adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Fevral 2016 10:29
10300
ƏDƏBİYYAT
A- A+

Damət Salmanoğlunun söz dünyası

("Ömrümün Bilgəh fəsli" kitabı haqqında düşüncələr )

Böyük Yaradanın ilahi qüdrətinə şəhadət verən möcüzələrdən ən mükəmməli sözdür. Söz, həm də dünyanın əşrəfi sayılan insanın əşrəfidir. Ulu Tanrı sözü belə şərafətləndirmişdir. Bu fikrin fəlsəfi mətləbini açmaga ehtiyac yoxdur, çünki müqəddəs "Qurani-Kərim" bütün mətləblərə ən kamil cavabdır.
Söz, həm də güzgüdür. Fikirlərin, duyguların, düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, həmçinin mayasında Allah işığı olan bütün sevgiləri, gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs sözün dolu çeşməsindən içənlər o insanlardır ki, onların alın yazısından ulu Yaradanın ilahi təbəssümü boylanır.
Ulu sözə könül bağlayan qələm adamlarından biri də şair Damət Salmanoğludur. Yurdumuzun əsrarəngiz guşələrindən olan qədim Masallı torpağında dünyaya göz açıb. Öz məzmunu ilə seçilən maraqlı və mənalı bir həyat yolu keçib. Onun şeirlərinin əsas mövzusu uca peygəmbərimizin (s.s.) "Vətəni sevmək imandandır" kəlamından su içib. Damətin şeirlərində yurd, vətən, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, el-oba sevgisinin, övlad, valideyn məhəbbətinin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Həmçinin onun şeirlərində uca Allaha, islam dininə və müqəddəslərə dərin sevginin tərənnümü ilə yanaşı, həyatda xeyirxahlıq, həssaslıq və qaygıkeşlik ruhunun təbligi, sadə insanların arzu, istək və amallarının gerçəkləşməsi konstektində bu amillərin rolunun böyüklüyü də səciyyəvi xarakter daşıyır.
Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Damət Salmanoğlunun qələm təcrübələrinin tarixi xronikası onun püxtələşməyə can atmasından, getdikcə buna nail olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla yanaşı, şair ovqatının "sarı sim" də gəzişməsi də vacib şərtlər sırasındadır. Bu mənada da Damət öz yaradıcılıq yolunda bu önəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyəcanlandıran mövzular, hadisələr qəlbinin poetik işığında təqdim edir.
Damət Salmanoğlu vətən sevdalı şairdir. Dogma Azərbaycanımızın gözəlliklərini, sərvətini, əzəmətini vəsf etməkdən yorulmur. "Azərbaycanım" şeiri də bu baxımdan səciyyəvidir.

Baxıram dənizə deyirəm, Allah,
Bəndənə nə gözəl nemət vermisən.
Qeyb olub qəlbimdən qüssə, kədər, ah,
Sən öz dərgahından sərvət vermisən...

Hər yerdə büsat var, şadlıq, toy, düyün,
Dillərdə əzbərdir Azərbaycanım.
Üçrəngli bayrağım nur saçır hər gün,
Uğrunda qurbandır mənim bu canım.

Poeziya aləmində elə şairlər var ki, onların bədii qüdrəti, istedadının gücü mürəkkəb poetik obrazlar silsiləsində deyildir. Onların poetik ruhunun mayası folklor zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi aləmini aydın, rəvan və öznəməxsus səmimiyyətlə əks etməsindədir. Bu aspektdə özünü doğruldan, yaradıcılığının təbii, səmimi və ahəngdar ovqatı ilə oxucu marağı qazanan vətənpərvər və səmimi şairdir Damət Salmanoğlu.
Ana yurdu, ata ocagı Masallının gözəllikləri Damətin şair qəlbində özünəməxsus səmimiyyət və həzin bir ahənglə, poetik avazla tərənnüm olunur. Yurdunun bir rəssam sövq-təbiiliyi ilə tablosunu yaradan şair, həm də forma əvanlığı ilə oxucunu heyran edir. Haqqında danışdığım ""Cənnətdir məkanım, cənnət Masallı" şeirinə şair klassik qoşma formasına bür müxəmməs (yəni beşlik) havası da qatmışdır. Bu forma əlvanlığı şeirin gözəl məzmununa və ahənginə məxsusi təravət və nəğmə ruhu aşılamışdır.

Dağların ətəyi yamyaşıl meşə,
Zirvədən dərəyə gəl et tamaşa.
Bulaqlaq, çeşmələr axır Viləşə,
Sanki gülüstandır ayaqdan-başa,
Cənnətdir məkanın, cənnət Masallı!

Necə də gözəldir Palıd meşəsi,
Yarpaqlar oxuyur həyat nəğməsi.
Rəngdən rəngə çalır tər bənövşəsi,
Bürüyüb hər yanı bülbülün səsi,
Cənnətdir məkanım, cənnət Masallı!

Damət Salmanoğlunun şeirləri gerçəkliklə, reallıqla yanaşı, həm də ilahi məqamlarla, mənəvi dəyərlərlə bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi, insanın daxili aləminə, ürəyinə nüfuz edən insan işığı duyulur. Şeirlərdə həqiqət duyğusu, haqq-ədalət yanğısı, heyranlıq hissi bədii düşüncənin başlıca məzmununa çevrilir. "Həyat bir imtahan imiş" şeirində şairin "həyat", "ölüm" nəşnələri haqqında bədii-fəlsəfi düşüncələrinin poetik inikasını görürük.

Tamam olan gün də gələr,
Arzular quzu tək mələr.
Veriblərmi sənə xəbər? -
Həyat bir imtahan imiş.

Ay Damət, gələn köçəcək,
Əcəl şərabın içəcək.
Sirat körpüsün keçəcək,
Həyat bir imtahan imiş.

Damətin şeirlərində elə bir xüsusiyyət vardır ki, onu digər qələm sahiblərindən fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdi və bu məxsusi sadəlik onun yaradıcılığının mühüm aspektidir. Şairin poetik təfəkkürü bədii-ictimai mənanı aydın, səmimi və sadə formada ifadə etdiyinə görə onun şeirlərindəki forma sadəliyi, yəni ənənəvi xalq ruhuna bağlılıq bədii nümunələrin poetik təsirini qüvvətəndirir.
Şairin şeirlərində iman ətri, halallıq qoxusu duyulur. Onun qəlbindəki Tanrı sevgisi dərin bir fəlsəfi özünüdərk hadisəsidir.
"İlahinin həqiqəti" şeirində oxucu şairin müdrik həyat fəlsəfəsinə malik olduğuna şahid olur. Poetik sözün aynasında şairin bədii-fəlsəfi dünyası heyranlıq doğurur və düşündürür.

Körpələr dil açır "inqa" səsiylə,
Görəsən nədir bu sözün hikməti?!
Mələklər yazırlar öz əlləriylə,
Hər körpə alnına tale, qisməti.

Bu misraların poetik məzmununda böyük islam fəlsəfəsinin bədii-fəlsəfi mahiyyəti ehtiva olunur. Bu şeirin bədii ümumiləşdirməsi qəlbi iman dolu bir şairin müdrik düşüncələrinin sevgi ətirli inamıdır.

Allaha, Anaya, Vətənə sevgi,
İnsanın insanlıq ləyaqətidi.
Qoruyun, yaşadın bu ülvi eşqi,
Bu eşq ilahinin həqiqətidi...

Damət Salmanoğlunun şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq, pak sevgi, məhəbbət, yurdsevərlik, təbiət mövzusu geniş yer tutur və onun bədii-estetik məfkurəsinin formalaşmasında əhəmiyyətli önəm kəsb edir. Bu şeirlərin səciyyəvi cəhətlərindn biri də onların müasirliyidir, yəni şair müasir həyatın təzadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda insanları əzab məngənəsində sıxan anları bədii məzmunda ehtiva edərək, onu yeni məna çalarları ilə zənginləşdirməyə çalışır.
İnanıram ki, səmimi təvazökar, iddiasız qələm və işıqlı ürək sahibi olan şair Damət Salmanoğlunun ədəbi uğurları onun ünvanına çevriləcək.