adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Fevral 2016 10:52
3552
GÜNDƏM
A- A+

Ən çox şikayət olunan rayonlar - Siyahı

Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının təhlili göstərir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artıb.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da dərc edilən "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" adlı təhlili məqaləsində deyilib.

S.İsmayılov vurğulayıb ki, bu baxımdan Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar.

PA rəsmisinin sözlərinə görə, müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar isə Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır.

S.İsmayılov bildirib ki, Respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin sayı öyrənilərkən, bir qayda olaraq, hər 1000 nəfərə düşən müraciətlərin sayı maraq doğurur: "Çünki bu göstərici real mənzərəni daha yaxşı əks etdirir. Bu baxımdan əhalinin hər 1000 nəfərindən Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı orta respublika göstəricisinə nisbətən 2015-ci ildə Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarından, Mingəçevir, Naftalan, Beyləqan, Bərdə, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan yüksək olub".

PA rəsmisi məqaləsində bildirib: "Eyni zamanda, qeyd etməliyik ki, 2015-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 43,8 və 56,2 faiz təşkil edib. Qeyd etmək lazımdır ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Ağdaş, Astara, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Masallı, Neftçala, Şabran, Tovuz, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub”.