adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Fevral 2016 18:20
5323
MƏDƏNİYYƏT
A- A+

Nazir bölgələrdə ixtisaslı kadr çatışmazlığından danışdı

Fevralın 10-da Beynəlxalq Muğam Mərkəzində şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsi keçirilib.

Adalet.az  Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat vberir ki, müşavirədə "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verildi, müzakirələr aparıldı.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində bölgələrdə yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilir, mövcud mədəniyyət ocaqları yenidən qurulur, tarixi abidələr təmir-bərpa olunur. Qeyd etdi ki, Azərbaycanda dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınmaqla mədəniyyətimizin, xüsusilə zəngin qeyri-maddi mədəni irsimizin qorunması, bərpası və istifadəsində mədəni-siyasi texnologiyaların tətbiqi vasitəsilə islahatlar davam etdirilir: "Son dövrlər dünya miqyasında mədəniyyətimizin tanıdılması və təbliği istiqamətində böyük uğurlar əldə olunub. Xalqımızın əsrlərdir yaratdığı mədəniyyət nümunələrinin bir qismi UNESCO-nun siyahılarına daxil edilib, bəşəriyyətin nadir inciləri sırasında qorunur. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd etmək lazımdır”.

Nazir vurğuladı ki, xaricdə mədəniyyətimizin təbliği ilə bağlı görülən bu uğurlu işlər ölkə daxilində də həyata keçirilən mədəniyyət siyasəti ilə, müvafiq layihələrlə tamamlanmalıdır. Bildirdi ki, qeyri-maddi mədəni irsin dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili və klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə "Qeyri-maddi mədəni irsin qorunmasına dair” UNESCO Konvensiyasının tövsiyələrinə əsasən və bu sahədə Avropa Şurasının müvafiq layihələrdən bəhrələnərək hazırlanmış "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi üzrə klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə prosesi həyata keçirilir. Layihə çərçivəsində müəyyən işlər həyata keçirilib, bir çox mədəniyyət klub müəssisələri təmir olunub, maddi-texniki təchizat yaxşılaşdırılıb. Bu istiqamətdə işlər davam etdiriləcək.

Bununla yanaşı, regionlardakı mədəniyyət müəssisələri müasir dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməli, turizm obyektləri ilə qarşılıqlı iş qurmalıdır. Nazir yerlərdə olan mədəniyyət müəssisələri arasında Heydər Əliyev mərkəzlərinin nümunəvi fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

Regionların mədəni həyat səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən layihələrdən danışan Ə.Qarayev onların böyük əks-səda doğurduğunu qeyd etdi. Bildirdi ki, "Xalq yaradıcılığı paytaxtları”, "Bölgələrdən paytaxta”, "Paytaxtdan bölgələrə” layihələri, həmçinin bölgələrdə keçirilən festivallar və beynəlxalq mədəniyyət layihələr mədəniyyətimizin təbliğinə mühüm töhfələr verib.

Nazir regionlarda ixtisaslı kadr çatışmazlığından da danışdı. Diqqətə çatdırdı ki, nazirliyin dəstəyi ilə bölgələrdə çalışan kadrlar işçiləri üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində təkmilləşdirmə kursları davam etdiriləcək.

Sonra nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” strategiyası” haqqında geniş məruzə ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filialları yaradılır.

Müşavirə "Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsi, qeyri-maddi mədəni irsin qorunması, əhalinin asudə vaxtının təşkilində şəhər (rayon) mədəniyyət mərkəzlərinin rolu” və digər mövzularda çıxışlarla davam etdi. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin nümunəvi fəaliyyəti diqqətə çatdırıldı.

Nazir qeyd etdi ki, dünən əldə etdiyimiz uğurlar artıq tarixə çevrilib. İndi əsas məqsədi yeni uğurlara nail olmaq, ölkəmizin mədəniyyətini tanıtmaq və təbliğ etmək işində yorulmadan fəaliyyət göstərməkdir.

Müşavirəyə yekun vuran Ə.Qarayev müzakirə olunan məsələlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verdi.