adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Fevral 2016 12:51
6111
ƏDƏBİYYAT
A- A+

“Bir səfirin manifesti” İtaliyada təqdim olunub

Azərbaycanın xarici işlər nazirinin müavini, "ADA” Universitetinin rektoru Hafiz Paşayev İtaliyada müəllifi olduğu "Bir səfirin manifesti” kitabının təqdimatında iştirak edib. Kitab "Sandro Teti” nəşriyyat evində italyan dilində çapdan çıxıb.  

Azərbaycanın bu ölkədəki səfirliyinin və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin (SİOİ) birgə təşkilatçılığı ilə keçirilmiş "Azərbaycan diplomatiyasının tarixi və gələcəyi” mövzusundakı konfrans çərçivəsində baş tutan təqdimatda diplomatlar, ictimai xadimlər, siyasi, elmi dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Romada təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən SİOİ-nin prezidenti, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini italiyalı oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından kitabın önəmini vurğulayıb. Ötən ay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və rəhbərlik etdiyi qurumun birgə təşkilatçılığı ilə keçirilmiş tədbiri xatırladan F.Frattini bu cür təşəbbüslərin ölkələrimiz arasında mövcud yüksək səviyyəli əlaqələrin göstəricisi olduğunu vurğulayıb. 

H.Paşayev çıxış edərək "Bir səfirin manifesti”nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan H.Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair mülahizələr toplanıb. O vurğulayıb ki, yaxşı diplomat ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar. Cənubi Qafqaz regionundakı siyasi mənzərəni təhlil edən H.Paşayev Ermənistan-Azərbaycan münaqişəsini bölgədə birliyə və inkişafa mane olan əsas amil kimi dəyərləndirib.

NATO Müdafiə Kolleci Fondunun direktoru, kitabın ön sözünün müəllifi, analitik Alessandro Politi əsərin təkcə siyasi və tarixi nöqteyi-nəzərdən deyil, eyni zamanda, həyati məqamları əks etdirməsi baxımından da böyük maraq kəsb etdiyini bildirib. Vurğulayıb ki, nəşrdə diplomatların yararlana biləcəyi bir çox dəyərli məlumatlar yer alıb. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir.