adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Fevral 2016 17:12
3878
MƏMLƏKƏT
A- A+

Azərbaycanda V Vergi Forumu keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumu keçirilib.

Forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Dünya Bankının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak ediblər.

Forumda çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Azərbaycan öz iqtisadi potensialını ildən-ilə artırır, dünyada cərəyan edən proseslərə, zamanın yeni çağırışlarına adekvat cavablar verir. Onun sözlərinə görə, Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasının əsasında, ilk növbədə, ölkədə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş tədbirlər dayanır: "Yaranmış yeni iqtisadi şərait dövlət-biznes tərəfdaşlıq münasibətlərinin qarşılıqlı faydalılıq, partnyorluq şəklində qurulmasını tələb edir. Dövlət üzərində düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, dünya böhranlarının Azərbaycana təsirini azaltmağa, vətəndaşlarımızı onun neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərində mühüm vəzifələr düşür”.

Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Forumunun ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addım olduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, vergi siyasəti maliyyə sabitliyinin qorunmasına, ölkəmizin iqtisadi inkişafı ilə bağlı müəyyən olunmuş hədəflərin reallaşmasına ilə bilavasitə təsir edir.

Çıxış edən Dünya Bankının Azərbaycan üzrə təmsilçisi Larisa Lesçenko Azərbaycanda vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirərək qeyd edib ki, dünyada çətin iqtisadi şəraitə baxmayaraq ötən ilin birinci yarısında Azərbaycan ciddi iqtisadi artıma nail olub: "Belə ki, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5,7% iqtisadi artım qeydə alınıb. Ötən ilin ikinci yarısında isə iqtisadi artım tempi az sürətlə davam edib. Bütövlükdə qeyri-neft sektorunun neft sektoru ilə müqayisədə daha sürətli templə artdığını deyə bilərik. Bu da təqdirəlayiq bir haldır. Qeyri-neft sektorunun ÜDM-də payının yüksəlməsi bir daha onu göstərir ki, iqtisadi siyasət düzgün istiqamətdə təşəkkül tapır”.

L. Leşçenko əlavə edib ki, Dünya Bankının hesablamalarına görə, yaxın gələcəkdə dünya bazarında neftin qiyməti aşağı olaraq qalacaq: "Dünya Bankı qlobal qeyri-müəyyən şəraitdə, neftin ucuzlaşdığı bir vaxtda Azərbaycana dəstəyini davam etdirəcək. Bu baxımdan neft gəlirlərindən asılı vəziyyətə düşməmək üçün, dayanıqlığının artırılması üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Biz daxili və kənar risklərə qarşı müqavimətini artırmalıyıq. Çətin zamandır, amma çətin şərait dayanıqlı inkişaf üçün yeni imkanlar yaranır”.

Forumda açıq dialoq şəraitində keçən müzakirələrdə Vergilər Nazirliyinin 1 saylı Vergilər Departamentinin rəisi Natiq Şirinov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov və digərləri çıxış edərək ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüblər.