adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Fevral 2016 10:09
3479
MƏMLƏKƏT
A- A+

Ələt qəsəbəsi şəhər olacaq

"Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Bu haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.

O qeyd edib ki, "Bakının Baş Planı” olan bu layihədə müasir və yüksək həyat səviyyəsi, tarazlı inkişafın əldə edilməsi, davamlılıq prinsiplərinin tətbiqi nəzərdə tutulub:

"Layihənin istinad tarixi 1 yanvar 2011-ci il götürülməklə hesabat müddəti 2030-cu il qəbul edilib. Nəzərdə tutulmuş işlərin icrası layihə təsdiq olunduqdan sonra planlaşdırılır”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, layihəyə uyğun olaraq, Pirallahı qəsəbəsində turizm kompleksinin yaradılması, paytaxtın bir sıra sənaye müəssisələrinin əhali sıxlığı çox kiçik olan Qaradağ rayonuna köçürülməsi, Ələt qəsəbəsinin şəhərə çevrilməsi, burada yaşayış massivlərinin salınması və əhalinin məşğulluğu istiqamətində tədbirlərin görülməsi, digər işlərin reallaşdırılması nəzərdə tutulub. Bundan əlavə, neft-kimya sənayesi şəhəri sayılan Sumqayıtdan da bəzi sənaye obyektlərinin çıxarılması planlaşdırılıb.

Bakı şəhərinin "Sovetski” adlanan ərazisindəki köhnə evlərin sökülməsindən sonra heç bir tikinti işlərinin aparılmayacağı, yalnız yaşıllıq və abadlıq işlərinin görüləcəyi bildirilib.

Həmçinin, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.

Həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Yeni Baş Plan - "Böyük Bakının Regional İnkişaf Planı” isə 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə 4 hissədən ibarətdir.