adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Fevral 2016 12:20
25033
TEXNOLOGİYA
A- A+

Üzümüzü kitab kimi oxudan şəbəkə 12 yaşını qeyd edir

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un bu gün yaranma tarixidir. 2004-cü il fevralın 4-də Mark Zukerberq və onun Harvard Universitetində birgə oxuduğu tələbə yoldaşları Eduard Saverin, Dastin Moskoviç eləcə də Kris Hyuz tərəfindən yaradılıb. İlk əvvəl şəbəkə yalnız tələbələri əlaqələndirmək üçün yaradılıbmış. Sonra ABŞ-ın digər ali təhsil ocaqlarını da əhatə edib. 2006-cı ildə artıq ölkənin 16 yaşdan yuxarı, elektron ünvanı olan hər kəs bundan istifadə edə bilərdi. Dünya üzrə 2008-ci ildən etibarən yayılmağa başlayıb. Hazırda şəbəkənin istifadəçilərinin sayı milyonlarla ölçülür. Sutka ərzində 720 milyon insan bu şəbəkədən aktiv istifadə edir. Hər gün istifadəçilər 4 milyarda yaxın "like” edir, 300 milyondan artıq şəkil paylaşır.     

Şəbəkə qısa müddət ərzində milyonlarla istifadəçini öz ətrafına toplaya bilib. Hətta özündən asılı hala salmağı da bacarıb. Bu gün uşaqdan-böyüyə hər bir kəsin istifadə etdiyi Facebook o dərəcədə vazkeçilməz olub ki, "onsuz bir günümüz olmasın” deyə, əzizlərimizdən, dostlarımızdan, səhhətimizdən, istirahətimizdən üstün tuturuq. Virtual narkomaniya effektli bu şəbəkəyə münasibət birmənalı olmasa da, qafasında fərqli mənaları daşıyanların hamısının bu "Üz kitab”ından yolu keçir. Çoxumuzun işinə də yarayır, şöhrət, pul gətirir. Ən əsası ədəbiyyata xidmətsiz ötüşmür. Günümüzün ədəbi-publisistik yeniliklərini məhz bu şəbəkə vasitəsilə, belə deyək dostlarımızın dostlarının aracılığı ilə oxuya bilirik. Bir sözlə, bu şəbəkə üzümüzü, özümüzü, elə sözümüzü də kitab kimi oxuda bilir.  

Amma təbii ki, şəbəkənin ən böyük xeyri onun yaradanına dəyir. Məhz bu icad sayəsində Mark Zukerberq 23 yaşında dünyanın ən gənc milyarderi olub.