adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Fevral 2016 10:55
50230
MÜSAHİBƏ
A- A+

Bakı Ali Neft Məktəbinin əməkdaşı: “Təhsil ocağı millətin genefonduna təsir edən ən başlıca yerdir” - MÜSAHİBƏ

Elnur Səfərli 1989-cü il fevralın 6-da Bakı şəhərində anadan olub. 1995-ci ildə 27 saylı ingilis təmayüllü orta məktəbin birinci sinfinə daxil olub və 2001-ci ildə "ÇAĞ öyrətim” şirkətlərinin keçirdiyi imtahanda yüksək bal toplayaraq "Dədə Qorqud özəl türk lisey”ində təhsilini davam etdirib. Orta təhsil müddətində "Azərbaycan dili” fənni üzrə rayon olimpiadasında, 7, 8 və 9-cu siniflər üzrə "Azərbaycan tarixi” fənnindən keçirilən yarışmalarda, 6 fərqli elmi və intelektual bilik yarışmalarında birinci yeri qazanıb. O, 10 fərqli tərifnamə ilə cəmi 48 tərifnamə və diploma layiq görülüb. Eyni zamanda, "Riyaziyyat” fənnindən gənclər arasında Azərbaycan yığma komandasının üzvü seçilib. 2006-cı ildə liseyi müvəffəqiyyətlə bitirib, elə həmin il də yüksək bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsinin bakalavr pilləsinə daxil olub. 2010-cu ildə bu ali təhsil müəssisəsini bitirib "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə Türkiyə Respublikasının Dokuz Eylul Univesitetinin "Kompüter mühəndisliyi” fakültəsinin magistratura pilləsinə (təhsil ingilis dilində) daxil olub. 2013-cu ildə "Developing A Tool For Analysis Of Software And Evaluation Of Software Developer” adlı elmi işini müdafiə edərək 4 ballıq qiymətləndirmə sistemində maksimum 4 bal toplayaraq "Yüksək Müvəffəqiyyət Dərəcəsi” ilə Türkiyə birincisi olaraq təhsilini başa vurub. 2014-cü ildən o, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun dissertantıdır. O, 2015-ci ildə təhsil sahəsində "Gənclər Mükafatına” layiq görülüb. Elnur Səfərli hazırda Bakı Ali Neft Məktəbinin "Elektron tədris” şöbəsinin metodistidir. Azərbaycan dövlətinin gənclərimizə xaricdə təhsil almasına dəstək göstərməsində əsas məqsəd odur ki, onlar sonradan gəlib öz biliklərini ölkəmizdə tətbiq etsinlər. Artıq ölkəmiz bu kimi gənclərin faydasını görməkdədir. Müsahibimiz Elnur Səfərli ilə söhbətimizdə o, bizi buna tam əmin edir.

- İxtisasınıza olan marağınız və bu ixtisas üzrə xaricdə təhsil almaq fikri necə yarandı?

- Bu sahəyə marağım kiçik yaşlarımdan başlayıb. Liseydə oxuduğum zaman "İnformatika” dərsində Pentium 3 kompyuterlərində ilkin proqramlardan istifadə edirdim. Sonra riyazi biliklərimi informatika sahəsində tətbiq edərək proqramlaşdırma dillərindən istifadəyə başladım. İlk dəfə riyazi düsturları "pascal” proqramlaşdırma dilində yazmağa başlayanda özümü peşəkar mütəxəssis kimi hiss edirdim. Zaman keçdikcə bu sahə mənə daha maraqlı gəlməyə başladı və bu sahədə peşəkar mütəxəssis olmağa qərar verdim. Valideynlərim isə, həmişə məni həkim kimi görmək istəyirdilər. Zaman keçdikcə peşəkar mütəxəssis olmaq üçün burda aldığım təhsilin az olduğunu düşünməyə başladım. Dövlətimizin gənclərin xaricdə təhsil alması üçün şərait yaratdığını nəzərə alaraq təhsilimi xaricdə davam etdirməyə qərar verdim.

- Sizin fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı təhsldən hansı üstün və mənfi cəhətləri və ya fərqləri var?

- Ümumiyyətlə, xaricdə tanınmış universitetlərin fəaliyyət dövrünün Azərbaycan Respublikasının müstəqillik dövründən ən az bir neçə dəfə çox olduğunu görə bilərik. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizdə stabilliyi yaratmaqla bərabər, ən önəmli sahə olan təhsilə xüsusi diqqət ayırdı. Azərbaycanda fəaliyyət göstərmiş alimlərin gənc kadrlarla əvəz edilməsi mərhələsi isə İlham Əliyevin sərəncamı ilə xaricdə təhsil proqramı nəticəsində yeni dönəmə qədəm qoydu. Xaricdə müasir laboratoriyaların olması, xarici şirkətlərdə təcrübələrin məcburi surətdə olması, tələbələrin həvəsləndirici mükafatlar vasitəsilə elmi-texniki konfranslara cəlb olunması, peşəkar və xarici professor-müəllim heyətinin mövcudluğu, kitabxana zənginliyi və s. xaricdə təhsilin müsbət keyfiyyətlərindəndir. Xaricdəki təhsil insanı elə bir ali mühitə salır ki, tələbə istər-istəməz elmi yeniliklərlə maraqlanır və elmi məqalələr çap etdirir. Elmə olan həvəsim və Türkiyədə apardığım "Evaluation of Programmer`s Effectiveness” (Proqramçıların səmərəliyinin ölçülməsi) adlı elmi araşdırmam 2014-cü il iyul ayında Almaniyanın "Lab-publishing Group” elmi nəşriyyat şirkəti tərəfindən çap olunub və 40 ölkədə müxtəlif elektron kitab satış mərkəzlərində satışa çıxarılıb. Lakin məncə, universitet ali savad verməklə yanaşı, hər bir gəncdə Vətənə, dövlətə münasibəti öyrətməli, gənclərdə vətənpərvərlik, dövlətçilik hisslərini yüksəltməlidir. Bu növ tədris Azərbaycan təhsilində digər xarici ölkələrin təhsili ilə müqayisədə daha çox inkişaf edib.

Digər Xəbərlər