adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2016 16:57
5042
ƏDƏBİYYAT
A- A+

Milli Kitabxanada gənc yazarlarla görüş keçirildi

Fevralın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Gənc yazarlarla görüş” adlı tədbir keçirilib. Tədbir "Gəncliyin səsi” adlı festival çərçivəsində baş tutub.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov festival çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycanın yaradıcı gənclərinin bütün sahələrdə nəzərə çarpan fəaliyyəti dövlətimizin diqqət və qayğısı ilə əhatələnib. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd edib ki, 2 fevral - Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlər təşkil olunur. Təhsil, idman, mədəniyyət və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi ölkə başçısının gəncliyə və gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Hər il bir neçə gənc yazıçıya ölkə başçının fərdi təqaüdünün təqdim olunduğunu qeyd edən R.Məcid bu istiqamətdə işlərin ilbəil daha da sürətləndiyini diqqətə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev bildirib ki, bu günlərdə Bakıda keçirilən "Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Sonra müxtəlif universitetləri təmsil edən gənclər gənc yazıçıların yaradıcılıq nümunələri ilə tanış olublar. Qarşılıqlı sual-cavab əsasında keçən görüş maraq doğurub.