Fotoqrafın gümüş fotosu

ETİBAR CƏBRAYILOĞLU
58003 | 2016-02-27 00:50
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Amerika Fotoqrafiya Cəmiyyətinin keçirdiyi beynəlxalq müsabiqənin gümüş mükafatına layiq görülüb. Bu, istedadlı foto ustasının nüfuzlu sənət yarışmalarında qazandığı ilk uğur deyil. Lakin necə deyərlər, hər qələbənin öz dadı var...

- İlqar, növbəti qələbən münasibəti ilə səni təbrik edirəm, el dilində desəm. axırıncı olmasın, axarıncı olsun...
- Sağ ol, qardaş.
- Gümüş mükafat aldığın müsabiqə, onun şərtləri və iştirakçıları barədə elə özün ətraflı məlumat versən yaxşı olar...
- Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) himayəsi və təşkilatçılığı ilə keçirilən "Photo Story 2016" Beynəlxalq Bədii fotoqrafiya müsabiqəsinə bu dəfə Makedoniyanın Kumanova şəhəri ev sahibliyi edib. 6 kateqoriya üzrə keçirilən müsabiqəyə dünyanın 47 ölkəsini təmsil edən 165 fotoqrafın 2870 işi təqdim olunub. Mən 2008-ci ilin sentyabrında Pekində Paralimpiya Oyunlarının bağlanış mərasimində çəkdiyim "Çinli qızların rəqsi"ni müsabiqəyə göndərmişdim. Çox sevinirəm ki, qaliblərin adı açıqlananda Azərbaycan təmsilçisi də mükafatçılar sırasında oldu. "Çinli qızların rəqsi" fotoşəkilim "Ənənələr" kateqoriyasında Amerika Fotoqrafiya Cəmiyyətinin gümüş medalına layiq görüldü.
- Öz aramızdı, indi hamı uzuc mal gətirmək üçün Çinə gedir, amma sənin oradan gətirdiyin qiymətli və keyfiyyətli çıxdı...
- Keyfiyyət bizim sənətdə əsas amillərdən biridir, mən də həmişə bu məsələyə ciddi yanaşmışam.
- Və bəhrəsini də görürsən...
- Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FİAP) və PSA tərəfindən keçirilən müsabiqələrdə müxtəlif nominasiyalı səkkiz mükafat qazanmışam. Serbiyada, İrlandiyada, Monteneqrada, Rumınya, Rusiya və Xorvatiyada Azərbaycanı layiqincə təmsil etmişəm. Rusiya Mətbuat Fotosu müsabiqəsinin 2007-ci ildə keçirilən seçiminin qalibi olmuşam. 2014-cü ildə Rusiya Prezident Kitabxanasının keçirdiyi beynəlxalq fotomüsabiqənin qaliblərindən biriyəm. Soçi Qış Olimpiyadasında çəkdiyim şəkillərə görə həmin müsabiqənin qalibi seçilmişəm. 2009-cu ildə Yaponiyada 151 ölkədən 18 min fotoqrafın iştirak etdiyi dünya miqyaslı Nikon fotomüsabiqəsinin qalibləri sırasında olmuşam.
AZƏRTAC-da işlədiyim ilk illərdə tez-tez cəbhə bölgələrində olurdum. Müharibə mövzusunda və qaçqınlarla bağlı xeyli fotolar çəkmişəm. Həmin şəkillər Bakıda və bir sıra Avropa ölkələrindəki fotosərgilərimdə nümayiş etdirilib. İki il öncə Daşkənddə keçirilən Beynəlxalq Fotobiennale-də Qarabağda çəkdiyim "Müharibə uşaqları" mövzusunda silsilə sənədli şəkillərim qızıl medal aldı. Bir azərbaycanlı kimi Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəmi verməyə çalışıram.
- Dövlətin rəsmi informasiya agentliyinin fotomüxbiri kimi hər gün müxtəlif tədbirlərdə iştirak edirsən. Yorulmamısan ki?
- Sənətini sevən insan heç vaxt çalışmaqdan yorulmaz. Üstəlik, AZƏRTACda hamı özünü mehriban, işgüzar bir ailənin üzvü kimi hiss edir. Belə bir mühitdə çalışmaq həqiqətən də qürurvericidir.
Sən yaxşı bilirsən ki, AZƏRTACda çalışdığım bu illər ərzində üç Paralimpiya və bir Olimpiya oyunlarında fotomüxbir kimi iştirak etmişəm. Mənim fikrimcə, fotomüxbir də idmançı kimi həmişə formada olmalıdır. Yoxsa keyfiyyətli çəkiliş aparmaq mümkün deyil. Keçirilən idman yarışları fotomüxbir üçün həm imtahan, həm də bir şansdır. Gərək yarışdan yaxşı kadr çəkə biləsən ki, həmin şəkillər müxtəlif fotomüsabiqələrdə sənin üzünü ağ eləsin.
- Bir neçə aydan sonra Bakıda "Formula-1" yarışları keçiriləcək. Sən də yəqin öz hazırlıqlarını indidən görürsən...
- Həmin yarışdan maraqlı, yadda qalan kadrlar lentə almaq üçün özümü "Formula-1"in sürətinə kökləyirəm.

TƏQVİM / ARXİV