adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Fevral 2016 18:16
6153
ƏDƏBİYYAT
A- A+

“Sarı gəlin” – iki dildə “Musiqili Hekayətlər”

Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan və ingilis dillərində  ""Sarı gəlin” - XX Azərbaycan ədəbiyyatından seçmələr- Musiqili hekayətlər”  adlı unikal bir antologiya  işıq üzü görüb. Bu haqda məlumatı antologiyanın ideya müəllifi və tərtibçi redaktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu məlumat verib. O deyib ki, Azərbaycan və ingilis dillərində təqdim olunan antologiyaya Cəlil Məmmdəquluzadənin "Kamança”  faciəsi, Əbdürrəhim bəy Haqverdiyevin "Qoca tarzən” hekayəsi,  Xalq yazıçıları İsa Muğannanın "Saz” povesti və  Elçinin "Sarı gəlin” hekayəsi, Əjdər Olun " Usta Yusifin kamançası”, Məqsəd Nurun " Ud”, Kərim Kərimli və Qismətin "Dvorjakın melodiyası” hekayələri daxil edilib.  Eyni zamanda antologiyaya milli musiqi alətlərimiz olan tar, kamança, saz, balaban, ud və tütək haqqında sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin müfəssəl məqalələri daxil edilib. Bədii mətnlərin tərcüməçisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və Dillər kafedrasının baş müəllimi Səadət İbrahimova, bədii mətnlərin ingilis versiyasının redaktoru "Visions of Azerbaijan” jurnalının redaktoru İan Piertdir. Musiqi alətləri haqqında məqalələrin tərcüməçisi Sevil Gültən, redaktoru isə professor Cavanşir Yusiflidi, dizayneri Emil Camalov və Cavid Kişiyevdir. Tərcümələrin  Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində hazırlandığını qeyd edən Səlim Babullaoğlu belə deyib: "Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə  "Şərq-Qərb” Nəşriyyat Evində nəfis şəkildə işıq üzü görən "Sarı gəlin” antologiyasının konsepsiyası çox sadədir. Musiqi alətlərinin adı ilə bağlı olan bədii əsərləri və adıkeçən milli musiqi alətlərimizlə bağlı məqalələri bir yerdə nəşr etmək. Özü də iki dildə, Azərbaycan və ingilis dillərində. Son illər Azərbaycanda çoxlu beynəlxalq musiqi festivalları keçirilir, ölkəmizə, musiqi ilə, incəsənətə bağlı çoxlu sayda əcnəbi qonaqlar gəlir. Bu cür kitab eyni zamanda həm musiqi mədəniyyətimizi, həm də ədəbiyyatımızı tanıtmaq üçün ən yaxşı vasitədir. Mən "giriş yazısı”nda bu haqda yazmışam. Kitabın adının da "Sarı gəlin” olması əlbəttə təsadüfi deyil. Əvvəla adın belə seçilməsini şərtləndirən birinci amil Xalq yazıçısı Elçinin "Sarı gəlin” hekayəsinin bədii məziyyətləri ilə bağlıdır. Sonra isə, bilirsiz ki, "Sarı gəlin” beynəlxalq arenada dartışılan və bədnam qonşularımızın sahiblənmək istədiyi  bir musiqi əsərimizdir deyə, bu adın üzərində dayandıq. Bədii mətnlərin istedadlı tərcüməçisi Səadət İbrahimova və redaktoru İan Piert tandemi bu kitaba qədər də bir çox uğurlu layihələrə imza atıblar, yüksək peşəkardırlar və bu işi də uğurla icra ediblər. İstedadlı tərcüməçimiz Sevil Gültənin və redakto kimi professor Cavanşir Yusiflinin işi də dəyərlidir, odur ki,  antologiyanın ölkəmizə gələn ingilisdilli insanlar üçün yetərincə maraq doğuran bir nəşr olacağına və eyni zamanda mədəniyyətimizin  təbliğinə az da olsa bir töhfə verəcəyinə inanıram...”