Süleymana qalmayan dünya...

FAİQ QİSMƏTOĞLU
264013 | 2016-02-13 09:10
... İnsan çox şeyini itirə bilər: varını, dövlətini, evini, eşiyini, nə qazanıbsa hamısının bir göz qırpımında yoxa çıxdığını görər. Onda da səbrli və dözümlü adamın heç vaxt ürəyi partlamaz. Düşünər ki, hər şeyi verən Allahdı və onu verdiyi kimi yenə alır. Və bir də su gələn arxa yenə gələr...
Bunlar heç birisi əbədi deyil. Yəni gəldi-gedərdi və ondan heç qorxmaq da lazım deyil. Ən azından ona görə ki, insan bəzi məqamlarda taleyin hökmü ilə razılaşmağa məcbur olur. Abır məsələsi isə çox incə, kövrək və müqəddəs bir anlamdır. İnsan ki abırını itirdi, o ölümdən də betərdi. Ölməyə nə var ki, dünyanı dəyişirsən və Allahın dərgahına qovuşursan. Amma abırın itirilməsi gün işığı kimi bir şeydir. Elə bil ki, yer kürəsində günəş yoxdur və həyat da zülmət, qaranlıq içindədir...
İstedadlı şair Paşa Qəlbinurun səhv eləmirəmsə belə bir şeiri var. Düzdür, şeirin misraları olduğu kimi yadımda deyil, ancaq məzmunu yadımdan çıxmayıb: "bir gün dünyamı dəyişsəm məni dəfn edəndə kəfən tapmasaz, abırıma büküb dəfn edərsiz". Çox gözəl və möhtəşəm bir poetik deyim! Bu fikirdə namuslu, əxlaqlı, abırlı adamın həyatı təcəssüm olunur. Özü dlə elə təcəssüm olunub ki, gün işığı kimi. O gün işığı heç vaxt abırlı və namuslu adamın çöhrəsini tərk etmir.
Dünyamız elə bir gündədir ki, hər cür adamla üzləşirsən və rastlaşırsan. Bir insan tanıyıram ki, pul üçün, var-dövlət üçün hər şeyini qurban verməyə hazırdır. Özü də bunu tez-tez deyir: pul versin, mənim yeddi arxa dönənimi söysünlər, heç vecimə də deyil. Guya kimsə məni söyəndə nəsə olur, təki pul qazanım. Harasını axtarır, ordan pul çıxır. Kişinin oğlu fərasətli adamdı, sifətinə hər cür söz deyirlər, tüpürürlər, Gədəbəy kartofu kimi qızarır və üzündəki tüpürcəyi silib gedir. Sonra da təmiz, abırlı adamlara min irad tutur. Deyir ki, yaşın altmışı keçib özünə bir gün ağlaya bilməmisən. Ay yazıq, sənin nəyin var, uzaqbaşı birotaqlı evin. Sən abırını qoruyub o birotaqlı evdə qalmısan, mən də abırımı itirib yeddi ev tikmişəm, üç-dörd maşınım var. Sənin cibində siçanlar oynayır, mənim hər cibimdə bir "paçka" pul var.
Abırlı adamsa heç vaxt belə şeylərlə öyünüb fəxr etməyib. Heç istəsə də abırını itirib özünə o cür ev-eşik, mal-dövlət və maşın ala bilməz. Çünki abırlı adamlar Allahın buyurduğu yolla gedirlər. O yolla ki, heç cürə haram tikəni, kiminsə haqqını basıb yeyə bilməzlər...
Bu gün nədənsə cəmiyyətdə də dələduz, "fərasətli" pul qazanan adamlara çox yaxşı münasibət bəslənilir. Belələri hər hansı məclisə girəndə kimlərsə onun "quşunu" göturur, ayağa qalxır, ən yaxşı yerdə əyləşməyi göstərir. Ancaq hər hansı təmiz, savadlı, abırlı adamsa kimlərinsə əhatəsində olanda ona bir o qədər də diqqət yetirilmir. Düşünürlər ki, bu adam nə olsun ki, savadlı, ağıllı, təmiz insandır, bu yaşa çatıb heç özünə bir gün ağlaya bilməyib...
Abırlı adamların başqalarından fərqli olaraq çox rahat, çox sakit və çox da halal bir yaşam tərzləri olur. Allah-Təala onlara bu halallığa və abır-həyaya görə öz mükafatını da bəxş edir. Yəni belələrinə elə tərbiyəli, elə savadlı və elə qanacaqlı övlad bəxş edir ki, onların tayı-bərabəri yoxdur. Və dünyada ən böyük var-dövlət və sərvət tərbiyəli övladın olmasıdır. Mənim tanıdığım çox gözəl bir ziyalı var. Son dərəcə savadlı, abırlı və ismətli bir insandır. Və onun da iki qızı var, o iki qız yüz oğula dəyər. Hər ikisi universiteti bitirib məsul vəzifədə çalışır və bu gün də atalarına çox böyük arxadırlar. Məgər bundan gözəl, bundan böyük mükafatmı olar?
Sadəcə olaraq, bəzi adamlar hər şeyi öz arşınları ilə ölçürlər. Və elə bilirlər ki, insana bütün dövrlərdə qiyməti və dəyəri qazandığı var-dövlətə görə verirlər. Ancaq bu belə deyil. Belə bir deyim var: "Süleyman peyğəmbərə qalmayan dünya heç kimə qalmayacaq". Çünki Allah-Təala Süleymana həm padşahlıq, həm də peyğəmbərlik bəxş etmişdi. Və bu dünyada da insanı yaşadan onun var-dövləti deyil, qoyduğu iz, yaşam tərzi, əxlaqı və abırıdır. Abırını qoruyan insan həmişə Allaha yaxın olur və gün işığı kimi bir şeydi...

TƏQVİM / ARXİV