adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Fevral 2016 11:38
3379
MƏMLƏKƏT
A- A+

Bu məhsullar bahalaşdı

2016-cı ilin yanvar ayında boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5 və 33,0 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatnda 31,7 faiz, dəmir yolu nəqliyyatında 28,6 faiz, dəniz nəqliyyatında 28,5 faiz bahalaşıb, avtomobil nəqliyyatında 1,4 faiz ucuzlaşıb, yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş verməyib. Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9 faiz bahalaşıb.

Bundan başqa 2016-cı ilin yanvar ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,5%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,2% bahalaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3% bahalaşıb. Ay ərzində bitkiçilik məhsullarından buğdanın, noxud və lobya dəninin, fındığın, qozun, xiyarın, pomidorun, kələmin, soğanın, yerkökünün, çuğundurun, heyvanın, narın, xurmanın, almanın istehsalçı qiymətləri bahalaşıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Komitədən bildirilib ki, heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşıb, yumurtanın, ev quşlarının, mal və qoyun ətinin istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.