BİR QAZAN DOLMANI YEDİ...

FAİQ QİSMƏTOĞLU
72363 | 2016-02-06 11:27
... İçəri keçəndə hamıya salam verdi. Sonra da stolun arxasında əyləşdi. Çoxları da onu tanıdı ki, bu elə əvvəlki Sərxoşdu. Sərxoş da elə-belə adam deyildi. Çəkisi nə az, nə çox, 150 kiloqrama çatardı. Hamı da onu kənddə yeyib-içən, şən və zarafatcıl adam kimi tanıyırdı. O boyda, o yekəlikdə adamın ağzından bir dəfə də pis söz çıxmazdı. Kənddə nə vaxt toy oldu, şənlik elədilər, hamının gözü birinci Sərxoşu axtarardı. Başqalarından fərqli olaraq o, toya gələndə nə oynamaq istəyər, nə də mahnı üstündə dava edərdi.
... Ağayana bir formada gəlib oturardı həmişə əyləşdiyi yerdə. Diqqətlə ətrafına baxardı və görərdi ki, onu istəyən adamlar onun başına yığışıb. O da biri ilə zarafatlaşar, o biri ilə dilxoşluq edər, başqa birisinin də hal-əhvalını soruşardı. Elə ki toyda yemək verilməyə başladı, bax, onda onun ətrafında oturan cavanların çiçəyi çırtlayardı. Çünki Sərxoş elə şirin, elə ləzzətli yemək yeyərdi ki, dostları oturub ona tamaşa eləməkdən doymazdılar. Və bəziləri də deyərdilər ki, ay rəhmətliyin oğlu, bizim boğazımızdan bir tikə çörək keçmir, amma sən elə iştahla yeyirsən ki, biz də sənə baxıb həvəsə düşürük.
Kəndin aşpazı İrəvan kişi o qədər dadlı, ləzzətli yemək bişirərdi ki, onun dadından doymaq olmazdı. Özü də İrəvan kişinin bişirdiyi dolmalar başqa cür ləzzətli idi. Və bu dolmaların ləzzətini hamıdan çox Sərxoş hiss edirdi. Əlini yeməyə aparmamışdan soruşurdu ki, kəndin "povoru" kimdir? İrəvan bişiribsə, onu yeməyə dəyər.
Toy olanda çox qəribə anlar yaşanırdı. Adətən kəndin özünün yazılmamış qanunları vardı. Yeməyi başqa çadırda yeyər, toyxanaya isə başqa çadırda baxardılar. Bu dəfə Sərxoşun bəxti gətirmişdi. Çünki yeməyi bişirən onun çox arzuladığı İrəvan kişi idi. Qablara beş-altı dolma qoyulurdu. Bu dolma da elə-belə dolma deyildi, kələm dolması idi. Hər biri də evdə bişirilən dolmadan iki-üç dəfə böyük idi. Elə Sərxoşa da ləzzət eləyən toyda bişirilən dolmaların yekəliyi idi. Üstəlik də bu dolmalar ocaqda bişirilir və dadlı olurdu. Bunun da dadından heç vaxt doymaq olmurdu.
Sərxoşun qabı isə tam fərqlənirdi. Ona heç qab da demək olmazdı, qazana oxşar bir şey idi. Hamıya boşqabda dolma gətirdilər, Sərxoşa isə o yekə qazanda. Yekə qazanda da nə az, nə çox, 20-30 dolma vardı. O dolmaları da Sərxoş bir-bir gözünə təpirdi. Sanki aclıqdan çıxmışdı. Kənddə araq içmək isə qadağan idi. Ancaq Sərxoşu çox istəyən dostları ona "balet" elədikləri üçün hərəsi bir-iki arağı gizli gətirib stolun altına qoyardı. Sərxoş da 30-40 dolma ilə nə az, nə çox 3-4 dənə yarım litrik "Russkaya vodka"nı boşaldardı. Amma özünü elə aparardı ki, içən adama bənzəməzdi. Nə yerişini dəyişərdi, nə də danışığını.
Toyxanada oynamağı da xoşlamazdı. Güc-bəla ilə dostları onu rəqsə çağırar və o da ağır-ağır ayağa qalxaraq qollarını qaldırar, bir-iki dəfə fırlanandan sonra qayıdıb yerində oturardı. Heç dostları da çox istəməzdi ki, Sərxoş oynasın. Onları ancaq maraqlandıran bu idi ki, Sərxoş bir toyda nə qədər kələm dolması yeyəcək və nə qədər də araq içəcək.
Yeyib-içdiyi kimi, yaxşı da işləyirdi. Kolxozda heç kimin bacarmadığı və təmir eləyə bilmədiyi texnikaları o təmir edirdi. Sübh tezdən ayağa qalxar, həyət-bacaya əl gəzdirər və sonra da kolxoz həyətindəki traktor parkına gedərdi. Traktor parkında da bir-iki nasaz texnikaya əl gəzdirir, onu işə salar və sonra da yayın istisindən çəkilib çinar ağacının kölgəsində uzanardı. O vaxt kölgədən çəkilərdi ki, day elə bir iş qalmazdı və o da evə getməli idi.
Kənddə elə bir toy yox idi ki, Sərxoş ora getməsin, çox vaxt nəməri də onun yerinə dostları yazdırardı. Nəmər də heç çox deyildi, uzaqbaşı toya 10 manat atardı. Və camaat da bilərdi ki. Sərxoş onun toyuna gəlib. 20 yaşından 55 yaşına qədər o kəndin toylarında hər dəfə bir qazan kələm dolmasını yedi və üstəlik də yarım litrlik araqları boşaltdı. Yaş artdıqca hiss olunurdu ki, əvvəlki gücü qalmayıb.
Toyların birində isə yenidən dostları onu möhkəm yedirib-içirtdi. Bu dəfə də qırxdan çox kələm dolması yedi və üstəlik də "Russkaya vodka"nı o ki var dümlədi. Yoldaşları gördü ki, Sərxoş pis vəziyyətə düşüb, ayağa qalxa bilmir, başı aşağı sallanan Sərxoşun bir də başı yuxarı qalxmadı. Onda bildilər ki, Sərxoşun yeməkdən ürəyi partlayıb...
Bu səs Rəşidin çayxanasına qədər gedib çatdı. Rəşidin çayxanasından sonra gedib Möhübbətin bərbərxanasına yetişdi. Möhübbətin bərbərxanasından da pinəçi Əzimin budkasına xəbər yetişdi. Kənd bir-birinə dəydi. Heç kim inanmırdı ki, Sərxoşun yeyib-içməkdən ürəyi partlasın. Heç dostları da buna inanmaq istəmirdi, ancaq artıq Sərxoş yox idi və kəndin toylarında onun yeri görünürdü.
Kəndin toylarında iri-iri kələm dolmalarını onun qədər ləzzətlə yeyən ikinci adam yox idi. Artıq aşpaz İrəvan da həvəsdən düşmüşdü. İri-iri dolmaların yerinə xırda kələm dolmaları bükürdü. Düşünürdü ki, kimsə iri-iri dolmaları yeyər və Sərxoş kimi ürəyi partlayar. Aşpaz İrəvan bir müddətdən sonra heç xırda-xırda dolmalar da bişirmədi. Dedi ki, əgər mənim dolmamdan kiminsə ürəyi partlayırsa, heç bişirməsəm ondan yaxşıdı.
Sərxoşun dostları həmişə nigaran içində idilər. Toyda, düyündə gözləri onu axtarardı. Gözləri onu axtarıb tapmayanda dolar və kövrələrdilər. Amma Sərxoşun yerində balaca bir oğlu vardı, o isə nə araq içirdi, nə də kənddə toylarda möhkəm yemək yeyirdi. Sərxoşun oğlu boy-buxunca dədəsinə oxşayırdı. Bircə araq içməyi və yeməyi ona bənzəmirdi və deyirdi ki, dədəmin düşmənini heç vaxt yaxına buraxan deyiləm...

TƏQVİM / ARXİV