Laçın Azərbaycanın ən gözəl, ən səfalı, təbiət mənzərələri göz oxşayan bir bölgəsidir və indi düşmən tapdağında olsa da, nə laçınlılar, nə də hər bir Azərbaycan vətəndaşı Laçını unutmayıb, hər an işğal altında olan torpaqlarımızın, o sıradan Laçının azad olunmasını arzulayır. Heç də ümidsiz yaşamırıq və gün-gündən daha da qüvvətlənən ordumuz o torpaqları geri alacaq.
"Laçın antologiyası" toplusu Laçın ədəbi mühitinin 400 illiyinə həsr olunub və bu toplunun I cildi oxucuların ixtiyarına verilib. Toplunun tərtibçisi tədqiqatçı-jurnalist Mübariz Binnətoğlu bu cildə XVII-XXI əsrlərdə ədəbiyyata gəlmiş 27 müəllifin seçmə şeirlərini bir yerə toplamış və Laçın ədəbi mühiti haqqında dolğun bir təsəvvür yaratmağa çalışmışdır. Toplunun elmi redaktoru tanınmış ədəbiyyatşünas Şirindil Alışanlıdır.
Kitab XVII əsrdə yaşayıb-yaratmış, Azərbaycan aşıq poeziyasının qüdrətli nümayəndəsi Sarı Aşığın bayatıları ilə açılır. Bayatı yaradıcılığında ilk müəlliflərdən biri kimi tanınan Sarı Aşıq bu sahədə misilsiz nümunələr qoyub getmişdir. Onun bayatıları əsrlər boyu aşıqlar və xalq tərəfindən cilalanaraq xalq bayatıları ilə qarışsa da, tədqiqatçılar konkret olaraq onun müəllifi olduğu bayatıları müəyyənləşdirə bilmişlər.
Cəmi dörd misradan ibarət olan bayatı Azərbaycan şeirinin zəngin xəzinəsinin ən qiymətli inciləridir, - desək, yanılmarıq. Görkəmli yazıçı Mehdi Hüseyn "Zəngin xəzinələr" adlı məqaləsində yazırdı: "Bayatılar qədər xalq içərisində geniş yayılmış ikinci bir ədəbi janr bəlkə Azərbaycan folkloru klassik Azərbaycan şeirinin doğma qardaşı sayıla bilər.
Bayatıların çoxu lirik xasiyyət daşıyır. Burada müəllif öz şəxsi həyəcan və iztirablarını ilk plana çəkir, hətta onun bəhs etdiyi bir matəm çoxlarına aid olsa da, müəllif bu hadisəni öz şəxsi kədəri kimi ifadə etməyə çalışır. İlham, həm də qüvvətli bir ilham olmadıqca bayatı yarana bilməz".
Sarı Aşığın bayatıları böyük ilhamla yaradılan nümunələrdir. Belə bir rəvayət var ki, Sarı Aşığın Yaxşı adlı bir sevgilisi olmuş, amma Yaxşının Yaman adlı qardaşı aşığın bu məhəbbətinə qarşı çıxmış, beləliklə, sevgililər bir-birinə qovuşmamışlar. Bu kədərli Macəra Sarı Aşığın bayatılarında öz əksini tapmışdır:
Sarı Aşığın bayatıları öz bədii kamilliyi və gözəlliyi ilə seçilir. Xüsusilə təcnisli bayatıları...
Aşıq Qaramannıdı,
Xalın qara mannıdı.
Yaxşının tənəsindən,
Dağda qar amannıdı.
Mən Aşığam, yar alıb,
Kəs bağrımı yaralıb.
Əzrayıl, alma canım,
Bir canım var yar alıb.
Mən Aşığam, bağdadı,
Paşa gəzər Bağdadı.
Getməz bülğül sərindən,
Gül sevdası, bağ dadı.
Deməli, Laçın ədəbi mühiti öz başlanğıcını Sarı Aşıqdan başlayır və bu ədəbi mühitin formalaşmasında ustad aşığın böyük rolu olmuşdur. Bundan sonrakı mərhələ isə XIX əsr təriqət şairi Mir Həmzə Seyid Nigarinin (1797-1885) yaradıcılığı ilə bağlıdır. Nigari XIX əsrin ən qüdrətli şairlərindən biridir, lakin uzun müddət onun yaradıcılığı diqqətdən kənarda qalmışdır, buna əsas səbəb isə Nigarinin təriqət şairi olmasıydı. Sovet dönəmində onun mənsub olduğu təriqət mürtəce cərəyan kimi qiymətləndirilirdi. Halbuki F.B.Köçərli vaxtilə Nigaridən ədəbiyyatımızın əvəzsiz simalarından biri kimi söz açmışdı.
Onun yaradıcılığında Qarabağ mövzusu mühüm yer tutur. "Laçın antologiyası"nda Nigarinin Qarabağa həsr olunan üç şeiri təqdim olunur. Ədəbiyyatşünas Tahirə Məmməd doğru olaraq qeyd edir ki, Nigari Qarabağı cənnətə bənzətməklə yox, cənnətə aid əlamətləri Qarabağın üzərinə köçürür. Uzun müddət Türkiyədə yaşayan Nigari öz şeirlərində Qarabağ həsrətini çəkirdi:
Bir qönçeyi-gülün tarimariyəm,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl kəkliyin giriftariyəm,
Şenlik olsun dağı, bağı, oylağı.
Gözlərimdən hər dəm qan-yaş tökülür,
Sərv tək qamətim, yay tək bükülür.
Sinəmə çar-çarpaz dağlar çəkilir,
Yadıma düşəndə Gülgəz yaylağı.
Xubları huridir, mələk mənzərdi,
Sözləri şirindi, şəhdi-şəkərdi,
Cənnətəl məvadəhözvi-kövsərdi,
Qaraqaş yaylağı, Həmzə bulağı.
Laçın ədəbi mühiti bu mənəvi köklərə bağlıdır və XX əsrdə Laçında yetişən, ilk yazılarını rayon qəzetində dərc edən müəlliflərin əksəriyyəti bir şair kimi məhz bu mühitdən pərvazlanıb qaynar ədəbi mühitə gəlmişlər. Onların sırasında heç şübhəsiz, ilk növbədə, Hüseyn Kürdoğlunun (1934-2003) yaradıcılığı xüsusilə qeyd edilməlidir. Hüseyn Kürdoğlu XX əsr Azərbaycan poeziyasında öz fərdi dəst-xətti, üslubu ilə seçilən şairdir. O, xalq poeziyası ənənələrindən bəhrələnərək bənzərsiz qoşmalar, gəraylılar, təcnislər, bayatılar yaratmış, heca şeirinin müxtəlif şəkillərində parlaq nümunələr yaratmışdır. Onun bənzərsiz poeziyası haqqında Yaşar Qarayev, Tofiq Hacıyev, Qəzənfər Paşayev kimi tənqidçi-ədəbiyyatşünaslar qiymətli fikirlər söyləmişlər.
Hüseyn Kürdoğlunun poeziyası təkcə forma mükəmməlliyinə görə deyil, həm də ideya-məzmun baxımından da təqdirə layiqdir. Azərbaycan təbiətinin gözəllikləri, vətən sevgisi, müasir insanın duyğu və düşüncələri, xüsusilə, Laçın işğal olunandan sonra yurddaşlarımızın mənəvi ağrıları onun şeirlərində öz poetik ifadəsini tapır - bu şeirlər bədii təsvir vasitələrinin zənginliyi ilə göz oxşayır. Laçın həsrətini ifadə edən bu iki bayatısına diqqət yetirin:
Mən ölsəm, Laçın ağlar,
Yolar ağ saçın ağlar.
Göydən keçən durnalar,
Ləngidər köçün ağlar.
Çöllərə qırov düşdü,
Xəyalıma ov düşdü.
Laçının həsrətindən
Qanıma alov düşdü.
Gözəl şairimiz Ağa Laçınlının (1940-2007) şeirləri də antologiyada xüsusi yer tutur. Onun da poeziyası özünəməxsusluğu ilə seçilirdi. Ağa müasir şeirimizə o bölgənin məxsusi koloritini, dialekt və şivə şirinliyini, təbiətin ab-havasını gətirdi. Kökə, ilkinliyə bağlılıq onun şeirlərinin mayasını təşkil edirdi:
Allah, bu dağların qurbanı olum,
Ağrım güllələndi gülə yetəndə.
Sümüyüm oynadı, qanım qaynadı
Yolumun yorğası çölə yetəndə.
Ağayam, heç kimə heç nə demirəm,
Güman bulağından sevinc əmirəm.
Getmək istəmirəm, mən istəmirəm
Obaya qovuşub elə yetəndə.
Topluda tanınmış şair Xasay Cabbarov da (1936-1996) Laçın ədəbi mühitinin yetirməsiydi. Onun şeirlərində də xalq poeziyasının güclü təsirini hiss edirik. Xüsusilə, qoşmaları bu poeziyadan yaxşı mənada bəhrələnməyin nümunələridir.
Bu fikri biz Səyyah Məhəmmədin (1923-1977), Əli Mehdinin (1923-2010), İlyas İbrahimovun (1933-1966), Məcid bəy Bütövlüklünün (1925-2010), Hilal Salahovun (1933-2003) şeirləri barədə də söyləyə bilərik. Laçına məhəbbət onların şeirlərində qabarıq nəzərə çarpır.
Laçında doğulan istedadlı bir şairimiz də var. Malik Fərrux (1948-1998). Heyf ki, amansız xəstəlik onu aramızdan tez apardı. Maliklə BDU-da tələbəlik həyatı yaşamışıq. Onun şeirləri öz poetik naxışları ilə seçilirdi, Malik ənənəvi mövzularda yazanda belə, yeni bədii təsvir vasitələri axtarıb tapır, poetik axtarışlara meyl edirdi.
Göylərə uzanıb yolu dabların,
Yuyunan buludlar saçı olubdu.
Hökmdar dağların, ulu dağların
Qartallar başının tacı olubdu.
Bir qartal yaranda göyün qatını,
Gözləri yol çəkər, düşünər dağlar.
Ana təbiətin mükafatını,
Yığıb qartalları başına dağlar?!
Dərin dərələri alanda kölgə,
Damlalar buluddan üzülüb gəlir.
Dağ suyu təmizdir, deyirə bəlkə
Qartal ürəyindən süzülüb gəlir.
Antologiyada "XX-XXI əsrlərin ədəbi mühitindən" adlı bir bölmə də diqqəti cəlb edir və bu bölmədə bizim müasirlərimizin, hal-hazırda yaşayıb-yaradan laçınlıların şeirlərinə yer ayrılmışdır. Bu sırada Camal Məcnunovun, Aşıq Umbayın, Rəfail Laçınlının, Sərahil Laçının, Arif Məmmədlinin, Rəhman Bəhmənoğlunun şeirləri xüsusilə seçilir. Qeyd edək ki, onların şeirlərində Laçın həsrəti, yurd yanğısı əsas mövzudur. Rəfail Laçınlının rübailərində bu həsrət, bu yanğı daha şiddətlidir:
Dağlar aşıb yetən ünüm Laçındı,
Həyatımda ən xoş günüm Laçındı.
Dilim batıb, lal olmuşam bu qəmdən,
Qürbət eldə həsrət könlüm Laçındı.
Toplu Laçının ən gənc şairi Zahir Abbasın şeirləri ilə sona çatır. Onun "Laçın" şeiri elə bilirəm kitabdakı şeirlərin ümumi ruhunu özündə əks etdirir:
Yurdsuzam, gözümə yuxu getməyir,
Mən nələr çəkirəm, bir kəs bilməyir.
Sənsiz can verirəm, heç kəs görməyir,
Al məni qoynuna dəfn et, ay Laçın,
Bas məni bağrına çal laylay Laçın!
Bu şeirdə ifadə olunan nisgil vaxt olacaq bitəcək, onda ki, Laçın yenə öz sakinlərini bağrına basacaq. O günün gələcəyinə heç kəs şübhə etməsin!