adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Fevral 2016 16:46
102310
RUBRİKA
A- A+

Sirli ədəbiyyat: Puşkinin şifrələri

Ədəbiyyat – oxuyub öyrənmək, zövq almaq, özünü tanımaq, yolunu cizmək, duyğularını, arzu və xəyallarını təsvir etmək üçündür. Bu çoxşaxəli yazılı və şifahi mədəniyyəti özündə ehtiva edən sahə təkcə bədii, mədəni, elmi, texniki müxtəlifliklərdən bəhs etmir, bəzən gələcək və ya keçmiş gizlinləri də oxuculara, nəsillərə ötürməyi hədəfləyir. Əlbəttə ki, orta əsrlər ədəbiyyatını oxuyarkən eyni zamanda o dövrün tarixi, həyat tərzi, geyimi, mətbəxi və s. haqqında məlumatlanırıq. Əbəs yerə ədəbiyyatı təsviri sənətlə bərabər tutmurlar. Rəssam təbiətə güzgü tutduğu, həmçinin təsəvvüründəki qeyri-adilikləri gerçəklik fonunda təsvir etdiyi kimi, şair və yazıçı da yaşadığı dövrün abu-havasını, reallığını, düşüncələrini bəzən də sirlərini təxəyyülünə qataraq gələcək nəslə ötürür. Təsadüfi deyil ki, yazılı ədəbiyyatı bugünkü gizli kompyuter faylları, arxivləri ilə bir tuturlar. Nəyə görə ədəbiyyatın ələyindən keçən minlərlə qələm sahibləri arasında məhz dahilərin əsərləri yüzilləri aşa bilir? Nəfis yazıldığı üçün? Bu öz yerində, həm də bu əsərlərin üzərindən əsrlər keçməsinə baxmayaraq, günümüzlə səsləşməsi, sanki bütöv oxuculara deyil, hər kəsə ayrı-ayrılıqda yanaşması, insanların gələcək həyatını duyub təsvir, bəzən də xəbərdar etməsi çoxsaylı oxucuların diqqətini çəkib, şüuraltı bələdçi onları keçici müəlliflərə deyil, dahilərə yönəldib. Götürək Nizami Gəncəvinin hikmətlərini – 8 əsr öncə yaradılmış poeziya bu gün hər birimizin gündəlik bəhrələndiyimiz kəlamlardır. Dünya ədəbiyyatı tarixində xüsusi şifrələr altında günümüzlə səsləşən bir çox əsərlər mövcuddur. Elə müqəddəs "Qurani-Kərim”i də ilahi əsər hesab eləsək, oradakı üstüörtülü ayələrin yaşanacaq hadisələr, dünyanın gələcək durumu ilə bağlı məlumat ötürdüyündən artıq təfsirçilər vasitəsilə xəbərdar olmuşuq. Bundan başqa, hind, misir eposlarında, mayya tayfalarının salnamələrində, antik yunan əsatirlərində, ayrı-ayrı dünya şöhrətli müəlliflərin əsərlərində belə müəmmalı şifrələrin olduğu, çoxunun da hələ açılmadığı barədə məlumatlıyıq. Bunlar barədə təfsilatı ilə yeni "Sirli ədəbiyyat” rubrikamızın sonrakı buraxılışlarında məlumat veriləcək. Bu gün isə böyük rus şairi, şeirləri ilə təkcə Rusiyada deyil, bütün dünyada kütləvi oxucuların sevgisini qazanmış, özündən sonra məktəb qoymuş Aleksandr Puşkinin şifrəli məlumatlarından danışacağıq. Fyodr Dostoyevski Puşkin haqqında deyirdi: "Puşkin yaradıcılığının çiçəkləndiyi vaxt dünyadan köçərək, özüylə sirlərini də qəbrə gömdü”. Amma Dostoyevskinin ruhunu şad edərək bildirək ki, Puşkinin sirlərinin çözülməsi üçün bu gün böyük tədqiqatlar aparılır. Onlardan bəzilərini diqqətinizə çatdıracağıq.  

Yəqin ki, çoxumuz, xüsusilə də SSRİ-nin "sonuncu mogikan”ları olan ötən əsrin axırlarında doğulmuş şəxslər Puşkinin "Ruslan və Lyüdmila” əsərinə çəkilmiş filmi izləmişik. 1972-ci ildə poema əsasında çəkilmiş bu film o qədər sevildi ki, məktəblilərin hər qış tətilində o zaman yeganə Azərbaycan telekanalı "AzTV” və iki Rusiya kanalı mütləq yayımlardı. Ruslan adının hətta Azərbaycanda da populyarlığı məhz bu filmdən sonra artmışdı. Amma poemanın özünü Puşkin 1820-ci ildə yazıb. Yeri gəlmişkən, Rusiyanın daha bir görkəmli ədibi İvan Turgenev bu əsəri Puşkin qələmindən çıxmış ən zəif əsər hesab edir: "Xalq üslübu altında saxtalaşma, sırf xəlqilik də əcnəbi müəlliflərin təsirinə düşmək kimi yersiz və faydasızdır. Buna ən yaxşı misal olaraq Puşkinin əsərləri arasında ən zəifi hesab olunan onun nağıllarını, eləcə də "Ruslan və Lyüdmila”nı göstərmək olar. (1880-cı il, şairin bürünc heykəlinin Moskvada açılışı zamanı Turgenevin nitqindən). Amma Turgenev haradan biləydi ki, zəif hesab etdiyi əsərin hər sətirində nələr gizlənir?!  

Sədaqəti, mərdliyi, yenilməzliyi tərənnüm edən bu əsərdə Rusiyanın gələcəyinə dair aydın təsəvvürlər var ki, bu da Puşkinin təkcə şair və rus dilini formalaşdıran ədib kimi deyil, eyni zamanda alim, öngörücü kimi yaddaşlara həkk edir: "Tanrının köməyi ilə sərhədlərimiz genişlənəcək, elmi cədvəllərimiz dünya zülmətinə işıq tutacaq, 500 il sonra hüdudsuz dəmir yollar dağlardan, çayların üzərindən hər tərəfə şaxələnəcək, cəsarətlə suyun, yerin altına enəcəyik, dünya sözümüzü eşidəcək”. Göründüyü kimi şair doğma Rusiyasının bugünkü panoramasını aydın təsvir edir. Burda qeyd edim ki, şairin dueldə öldürüldüyü il – 1837-ci ildə Rusiyada dəmiryolu salınaraq ilk qatarlar xəttə buraxılıb. Puşkin yanvarın 29-da ağır yaralanıb, fevralın 10-da dünyasını dəyişib. Çar Dəmiryolları Stansiyası isə həmin ilin oktyabrın 30-da istifadəyə verilib. Yəni Puşkin nəinki sonrakı qatarları, heç ilkini də görə bilməyib, amma ölkəsinin gələcək dəmiryolları sistemindən xəbər verib. 500 il müddət qoymaqla isə, Rusiyanın hələ bundan sonrakı taleyindən bəhs edir – "Dünya sözümüzü eşidəcək” – artıq eşitməkdədir. Son siyasi-iqtisadi durumlar həmişəgüclü Rusiyanın daha qüdrətləndiyini göstərmədimi? Maraqlıdır, elə Rusiyanın biləyini qatlanmaz edən "çar” Putin soyadı da Puşkin soyadına çox bənzəyir. Bəlkə də hələ açılmamış şifrələrdə onun haqqında da məlumatlar var?!

Şairin məşhur "Yevgeni Onegin” poemasının 10-cu başlığı da şifrələnib. Həmin başlıqda ölümündən 80 il sonra üsyana qalxacaq 1917-ci il dekabristləri haqqında məlumat verilir. Yaxud başqa bir qəhrəmanının diliylə şair "Hər kəsdən qabaq ulduzlara çatarıq” – deməklə, rus insanının bəşər tarixində bir ilkə imza atmasını – kosmosa (ulduzlara) uçmasını nəzərdə tuturdu.  

Puşkin fizika, riyaziyyat və digər dəqiq elmləri sevməzdi. Amma özü Rusiya Elmlər Akademiyasının üzvü idi. Sual yaranır: elmlərin açarı sayılan riyaziyyata, fizikaya nifrət edən biri necə Elmlər Akademiyasına üzv ola bilər? Şair özü bunu belə izah edirdi: "Bu dəqiq hesablamalar, fiziki nailiyyətlər gələcəkdə dünyanın başına çox oyunlar açacaq. Bəşərin rifahına deyil, məhvinə yönələcək” Şair burada fiziki tərəqqi sayəsində yaradılan atom, raket bombaları, nüvə stansiyalar və digər dağıdıcı silahları nəzərdə tutur. Amma fiziki inkişaf təkcə silahla məhv etmir bu gün digər texniki tərəqqi – internet, xüsusilə də sosial şəbəkə toruna düşmüş insanlıq çabalamaqdadır, hörümçək isə artıq burnumuzun dibindədir.

Digər dahi rus ədibləri kimi Puşkin də İslama xüsusi rəğbət göstərib. "Ruslan və Lyüdmila”da Məhəmməd Peyğəmbərə və Quran surələrinə istinadlar var ki, Sovetlər dönəmində həmin hissələr çıxarılıb. Yeri gəlmişkən, Lyudmila adının yaradıcısı da Puşkindir. Lyud – insanlar, xalq, mila isə mehriban deməkdir. Puşkin burda çoxmillətli və çoxdinli rus xalqının mehribanlığına işarə və ya arzu edir. Ruslan isə poemada güc və bilik rəmzi kimi təqdim edilir. Poemanın simvolik rəsmində Ruslan və Lyüdmila at üstündə qucaqlaşmış təsvir edilir. Yəni çoxmillətli Rusiya yalnız bilikli və vəhdət halında qüdrətli ola bilər. Atın arxasındakı "baqaj”da isə düşmən – saqqallı Çernomırın kəsilmiş başı var. Bu da Rusiyaya əl uzadan düşmənin aqibətinə işarədir. Yəni nağıllar Puşkin üçün əslində bir vasitə idi. Necə ki, təmsillərdə heyvanların dili ilə cəmiyyətin eybəcərlikləri göstərildiyi kimi, Puşkin də bu nağıllar vasitəsilə öz xalqına və bəşəriyyətə vəsiyyətini şifrələyib qoymuşdu.      



Puşkin haqqında belə deyirlər: "Əsərlərində keçmişi yaşadan, indini göstərən, gələcəkdən xəbər verən şair”. Tam şairin boyuna biçilmiş, onun özünü, qələmini sözlə təsvir edən ifadə! Şairə Anna Axmatova düz deyirdi: "Puşkin Rusiyanın hər şeyidir” Hətta daha fanatik ruslar onu Rusiyanın peyğəmbəri adlandırırlar. Maraqlıdır ki, Puşkin yaradıcılığının tədqiqi haqqında yazılmış əsərlər onun cəmi əsərlərindən qat-qat çoxdur.

Puşkin təkcə bəşəriyyətin texniki tərəqqisi deyil, ədəbi proseslərini də görə bilirdi. Şair sonrakı nəsil qələmdaşlarını təsvir edərkən həm öz dövrünün, həm bu günümüzün ədəbi portretini necə də mükəmməl göstərə bilib: "Dövran dəyişir, ədəbi epoxadan siyasi mərhələyə adlayırıq.  Mərkəzi, müsbət, özünə doğru çəkən, hüzur verən şair –  hay-küyçü, carçı, mərkəzdənqaçan, başqalarına doğru itələyən, mənfi enerjili şairlərlə əvəzlənir”. Həqiqətən də bu uzaqgörən dahi sanki günümüzü təsvir edib. İstər dünya, istərsə də konkret Azərbaycan poeziyasında bu gün insanlığa, xeyirxahlığa, ali duyğulara dəvət əvəzinə, özümüzdən, ruhumuzdan, milli kimliyimizdən uzaqlaşdırıb meydan qarğaşasına hesablanmış, hay-küyçü, ifrat asi, möhürlü təsdiqləri belə inkar eləmək cəsarətinə malik qələmtutanlar (ən azından Puşkin kimi ədibdən danışanda dahinin yaradıcılığına və ruhuna hörmətlə bugünkü şairləri "qələmtutan” adlandıraq) çağdaş poeziyanı üstünə "YU MƏNİ” yazılmış çirkli pəncərədən dünyaya boylanmağa vadar edir.  


Şəfiqə ŞƏFA