adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Fevral 2016 10:32
6949
MƏDƏNİYYƏT
A- A+

NİGAR RƏFİBƏYLİ

Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sən gedəndən bəri gülməyib üzüm,
Gəl uzun kiprikli körpəcə quzum,
Anarım, Anarım, gözəl Anarım!

Sən ceyran gözlüsən, çatmaqaşlısan,
Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,
Bəlkə məndən ayrı gözü yaşlısan,
Olmuş bu ayrılıq əngəl, Anarım!

Dağların sinəsi lalə, bənövşə,
Yaylaqlar qonağı ol sən həmişə,
Qoyma bu daqlara bir xəzan düşə,
Tökülə yollara xəzəl, Anarım!


DURNA

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.


DÜŞÜNCƏLƏR

Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
əyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib keçdi sevinclərim
bir qanadsız rüzgar kimi.
İndi ağır düşüncələr içindəyəm,
Bilmirəm
kiməm
nəyəm?
Ey mənim gəncliyimi xatırladan, təzə qız,
bu sözləri səninçün
yazır titrəyir əlim,
Yazır ki, sən heç zaman,
ey ağıllı gözəlim,
Olmayasan mənimtək
dünyada yapyalqız.
Saçına dən düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə həzin axşamlar
ağır-ağır fikirlər
bəhrinə dalmayasan.


BAHAR NƏĞMƏSİ

Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.


AYRILIQ

Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...

Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi qəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.

Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!


QƏZƏL

Könlün yenə min dərdinə bir çarə tapılmaz,
Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.

Axşam qızaran göylərə endikdə qaranlıq,
Könlüm evini yandıran odlarə tapılmaz.

Bir incə gülün, bir çiçəyin aşigiyəm mən,
Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.

Çıxdım gecələr seyrinə ahəstə o mahin,
Gördüm ürəyimtək alışan narə tapılmaz.

Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

Min tən eyləyib eşqinə öldürdü Nigarı,
Bilmirəm necə oldu, o gözü qarə, tapılmaz.

NEYLƏYİM

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Gərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?

Əsən ruzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin çırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?

DAĞLAR

Mən sizi bir daha görə bilməsəm,
Xatirəmi əziz saxlayın, dağlar,
Döşünüzdən lalə dərə bilməsəm,
Siz məni aranda yoxlayın, dağlar...
Uca başınızdan külək göndərin,
Məxmər döşünüzdən çiçək göndərin,
Buluddan bir bəyaz örpək göndərin,
Matəm yaylığını bağlayın, dağlar...
Mən ki, çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.


YAXŞI YOL

Yerdən gurultuyla qopub qalxan
Təyyarələrin dalınca
Baxa-baxa qaldım.
Uzaq dənizlərdə
Böyük gəmilərlə səni yola saldım.
Stansiyalardan ayrılıb gedən
Qatarların arxasınca
Kövrəlib ağladım.
Həmişə sabaha, vüsala
Ümid bağladım.
Havalar geniş,
Dəryalar dərin,
Nələr görür sənin işıqlı gözlərin...
Sən gəzməyi sevirsən,
Otu, çiçəyi sevirsən.
Şimşəkli, ildırımlı
Tufanları sevirsən;
Namuslu, mərd,
Alnıaçıq
İnsanları sevirsən;
Cənubda yaz yağışını sevirsən,
Şimalın garlı qışını sevirsən.
Küləyi, tufanları sevirsən;
Yaşıl budaqlı, ağ çiçəkli
Baharı sevirsən.
Yaxşı yol sənə,
Uğurlar olsun,
Hara gedirsən get,
Mənim dərya səbrimi qurtarma.
Hara gedirsən get,
Mənim Vətənə bağlı ürəyimi
Getdiyin uzaq yollara
Aparma, əzizim, aparma...