya İzmir adlı beş ulduzlu otelə yerləşdik, bir azdan da aşağı düşüb lobbidə söhbətə başladıq.
Oxucularıma həm Cəvahir, həm də ibtidai məktəbdə beş il şagirdim olan Vural Baydanı bir az ətraflı tanıtmaq istəyirəm.
Cəvahir xanım Azərbaycanın Zəngilan bölgəsindəndir. Təhsil almaq üçün Türkiyəyə gedib və orda bir vətəndaşımızla tanışıb, ailə qurub. Allah saxlasın, gül kimi bir oğlu var. Onunla illər öncə tanış oldum və eyni əqidənin insanları olduğumuza görə tezliklə dostlaşdıq. Azərbaycanla bağlı hər hansı bir şey olduqda ya mən onu və ya o məni xəbərdar edirdi. Eyni ilə bu tədbir kimi. Cəvahir xanım İzmirdə Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədridir. İzmirdə yaşayan Azərbaycanlı qadınlarla bir araya gəlib bu dərnəyi yaradıblar və diasporamız üçün çox gözəl işlər görürlər, Türkiyə ilə Azərbaycan arasında əsl körpü vəzifəsini həyata keçirirlər. Tanrı hamısından razı olsun.
Vural Baydan, bir az əvvəlcə işarə etdiyim kimi, İgdir vilayətinin Aralıq qəsəbəsində 1970-ci illərdə müəllim işləyərkən ikinci sinifdən beşinci sinfə kimi bacısı əlvan ilə birlikdə dərs dediyim bir şagirdimdi. Atası Məhəmməd bəy İsveçrədə işçi idi və dostlaşmış, ürəkləri bir olan dostlara çevrilmişdik, həddən artıq gözəl bir insandı. Ancaq İsveçrədə yaşadığına görə hələlik uşaqlarını ora apara bilməmişdi, Vural da, bacısı əlvan da maddi yöndən bir az korluq çəkirdilər. Hər ikisi də sinifimin gözdə uşaqları idi. Vural və əlvan ilə birlikdə bir neçə uşağı digərlərindən daha çox sevirdim. Şagirdlərimin əksəriyyəti isə kasıb ailə uşaqları idi. Aradan illər keçdi, Vural və əlvan İsveçrəyə getdilər, indi hər ikisinin də gözəl ailələri, uşaqları var. Əlvanın yoldaşı Bayram Qumtəpə də orta məktəbdən şagirdimdi. Müəllim ikən onlara göstərdiyim sevgim, indi onlar vasitəsi ilə özümə qayıdır. Bu isə Ulu Tanrının şəxsən mənə bağışladığı bir lütfdür. Bunu da deməliyəm ki, bütün uşaqlarımı millətçi, vətənpərvər ruhda yetişdirdim. Vural indi uğurlu bir iş adamıdır və Cəvahir xanımın Xocalı tədbiri ilə bağlı olaraq biriylə söhbətinə təsadüfən qulaq xəyanəti olub və ona deyib ki, xanım nə məsələdir? Cəvahir xanım da tədbirlə bağlı fikirlərini söyləyib və Vural dərhal bütün xərcləri boynuna götürərək bu işin gerçəkləşməsinə vasitə olub. Belə bir insanla onu yetişdirən hər bir müəllim fəxr edər, mən də edirəm.
Lobbidə söhbət edərkən yenə Aralıqdan daha bir şagirdimlə Tuğrul Kəskin ilə də tanış oldum. Öncə nə o məni tanıya bildi, nə də mən onu. Aradan hardasa qırx beş il keçib nə cür tanıya bilərdim? Tuğrul ona yaxın kitabın müəllifi, gözəl şair və İzmirin Balçova qəsəbəsinin kültür müdiri işləyir. Məni ona tanıdarkən qucaqlayıb elə həsrətlə bağrına basdı ki, çaşıb qaldım. Tuğrul isə mənim sinfimdə deyildi, yəni ona dərs deməmişdim. Özünə dərs deməyən bir müəllimə bu boyda sevdi duyulması qəribə deyil?!
Ayın 25-ində tədbir gerçəkləşdirildi. Tədbirdə İzmirin millət vəkilləri də iştirak edəcəkdi, ancaq məclis bir qərarnamə çıxararaq bütün millət vəkillərinin Ankaradan ayrılmamasını tələb edir və bu səbəblə onlar tədbirdə iştirak edə bilmədilər. İzmir vali müavini, Balçova qaymaqamı, bələdiyyə başqanı, kültür müdiri, İzmirdəki Azərbaycan dərnəkləri, Azərbaycan və Dost Dərnəklər Federasiyası, AKP, CHP, MHP-nin İzmirdəki idarəçiləri, partiya və dərnəklərin idarə heyətlərinin üzvləri, İzmirdə yaşayan Azərbaycanlılar, İgdirdən, Qarsdan gəlib İzmirdə məskunlaşanlar iştirak etdi. Öncə "Dolu" filminə baxıldı, daha sonra çıxışlar oldu. Aqil bəy, mən, vali müavini, Balçova qaymaqamı, federasiya rəhbəri çıxış etdik, ən sonda da Cəvahir xanım.
Ayın 27-si günü İzmirin Bornova qəsəbəsində İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşəbbüsü ilə Azərbaycan Dostluq Parkı və Xocalı Şəhidlik Abidəsinin açılışı tədbiri həyata keçirildi. İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi Bornova bələdiyyəsinə park və parkın içində ucaldılacaq Xocalı Şəhidlik Abidəsi üçün müraciət edir. Cümhuriyyət Xalq Partiyasından seçilən bələdiyyə başqanı Olqun Atilla dərnəyin bu tələbini həssasiyyətlə qəbul edir və nə lazımdırsa edir. 9 Eylül Universitetinin Güzəl Sənətlər Fakültəsinin Heykəl Şöbəsi müəllimi Nəda İsmail Atar isə abidənin memari nəqşəsini çəkərək onu ucaldır.
Parkın və abidənin açılışı həddən artıq maraqlı oldu. İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi Başqanı Mülazım Pahsa, parkın və abidənin gərçəkləşməsini İzmir Azərbaycan Kültür Dərnəyinin idarə heyəti ilə birlikdə gerçəkləşdirən, onun əziyyətini çəkən şəxslərin başında dayanırdı. Açılışda o, bələdiyyə başqanı Olqun Atilla, çeşidli Azərbaycan dərnəklərinin idarəçiləri çıxışlar etdilər. Xüsusi ilə Olqun bəy çox gənc olmasına baxmayaraq uzaqgörən, bilikli bir siyasətçi olduğunu hər davranışı və söyləmi ilə büruzə verdi. Sözlərinə "Biz bir millət, iki dövlətik" deyə başlayaraq, Türkiyənin və Azərbaycanın üzləşdiyi problemlərin nələrdən bəhrələndiyindən danışaraq, "Xocalıda şəhid düşən bacı-qardaşlarımızı hörmətlə yad edir, onlara Tanrıdan nəhayətsiz rəhmət diləyirəm. Bu cür hadisələrlə bir daha üzləşməmək üçün daimi əlbir olmalıyıq" deyərək bitirdi.
İzmirdən qayıdarkən Aqil bəy, "İndiyə kimi çox səfərlərim oldu, ancaq bu səfərimiz bir çox yönləri ilə yadda qalandır və fərqlidir. Vural bəy və Cəvahir xanım çox gözəl bir tədbirin keçirilməsini təmin etdilər, onlara dövlətimiz və millətim adına təşəkkür edirəm" deyərək öz razılığını bildirdi.
Xocalının qisası alınmamış ürəklərimiz əsla dinclik tapmayacaqdı, Ulu Tanrı inşallah o günləri bizə göstərər və o dünyaya gözü açıq getmərəm.


TƏQVİM / ARXİV