adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Fevral 2016 11:52
7692
MARAQLI
A- A+

100 il gözlənilən kəşf – Elmdə böyük hadisə - VİDEO

Elmdə çoxdan gözlənilən bir hadisə baş verib: qravitasiya dalğaları aşkarlanıb! Bu haqda dünən Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verilib. Emi kəşfin müəllifi müxtəlif ölkələrdən alimlərin bir araya gəldiyi LIGO qrupudur. Hazırda kollektivə Valeri Mitrofanov başçılıq edir.

Albert Eynşteynin 1916-cı ildə irəli sürdüyü Nisbilik Nəzəriyyəsinə görə, qravitasiya dalğaları zaman-məkan toxumasında titrəyişlər şəklində özünü göstərməli idi. Kainatda kataklizmlər baş verəndə - məsələn, yeni ulduzlar partlayanda, "qara dəlik”lər peyda olanda qravitasiya dalğaları da, nəzəriyyəyə görə, daha intensivləşməlidir. Amma indiyə qədər – 100 il ərzində bu dalğaları qeydə almaq mümkün olmamışdı.

Qravitasiya dalğalarını tutmaq üçün qravitasiya rəsədxanalarından istifadə olunurdu. Onların da ən böyüyü LIGO-dur: Laser Interferometer Gravitational-Wave Observatory. Bu rəsədxana iki qurğudan ibarətdir: biri Luiziana ştatının Livinqston şəhərində, digəri 3000 km. Aralıda, Vaşinqton ştatının Hanford şəhərində yerləşir.



Qravitasiya dalğalarını tutmaq üçün lazer şüaları iki uzun borunun daxilində bir-birilə perpendikulyar şəkildə kəsişdirilir. Sonra güzgülərin köməyilə iki şüa üst-üstə gətirilir. Əgər bu zaman qravitasiya dalğası gəlsə, o, məkanı bir istiqamətdə "sıxacaq”, ona perpendikulyar olan digər istiqamətdə isə əksinə, genişləndirəcək (sanki "dartacaq”). Və bu, özünü şüaların üst-üstə düşməsində (interferensiyasında) büruzə verəcək.



2002-2010-cu illərdə aparılan təcrübələr qravitasiya dalğalarını aşkarlaya bilməmişdi. Rəsədxana modernizasıya olunandan sonra "Advanced LIGO” adlanmağa başladı, indi oradakı lazer interferometrləri daha həssas olmuşdu. Və bu da nəticə verdi.

Mətbuat konfransında alimlər elan etdilər ki, iki qara dəliyin birləşməsi nəticəsində yaranan qravitasiya dalğalarını qeydə ala biliblər. O qara dəliklərin kütləsi Günəşin kütləsindən 29 və 36 dəfə böykdür. Onlar 1,3 milyard il əvvəl birləşiblər – qravitasiya dalğalarının gəib yerə çatması üçün bu qədər zaman lazım olub.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama özünün Twitter hesabında bu böyük elmi kəşfin müəlliflərini təbrik edib.