adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

SÖZÜN VƏ SƏSİN MÖCÜZƏSİ

FAİQ QİSMƏTOĞLU
77428 | 2016-02-27 00:18
...Onunla rəhmətlik Müseyib dayının (gözəl ziyalı və yazıçı Rəşad Məcidin atası) yas məclisində görüşdük. Gözlərinin dərinliyinə bir kədər çökmüşdü. Sanki bu kədər nə vaxtdandır o gözlərdə yuva salmış və onun qəlbinə, ürəyinə hopmuşdu. Yas məclisinin ağırlığı da bu kədərə bir qədər də ağırlıq gətirmişdi.
Birdən-birə ötən illəri xatırladıq. Biz hər ikimiz Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişik. Məndən bir il sonra Rafiq Hacıyev bu fakültənin məzunu olub. Tələbəlik illərindən qeyri-adi hərəkətləri və istedadı ilə digərlərindən seçilirdi. Üstəlik də Rafiqin çox sadə və yumşaq qəlbi vardı. Sanki bu qəlb uşaq ürəyi kimi yumşaq idi. Nə desən qəlbinə toxunar və hiss edərdin ki, onun ürəyinin dərinliklərinə gedib çıxmısan. O özü heç vaxt kiminsə qəlbinə və ürəyinə toxunmazdı.
Onun zəhmətkeşliyi və istedadı ilə yanaşı, həm də bir böyük ürəyi var. Tələbəlik illərində bir tikə çörəyini hamı ilə bölmək istəyirdi və daha doğrusu, bölürdü. Hər oğulun işi deyildi ki, universitetdə oxuduğu illərdə "Kommunist" qəzeti kimi nüfuzlu bir mətbu orqanda məqaləsi çap olunsun. Rafiqin nəinki "Kommunist" qəzetində, eləcə də digər dövrü mətbuatda, televiziya və radioda maraqlı süjetləri və yazıları efirdə səslənərdi. Və həmin yazılar da efirdə gedəndə Rafiqin uçmağa qanadı olmazdı. O jurnalistika fakültəsində Mircəlal Paşayev kimi, Nurəddin Babayev kimi, Şirməmməd Hüseynov kimi, Qulu Xəlilov kimi, Nəsir İmanquliyev kimi, Famil Mehdi kimi, Əliş Nəbili kimi istedadlı jurnalistlərdən çox şey öyrənmişdi. Rafiq onların şinelindən çıxmış bir jurnalistdi.
Qəzet tərtibini bilmək və onu tətbiq etmək, başqa sözlə demiş olsaq, məsul katiblikdən baş çıxarmaq o qədər də asan deyildi. Ola bilərdi ki, sən yaxşı yaza biləsən, hər hansı mövzunu orijinal bir formada qələmə alasan, ancaq qəzet tərtibini bilmək, maket işini duymaq çox çətin bir peşə idi. Və bunların hamısını Rafiq tələbəlik illərində beş barmağı kimi öyrənmişdi. "Kommunist" qəzetində də işləyəndə müxbir, baş müxbir vəzifələri ilə yanaşı, məsul katibin müavini vəzifəsini də daşıyıb. Sözümün canı ondan ibarətdir ki, Rafiq Hacıyev "Səhər", "Azərbaycan", "Həyat", "AzərTAC", "Odlar yurdu" mətbu orqanlarında da çalışanda öz dəst-xətti və orijinal yazıları ilə seçilib.
Bizdən fərqli olaraq Rafiq Hacıyev ikinci bir ixtisasa - hüquqşünaslığa da yiyələnib. Və Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini də bitirib. Bir müddət Respublika Baş Prokurorluğu mətbuat mərkəzinin məsul əməkdaşı kimi çalışıb. Elə onun yazılarında da ikinci ixtisası bu və ya digər dərəcədə özünü göstərir.
Bu gün Azərbaycan mətbuatında kriminal mövzuda və daha doğrusu, kriminal sənədli hekayələr qələmə alan yazarları barmaqla saymaq olar. Rafiq Hacıyev də müxtəlif dövrlərdə bir-birindən gözəl kriminal mövzularda yazılar qələmə alıb. Bu mənada onun "İstintaqı peşəkarlar aparır" sənədli hekayələr kitabı çap olunandan sonra oxucuların çox böyük marağına səbəb olub. Həmin kitabdakı yazıların mövzusu, yanaşma tərzi və orijinallığı Rafiqin istedadının bəhrəsidir. Özü də Rafiq həmin yazıları o qədər obrazlı, bədii və şirin dildə qələmə alıb ki, adam birnəfəsə o yazıları oxuyub başa çatdırır.
İstedadlı yazar "Yeddi il bağlı qalmış ağır cinayət", "Amansız rəftar və ya od içində yanan gəlin", "Gecə yarısı ürəyə qəfil sıxılan güllə", "Prokurorun qətl günü" bədii-sənədli hekayələri də böyük ürək və şövqlə araya-ərsəyə gətirib. Adını sadaladığımız bu dəyərli yazılara görə Rafiq Hacıyev Azərbaycan Jurnalistlər Birliyinin 2015-ci il üçün Həsən bəy Zərdabi mükafatına layiq görülüb.
Bu gün Azərbaycan mətbuatında Rafiq Hacıyev imzasına çox böyük ehtiyac var. Ən azından ona görə ki, onun yazılarını axtaran, izləyən minlərlə oxucu intizarla o gözəl yazıları gözləyir. Ancaq Rafiq Hacıyev nədənsə son vaxtlar oxucuları intizarda saxlayır və bu bədii dəyərli yazıları qələmə almır. Görəsən, Rafiq Hacıyev indi hardadır və nə işlə məşğuldur?
Bir onu bilirəm ki, istedadlı yazarlar sözlə çox gözəl rəftar edirlər. Rafiq sanki Pele, Maradona topla necə rəftar edirsə, o da sözlə, bədii ifadələrlə o cür davranır, bir-birindən şirin, rəngarəng ifadələri elə yerində işlədir ki, sanki oxucunun iç dünyasına bir gün işığı ələnir. Bəs o gün işığını Rafiq Hacıyev niyə gizlədir? Bax bunu bilmirik! Bildiyimiz bir də odur ki, tələbə vaxtından Rafiq Hacıyevin çox gözəl bir səsi vardı. O səsi eşidəndə çoxlarımız təəccüblənərdik. Düşünərdik ki, yəqin bu adam bu möcüzəli səslə gələcəkdə xanəndə olacaq. Amma o gözəl, bal kimi şirin səsi iç dünyasında gizlədib və bəzən kefinin kök vaxtlarında dostlarının, yaxınlarının yanında o səsi yenidən yaşadır. Ancaq gizli olaraq.
Fikirləşirəm ki, Rafiq Hacıyev nə qədər gözəl, istedadlı jurnalist, publisist, yazıçıdırsa və bir o qədər də gözəl xanəndə ola bilərdi. Allah-Təala ona həm sözü, həm də səsi bəxş edib. Bunlardan Rafiq sözü seçdi və o söz də onu bütün Azərbaycana tanıtdırdı. Allah səni qorusun, Rafiq qardaşım! Və bir də ki içindəki bal kimi şirin səs heç vaxt itməsin...


TƏQVİM / ARXİV