adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Fevral 2016 13:34
7948
MƏMLƏKƏT
A- A+

Çin Yeni il bayramının başlanğıcı - Fotolar

8 fevral 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə ənənəvi ay təqviminə görə Çin Yeni il - "Çunsziye" bayramına həsr olunmuş tədbir keçirilib.

Adalet.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov bayramın tarixi və Çin xalqının Yeni il bayramını qeyd etmə ənənələri haqqında danışdı. O, Çinin Xuçjou Universiteti ilə əməkdaşlıq edən Dillər Universitetində 2016-cı il ərzində Konfutsi İnstitutunun açılacağını bildirdi və bu institutun yaradılmasının Azərbaycan və Çin xalqları arasında mühüm humanitar körpü rolu oynayacağına əmin olduğunu bildirdi.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri rəngarəng bədii proqram ilə çıxış etdilər. Onlar "12 Zodiac", "Mənim ürəyim kimi ay”, "Böyük Çin", "Sən mənim mahnımdasan" adlı Çin mahnılarını ifa etdilər. Eyni zamanda "Xoşbəxt günlər”, "Kiçik alma”, "Çan ı” və "Aslan rəqsi” rəqsləri də nümayiş olundu.

Qeyd edək ki, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, rektorun müşaviri, doktor Vazeh Əsgərov, Magistratura və doktorantura fakültəsinin dekanı Zarina Aslanova və Azərbaycanda təhsil alan çinli tələbələr iştirak edirdi.