adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Fevral 2016 19:48
8776
İDMAN
A- A+

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova AÇIQ MƏKTUB

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov,

Sizi Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illik yubileyi və dövlət başçısı cənab İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmağınız münasibətilə bütün paralimpiyaçılar adından təbrik edirəm.

Sizin Azərbaycan paralimpiya hərəkatının geniş vüsət alması, sürətli inkişafı istiqamətində gördüyünüz işlər göz qarşısındadır. 
Azərbaycan Milli Paralimpiya Komitəsi Sizin rəhbərliyiniz altında fəaliyyət göstərdiyi 20 il ərzində çox böyük işlər görmüşdür. Minlərlə insanı öz ətrafında toplayan qurum hazırda geniş bir hərəkata çevrilmişdir. Təsadüfi deyil ki, Atlanta Paralimpiya Oyunlarından bu yana idmançılarımız artan templə üst-üstə 8 qızıl, 10 gümüş, 9 bürünc medal qazanaraq ölkəmizin idman şərəfini uca tutmuşlar. İştirak etdiyi dördilliyin ilk zirvə yarışında yığma komandamız 2 idmançı ilə təmsil olunmuşdusa, bu, Sidneydə 7, Afinada 11, Pekində 18, Londonda isə 21 olmuşdur. Bundan başqa, müxtəlif növlər üzrə keçirilən dünya və Avropa çempionatlarında qazanılan nəticələrlə paralimpiyaçılarımız dünya miqyasında liderlərdən olduğunu dəfələrlə sübut etmişlər.

Biz paralimpiyaçılar ölkə prezidenti cənab İlham Əliyev və Sizin qayğınızı daim üzərimizdə hiss etmişik.

Hörmətli İlqar müəllim, Sizə qarşıdan gələn Rio De Janeyro yay Paralimpiya Oyunlarında daha yüksək nəticələr qazanacağımıza, Azərbaycan paralimpiya hərəkatının, Azərbaycan idmanının şərəfini uca tutacağımıza inam və əminliyimizi ifadə edirəm.

Hörmətlə; ikiqat paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, Azərbaycan paralimpiya yığmalarının kapitanı 

İlham Zəkiyev.