adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Fevral 2016 18:15
7192
ƏDƏBİYYAT
A- A+

Nəriman Nərimanova həsr edilmiş kitab çap olundu

"Nurlan” nəşriyyat-poliqrafiya mərkəzi tərəfindən bu günlərdə nəfis tərtibatda çap edilmiş yeni kitab - "Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər” adlanır. Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Filologiya elmləri doktoru, professor Teymur Əhmədov tərəfindən tərtib edilmiş bu kitab görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun anadan olmasının 146 illiyinə həsr edilib.

Təkmilləşdirilmiş bu yeni nəşrə N.Nərimanovun XX əsrin əvvəllərində mürəkkəb şəraitdə xalq işi uğrunda mübarizəsi və fəaliyyəti barədə müəyyən təsəvvür yaradan tarixi sənədlər toplanıb.

T.Əhmədov tərəfindən kitaba yazılmış "Görkəmli ictimai-siyasi xadim və ədib” başlıqlı "Ön söz”də Nəriman Nərimanovun həyat yolu və siyasi, ədəbi fəaliyyəti geniş şərh edilir. Bildirilir ki, N.Nərimanov Azərbaycanının inqilabi-demokratik ədəbiyyatı və ictimai fikir tarixində görkəmli rol oynayıb. Müəllif yazır: "Onun inqilabdan əvvəl zəhmətkeş kütlələr arasında müəllim, həkim, jurnalist, nasir, rejissor, aktyor və görkəmli dramaturq kimi şöhrət qazanması təsadüfi deyildi. N.Nərimanov sözün həqiqi mənasında mübariz bir vətənpərvər idi. O, bütün ədəbi-elmi yaradıcılığı və ictimai fəaliyyəti ilə ömrünü doğma xalqın taleyinə bağlamış, çətinliklərlə dolu şərəfli bir həyata yolu keçmişdir”.

Kitabda "Mərkəzi komitəyə yol”, "N.Nərimanovun V.İ.Leninə məktubu”, "Qarabağ məsələsinə dair sənədlər”, "Nəriman Nərimanovun oğlu Nəcəfə məktubu” və digər sərlövhəli tarixi sənədlərin əks olunduğu yazılar bu böyük insanın həyat yoluna bir daha güzgü tutur, onun xalq və millət qarşısındakı unudulmaz xidmətlərini göstərir.

Nəşrdə, həmçinin Nəriman Nərimanovun ailə albomundan unikal şəkillərlə yanaşı, Bakı sovetinin məsul işçilərinin siyahısını əks etdirən cədvəl, o dövrdə Bakıda mövcud olan məktəblərlə, uşaq evləri ilə bağlı statistik məlumatlar da yer alıb.

Kitabdakı "Hikmətli sözlər. Nəsihət və mülahizələr” sərlövhəsi də diqqəti cəlb edir. Burada oxuculara təqdim olunan seçmələr Nəriman Nərimanovun ədəbi-tənqidi məqalələrindən və felyetonlarından götürülüb. Bu söz çələngi kitabla yaxından tanış olan hər bir kəsdə Nəriman Nərimanovun düşüncə tərzi, həyat qayəsi, məfkurəsi barədə daha dolğun təsəvvür yaradacaq.

Teymur Əhmədovun böyük zəhməti hesabına araya-ərsəyə gələn 176 səhifəlik bu dəyərli kitab Azərbaycanın tarixi taleyi ilə maraqlanan oxucular, politoloqlar və tədqiqatçılar üçün nəzərdə tutulub.