adalet.az header logo
  • Bakı 16°C
12 Fevral 2016 16:51
3254
GÜNDƏM
A- A+

Parlamentdə bələdiyyə nümayəndələri ilə görüş keçirilib

Milli Məclisdə Bakı şəhərinin Binəqədi rayon bələdiyyələrini təmsil edən nümayəndələrin "Parlamentdə bir gün" layihəsi çərçivəsində görüşü keçirilib. 

Görüşdən əvvəl Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyədən olan nümayəndələr Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Milli Məclisin Heydər Əliyev muzeyi ilə tanış olub, plenar iclasda iştirak ediblər.

Daha sonra qonaqlar Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova və regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ilə görüşüblər.

Görüş zaman qonaqları salamlayan Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün parlamentdə bələdiyyələrin illlik fəaliyyətinə dair hesabatı dinlənilib: "Bu hesabat hər il dinlənilir. Lakin budəfəki hesabatı məhz bu peşənin sahibləri ilə birgə dinləmiş olduq. Son 10 ildə Milli Məclis ictimai müzakirələri, dinləmələri vətəndaşlara açıq şəkildə həyata keçirir”.

B. Muradova başqa sahələrdə olduğu kimi bələdiyyə sahəsində də problemlər olduğunu deyib: "Çox istərdik ki, bələdiyyələrlə bağlı hesabatlarda müsbət fikirlər daha çox olsun. Amma müxtəlif sahələrdə olduğu kimi bu sahədə də müəyyən problemlər var və biz diqqəti bu problemlərin həlli yollarına yönəltməli oluruq. Ümumilikdə, bələdiyyə institutunun yaradılması Azərbaycanın nailiyyətidir. Gördüyümüz işlər çoxdursa, görəcəyimiz işlər daha çoxdur. Biz çoxtərəfli layihələrlə, aidiyyatı qurumların və eləcə də bələdiyyələrin özlərinin səyləri nəticəsində bu problemlərin aradan qaldırılmasına çalışacağıq”.

Daha sonra Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva çıxışında deyib ki, Binəqədi rayonunda 5 bələdiyyə fəaliyyət göstərir: "Onu da xatırladım ki, ötən il Binəqədidə olan bələdiyyələr üçün məhsuldar keçib. Vergi yığımlarında qanedici statistika gösətərə bildik. Hər 5 bələdiyyədə keçən il vergini nağdlaşdırmaq baxımından ötən illərlə müqayisədə 30-40 faiz artım nümayiş etdirdi. Əgər 2014-cü ildə Binəqədi qəsəbəsində 230 min manat vergi yığılmışdırsa, bu rəqəm keçən il dotasiya ilə birlikdə 469 min manat təşkil edib".

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə deyib ki, Binəqədi rayonunda bələdiyyələri təmsil edən insanlardan 19-u qadındır: "Bu da olduqca yaxşı haldır. Kişilər hərdən düşünürlər ki, bütün işləri həll edən, məhz onlardır. Ancaq qadınların əməyini unutmaq olmaz. Ona görə də qadınların bu sahədə imkanları daha böyükdür. Binəqədi rayonundakı bələdiyyələr haqqında az da olsa məlumatım var. Bilirəm ki, orada vergi yığımı keçən il üçün qənaətbəxş olub".

Qeyd edək ki, görüş Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyə üzvlərinni sədrlərinin fikir mübadiləsi ilə davam edib.