adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Doğuş

3978 | 2016-02-06 10:20
Səhər yuxudan kal duran cavan qadın birdən-birə özünü narahat hiss elədi, vanna otağına girib üz-gözünə su vurdu, sonra gəlib oturdu çarpayıda, istədi yenə yıxılıb yatsın, fikrindən daşındı.
-Əli, ay Əli! - deyə ərini durquzdu.
-Nə var? - Əli dərhal gözlərini açdı. - Nə istəyirsən?
-Alça istəyirəm...
-Alça? - əri dirsəkləndi. - İlin-günün bu vaxtı? Səhər-səhər ac qarına alça olar?
-Könlüm istəyir, neynim... - arvadı halsız-halsız dilləndi. Sonra necə oldusa, ona isti tər gəldi, ayağa duranda başı gicəlləndi, yenə çarpayıya oturdu. Əməlli-başlı istiləndi, başladı baş yaylığıyla üz-gözünü silməyə.
-Özünü necə hiss edirsən?- əri soruşdu.
-Nəsə, yaxşı deyiləm...
-İndi gedərəm bazara, görüm alça tapa bilərəm? - oğlan durub əynini geyindi. Əl-üzünü yuyanda arvadı qəflətən inildədi. Əli yataq otağına cumdu, gördü ki, arvadı qarnını tutub ufuldayır.
-Ufffff.... sancılar... Tez elə... deyəsən... gəlir... gedək xəstəxanaya...
Evdən o qədər tələsik çıxdılar ki, isti paltar götürməyi belə unutdular; Əli bircə köynəkdəydi, arvadı isə ətəkləri uzun və enli, güllü ipək don geyinmişdi, yaxşı ki, qırmızı yun şalı çiyninə salmışdı. Hava soyuq idi, srağagünkü qar ərisə də, hələ orda-burda qamaşan ağartılar qalmışdı, günəş şüalarından xumarlanan yaş torpaqdan isə buğ qalxırdı. Fevralın on doqquzuncu səhəriydi.
Əli yüklü arvadını ehtiyatla arxa oturacaqda oturtdu, sonra sükan arxasına keçdi. Maşın yavaş-yavaş tərpəndi. Yolda arvadı yenə bir-iki dəfə inildədi, sonra ərinin üşüdüyünü görüb yun şalı çiynindən çəkdi və:
-Götür, at çiyninə, sənə soyuq olar, - deyə oğlana uzatdı. Onsuz da mənə lazım olmayacaq...
Oğlan heç nə demədi. Doğum evinə az qalmış soruşdu:
-Bəs həkim deyirdi yazda olacaq? Hələ heç qış qurtarmayıb...
-Nə bilim e?! - qadın yenə ufuldadı. - Hərə bir söz deyir... Həkimlərin sözünə inanmaq olur ki?!
Arvadı ağrıdan içini çəkirdi. Oğlanın əlləri titrəyir, bütün bədəni əsirdi. Görünür, həyəcandan, ya da soyuq havadandı.
Maşın doğum evinin qabağında dayandı. Əli maşından düşüb arvadının qoluna girdi, ehtiyatla qəbul otağına apardı. Boylu qadını dərhal təkərli çarpayıya uzadıb liftlə doğuş şöbəsinə qaldırdılar. Oğlan üşüsə də, əlindəki yun şalı arvadının üstünə örtdü. Qadın minnətdar baxışlarını cavan ərinə tuşladı, nəvazişlə dedi:
-Mənə istidir... Lazım deyil. Saxla özündə...
Oğlan itaət elədi.
Qadını doğuş şöbəsinə aparandan sonra Əli uzun dəhlizdə var-gəl eləməyə başladı. Anasına zəng vurdu, sonra da qaynanasıyla danışdı. Xəbər hər iki ana üçün gözlənilməz oldu; axı onlar da bilirdilər ki, belə tezlikdə, özü də qarlı fevral ayında doğuş baş verə bilməz. Hərəsi şəhərin bir ucunda yaşayırdı, buna görə də doğum evinə gəlib çatmaq üçün ən azı yarım saat vaxt lazım olacaqdı. Oğlan yun şala bürünüb divara söykənən meşin kresloda yerini rahatladı və doğuşu gözləməyə başladı.
Düz yarım saatdan sonra tibb bacısı şap-şaplarını daş döşəməyə sürütdəyə-sürütdəyə yumşaq kresloda mürgü vuran oğlana yanaşdı:
-Azad oldu!- deyə gülümsədi. -Gözünüz aydın!
Əli dik atıldı, yun şalı üstündən çəkib mürgülü gözlərini ağ xalatlı qadına tuşladı, qeyri-ixtiyari soruşdu:
-Necədi?
-Necə olacaq, əla! O, sizi qız atası elədi!
-Qızdı?- Bu dəfə qadına ata gözləriylə baxdı, amma tibb bacısı deyəsən bunu təəccüb kimi qarşıladı.
-Əlbəttə! Qızın nəyi pisdi ki? Ağappağ, pambıq kimi...
-Yox, mən pis demədim... Biz elə qız istəyirdik...
-Hımmmmm... Ad fikirləşmisiz?
-Hə, Humaydı...
-Humay?.. Hə də, indikilər ya Humay qoyur, ya da Selcan... Ya da Aytən... Dünyada daha yaxşı adlar var...
-Humay xoşbəxtlik deməkdi... Xoşbəxtlik gətirən... - Ata heç özü də istəmədən tibb bacısıyla söhbətə girişdi. Əslində onun ayrı çıxış yolu da yox idi, sevinirdi; cavan arvadı doğmuşdu, üstəlik onu ata eləmişdi, ata! Hələ yanına heç kimi buraxmırdılar. Neyləyəcəkdi ki? Qayınanasıyla anası gəlib çıxmamışdılar. Onun üçün bu anlarda bəlkə elə ən yaxşı məşğuliyyət tibb bacısıyla mırt vurmaq idi.
-İlk dəfədi eşidirəm, - tibb bacısı dilləndi. -Adıyla böyüsün!
-Sağ olun...
Tibb bacısı uzaqlaşdı. Əli daha oturmadı, balkona çıxdı. Həyətə boylandı. Həndəvərdə göyərən otların arasında boyu çox da hündür olmayan və hələ yarpaqlamamış körpə ağacların üstündə ağ və açıq çəhrayı çiçəklər açılmışdı, saplaqları çox qısaydı. Atanın ürəyi fərəhdən döyündü; o, indi üşümürdü, bu ağaclara baxa-baxa düşünürdü. Düşünürdü ki, təbiətin sirrini Allahdan başqa heç kim bilmir - donu da, ovqatı da Onun əlindədir, istədiyi an hər şeyi, hətta o ağaran çiçəkli ağacları da dəyişər, meyvəli edə bilər. Bu yaz da erkən gəlib, yəqin, elə o ağaclar da alçadı... hə, hə, yüz faiz alça ağaclarıdı... bir azdan qaranquşlar da görünəcək...

2015

TƏQVİM / ARXİV